Səfir: “Kiyevin girişində intensiv döyüşlər gedir”

Foto: Meydan TV

“Kiyevin bombardman edilməsi özünün sinizmi və şərəfsizliyinə görə sizin yaxşı bildiyiniz hücumlara çox bənzəyir”

“İşğalçı ordu Çernobıl AES zonasına daxil olaraq, stansiyanı ələ keçirib. Bu gün nüvə analoqları anbarı təhlükə altındadır”.

Bu sözləri fevralın 25-də mətbuat konfransı keçirən Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski deyib.

Onun sözlərinə görə, dünən Zmeinı adasında şəxsi heyət Rusiya Hərbi-dəniz donanmasının iki gəmisi, o cümlədən Qara Dəniz Donanmasının flaqmanı “Moskva” kreyseri tərəfindən hücuma məruz qalıb:

“Sərhədçilər təslim olmaq istəmədilər və qəhrəmancasına müqavimət göstərdilər. 12 sərhədçinin hamısı Rusiya gəmilərindən açılan raket atəşləri nəticəsində həlak oldu”.

Səfir deyib ki, Kiyevin girişində intensiv döyüşlər gedir. Gecə Kiyevə atılan raket zərbələri nəticəsində iki raket məhv edilib, bir çoxmərtəbəli evdə yanğın başlayıb. İlkin məlumatlara görə, 8 yaralı var, 150 nəfər təxliyə edilib.

“Qeyd etmək istəyirəm ki, sonuncu dəfə Kiyevi 1941-ci ildə bombardman ediblər… Nasist reyxi. Kiyevin bombardman edilməsi özünün sinizmi və şərəfsizliyinə görə sizin yaxşı bildiyiniz hücumlara çox bənzəyir, Gəncədə, mingəçevirdə”, – Vladislav Kanevski deyib, – “Mən barıt qoxusunu çox yaxşı xatırlayıram, çünki bombardmandan bir gün sonra Gəncədə olmuşam. Dağıntılar olan yerdə idim və bu əlimdə, ovcumun içində balaca ayaqqabı tutmuşdum, bu, uşaqdan qalan yeganə şey idi”.

“Bizdə də bu gün barıt qoxusu və analoji hadisələr Ukraynanın hər yerində var”, – deyən səfir Çuquyev şəhərində dinc sakinlərin necə atəşə tutulduğunu göstərən kadrları nümayiş etdirib.

Ana səhifəSiyasətSəfir: “Kiyevin girişində intensiv döyüşlər gedir”