Dekabrın 21-də aktrisanın vəfatının bir ili tamam olacaq
Dövlət Film Fondunda Xalq artisti, teatr və kino aktrisası Səfurə İbrahimovanın xatirəsinə həsr olunmuş fotosərgi təşkil edilib.
Sərgidə sənətkarın həyat və yaradıcılığını əks etdirən nadir fotolar nümayiş olunur.
Safurə İbrahimova 1938-ci il dekabrın 27-də Bakıda doğulub. 1960-cı ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Birinci kursda oxuyarkən Akademik Milli Dram Teatrının repertuarında olan İslam Səfərlinin “Ana ürəyi” dramının tamaşasında Xatirə roluna dəvət edilib. Bundan sonra daha bir neçə rol oynayan tələbə-aktrisa 1961-ci il noyabrında Akademik teatrın truppasına daxil olub və 2005-ci ilə qədər bu teatrda işləyib.
1967-ci ildə Novruz bayramı keçirilərkən ilk bahar qızı Səfurə İbrahimova olub. O, “Arşın mal alan”, “Dərviş Parisi partladır”, “Bizim Cəbiş müəllim”, “Qayınana”, “Tütək səsi”, “İstintaq davam edir” kimi milli filmlərdə rol alıb.
Səfurə İbrahimova 1984-cü ildə Azərbaycan SSR dövlət mükafatı laureatını, 2002-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adını alıb.
Dekabrın 21-də Səfurə İbrahimovanın vəfatının bir ili tamam olur.
Qardaşı qızı Könül İbrahimovanın məlumatına görə, səhhətində problemləri olan aktrisa qanaxmadan keçinib.