Müğənninin koronavirusun qurbanı olduğu deyilir
Xalq artisti Səməd Səmədovun vəfat etdiyi bildirilir.
Yaxınlarının məlumatına görə, 74 yaşlı sənətçi COVİD-19 infeksiyasına yoluxubmuş. Bundan bir həftə sonra xəbər tutub. Mərhumun ürək-damar sistemində problemi varmış.
Sənətçi Yeni Klinikada müalicə alıb. Klinikanın reanimatoloqu Emil Qasımov “Qafqazinfo”ya
deyib ki
, S.Səmədov ötən gecə klinikaya çox ağır vəziyyətdə gətirilib:
"Xəstə çox ağır vəziyyətdə tənəffüs çatışmazlığı ilə reanimasiya şöbəsinə yerləşdirildi. Ona lazımi dəstək müalicəsi göstərildi. İnfeksiya və iltihabı markerlər çox yüksək idi. Xəstədə kəskin böyrək çatışmazlığı aşkarladıq. Kreatin dəyərləri iki yarım dəfə yüksəlmişdi. Xəstənin sidik çıxışları demək olar ki, yox idi. 15-16 saat xəstəni renimasiyada saxlaya bildik. Bütün səylərə baxmayaraq, xəstəmizdə ürək dayanması baş verdi. Ölüm səbəbi olaraq sepsis və septik şok təsbit etdik".
Səməd Səmədov 1946-cı ildə Türkmənistanın paytaxtı Aşqabadda doğulub. 1948-ci ildə ailəsi ilə birlikdə Bakıya köçüb.
Müğənni 1992-ci ildə “Qızlar” mahnısı (musiqi Eldar Mansurov, sözlər Piruz Dilənçi) ilə populyarlaşıb.
1988-ci ildən toylarda çıxış edən müğənni “Toylar kralı” ləqəbi ilə tanınırdı. Ona bu ləqəbin estrada müğənnisi Mirzə Babayevin verdiyi deyilir.
Səməd Səmədov yaradıcılığı dövründə yüz əlli mahnı oxuyub. Beş albom buraxıb, iyirmi klip çəkdirib.
2011-ci ildə Xalq artisti adına layiq görülüb.