Mənbə: Meydan TV

Səhiyyə Nazirliyi: 3-cü doza vaksinin vurulması ehtiyacı yaranıb

"Azərbaycanda təsdiq olunan bütün vaksinlər istifadə oluna bilər”

Səhiyyə Nazirliyi əhaliyə COVID 19-a qarşı immuniteti artırmaq üçün 3-cü doza (buster) peyvəndin vurulmasını məsləhət görür.

Bu barədə oktyabrın 11-də Səhiyyə Nazirliyinin açıqladığı məlumatda bildirilir:

“Araşdırmalar koronavirusa qarşı istifadə olunan peyvəndlərin effektinin müəyyən müddətdən sonra azaldığını sübuta yetirib. Odur ki, xəstəliyə qarşı immuniteti artırmaq üçün 3-cü (buster) dozanın vurulması ehtiyacı yaranır”.

Nazirlik əlavə edir ki, Azərbaycan Respublikasında “COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam edir. Lakin koronavirusun daha yoluxucu "Delta" ştammının gündəmdə olması virusla daha ciddi mübarizə aparılmasını zəruri edir: “Bundan əlavə, mövsümlə əlaqədar havanın dəyişməsi də epidemiyanın daha geniş yayılması riskini artırır. Odur ki, bir sıra ölkələrdə, məsələn, Türkiyə, Çin, Avstriya, Belçika, Finlandiya, Macarıstan, Rusiya, İspaniyada, İsveçrədə artıq 3-cü gücləndirici doza vaksinasiyaya start verilib”.

Nazirlik son elmi tədqiqatların nəticələrini və COVID-19 virusunun mutasiya uğramasını nəzərə alaraq, hər 2 doza vaksin almış risk qrupuna daxil olan vətəndaşları, xroniki xəstəliyi olanları, bütün tibb işçilərini və yaşı 50-dan yuxarı olan əhalini 3-cü doza (“buster” doza) ilə peyvəndlənməyə çağırır: “Üçüncü doza üçün Azərbaycanda təsdiq olunan bütün vaksinlər istifadə oluna bilər”.

Avropa Tibb Agentliyi (EMA) də oktyabrın 4-də yaydığı açıqlamasında bildirib ki, yaşı 18-dən yuxarı olanlara ikinci dozadan azı 6 sonra buster dozaların vurulması nəzərdən keçirilə bilər.

EMA immun sistemi kəskin zəif olanlar üçün ikinci dozadan azı 28 gün sonra BioNTech/Pfizer və Moderna vaksinlərinin buster dozalarını vurmağı tövsiyə edib.

BMT-nin baş katibi Antonio Quterres isə oktyabrın 9-da Dünya Səhiyyə Təşkilatının (DST) mətbuat konfransında deyib ki, çox tezliklə vaksinlərə müqavimətli koronavirus variantları yarana bilər: “Britaniya və başqa inkişaf etmiş ölkələr vaksin tədarükünü Afrika kimi yerlərdə cəmləşdirməməklə “axmaqlıq” edirlər. Bu, koronavirusun yeni növlərinin yaranmasına səbəb olmaqla pandemiyaya qarşı indiyədək görülmüş qlobal tədbirlərin nəticəsini heçə endirə bilər”.

DST-nin COVID 19-a Qarşı Qlobal Vaksinləməyə Nail Olunması Srtrategiyası adlanan planı 2021-ci ilin sonunadək hər bir ölkədə əhalinin minimum 40 faizinin, 2022-ci ilin ortalarınadək isə 70 faizinin peyvəndləməsini hədəf edir.

Bu strategiyanın həyata keçirilməsi üçün azı 11 milyard doza vaksinə ehtiyac var.

Ekspertlər bildirirlər ki, bu, vaksinlərin hazırkı qlobal təchizat templəri – yəni aya 1.5 milyard dozanın istehsalı ilə tamamilə realist hədəfdir.

Planda habelə bütün yaşlıların və bütün tibb işçilərinin ilk növbədə peyvənd olunması nəzərdə tutulub.

“Biz virusun da yayılmasına meşə yanğınlarının yayılmasına imkan verdiyimiz kimi imkan versək, yeni variantların yaranacağını bilirik. Belə olarsa, günlərin bir günündə, daha doğrusu günlərin tez bir günündə vaksinlərə müqavimət göstərə bilən variantlar yarana bilər. Belə olduqda inkişaf etmiş ölkələrin vaksinasiya sahəsində göstərdiyi bütün səylər iflasa uğrayar və insanlar müdafiəsiz qalar”, - Quterres deyib.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4,8 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/28znk5

Ən çox baxılan