Əli Vəliyev: “Şəfiqə Məmmədova şəhid ailələrinə yığılan pulu mənimsəyib”
Azərbaycan Respublikası Kinemaroqrafçılar İttifaqı (ARKİ) ətrafında qalmaqal böyüyür.
Yeddi il ərzində ARKİ-nin mətbuat xidməti vəzifəsində çalışan Əli Vəliyev yanvarın 24-də “Facebook” səhifəsində status yazaraq vəzifəsindən getdiyini qeyd edib.
O, bunu Şəfiqə Məmmədovanın saxta seçki keçirərək özünü sədr elan etməsinə etiraz olaraq etdiyini bildirib.
İttifaqın keçmiş əməkdaşı yazdığı növbəti statusunda iddia edib ki, Şəfiqə Məmmədova şəhid ailələrinə yığlan pulu mənimsəyib.
Məsələ ilə əlaqədar ARKİ tərəfindən rəsmi açıqlama yayılıb, deyilənlər təkzib edib.
“ARKİ-nin mühasibatlıq sənədlərinə əsasən, 19.10.2020-ci il tarixdə üzvlərimiz tərəfindən könüllülük prinsipi əsasında yığılan 2220 AZN nəğd vəsait Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hesabına köçürülüb. Vəsait nəğd üsulla ARKİ-nin hesabına mədaxil edilib. Sonra da ARKİ-nin hesabından əlavə vəsait ayrılmaqla ümumilikdə 5000 AZN məbləğində vəsait Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hesabına köçürülüb”, – ittifaqın məlumatında deyilir.
Əlavə olunub ki, Əli Vəliyevin tərəfindən təqdim edilən qərəzli məlumatlar hüquqi qiymət verilməsi üçün araşdırma materiallarına əlavə edilib.
İttifaqın keçmiş mətubuat sözçüsü “Medianew.az”a açıqlamasında ARKİ-də maliyyə yeyintilərindən danışıb:
“Şəfiqə xanım öz oğlu Ülvi Mehdini qanunsuz şəkildə vəzifəyə təyin edib. Ana-oğul birlikdə oradakı hər kəsdən çox maaş alır və son artımları da özlərinə şamil ediblər. Digər şəxslərin maaşında isə heç bir artım olmayıb”.
“Onu da qeyd edim ki, sədr Şəfiqə Məmmədova katiblərin adından Maliyyə Nazirliyinə məktub ünvanlayıb. Yazılan müraciətdə katiblərə veriləcək maaşın məbləğ qeyd olunub. Ancaq bu yolla o, dövlət büdcəsindən qurum üçün ayrılan vəsaiti də mənimsəməyə başlayıb. İttifaqda cəmi 10 nəfər işçi var. Onların arasında ən çox maaş alan şəxsin əməkhaqqı məbləği 700-800 manatdan çox deyil. Ayrılan büdcə hesabına burada nə simpozium, nə də tədbir keçirilmir. Quruma hər il dövlət büdcəsindən 400 min manat ayrılır. Mən təklif edərdim ki, İttifaqda yoxlamalar aparılsın və nəzərdə tutulan büdcənin hara və necə sərf olunduğu aşkara çıxsın”, – deyə o bildirib.