Sarkisyan: Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı birtərəfli güzəşt olmayacaq

Rauf Mirqədirov: ”Sarkisyanın çıxışı danışıqların hazırkı müzakirə variantına daxildir”

Source:
Serj Sarkisyan
Serj Sarkisyan


Rauf Mirqədirov: ”Sarkisyanın çıxışı danışıqların hazırkı müzakirə variantına daxildir”

“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı birtərəfli güzəşt olmayacaq”. Azadlıq Radiosunun erməni xidmətinin məlumatına görə, bunu Ermənistan prezidenti Serj Sarkisyan Yerevanda polis bölməsini tutmuş silahlıların təslim olması haqda toplantıda danışarkən deyib. Polis bölməsini ələ keçirmiş “Sasna Tsrer” qruplaşması Sarkisyanı Qarabağı satmaqda ittiham edir.

Sarkisyan Dağlıq Qarabağın Azərbaycanın tərkibində olmayacağını da bildirib: “Dağlıq Qarabağ Azərbaycanın tərkibində olmayacaq. Bu istisnadır. Mən bütün şüurlu həyatımı bu problemə həsr etmişəm”.

Siyasi şərhçi Rauf Mirqədirov Meydan TV-yə deyib ki, Sarkisyanın açıqlamasına iki aspektdən yanaşmaq lazımdır. O, qeyd edib ki, Sarkisyan bəyanatı İrəvandakı məlum hadisələrdən sonra verib: “Polis idarəsini nəzarətə götürən qiyamçılar təslim olsa da, onlara ölkə daxilində ciddi rəğbət var idi. Keçmiş döyüşçü olduqlarından Qarabağ münaqişəsinə münasibətdə ən çox onlar radikal münasibət göstərirlər. Amma nə qədər dramatik olsa da, polis idarəsini nəzarətə götürmək Sarkisyana xəbərdarlıq idi. Mən bunun dövlət çevrilişiylə nəticələnməyəcəyini demişdim. Sadəcə, məlum hadisə Sarkisyanın daxildəki mövqelərini kifayət qədər sarsıtdı. Belə bir şəraitdə o, radikal bəyanatlar səsləndirməli, Qarabağ məsələsində heç bir güzəştə getməyəcəyini deməli idi. Bu, Ermənistan cəmiyyətini az da olsa ümumi məxrəcə gətirəcək yeganə yanaşmadır”.

Siyasi şərhçiyə görə ikinci məqam ondan ibarətdir ki, Sarkisyanın çıxışı danışıqların hazırkı müzakirə variantına yaxındır: “Sarkisyan demir ki, Dağlıq Qarabağın müstəqilliyi beynəlxalq aləm tərəfindən tanınacaq, yaxud ərazi Ermənistanın tərkibində olacaq. Sarkisyanın çıxışındakı emosional ritorikanı kənara qoysaq, onun dedikləri indiki danışıqların müzakirə mövzusu olan variantlarına daxildir. Variantlara gəlincə, ictimaiyyətə sızdırılan məlumatlara görə, rayonların bir qismi qaytarılır, Dağlıq Qarabağa keçid statusu verilir və yekun razılıq gələcəkdə keçiriləcək referendumda müəyyənləşəcək. Bu mənada Sarkisyan deyəndə ki, Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq, söhbət yaxın və orta perspektivdən gedir”.

Rauf Mirqədirov

Ermənistanda bundan sonrakı hadisələrin gedişatına gəlincə, Rauf Mirqədirov dedi ki, Ermənistanda siyasi vəziyyət Azərbaycandan köklü şəkildə fərqlənir və bu ölkənin daxili siyasi vəziyyətinə təsir edən xeyli siyasi amil var: “Xarici dövlətlər özlərinin Ermənistandakı güclü siyasi-iqtisadi və sosial bazalarıyla təsir imkanlarına malikdir. Ona görə istənilən anda Ermənistanda daxili gərginlik yaratmaq o qədər də çətin deyil. Amma keçmiş prezidentlər Ter-Petrosyan və Robert Koçaryanın ətrafındakı qüvvələr son hadisələrdə birbaşa iştirak etmədilər. Bu, onun göstəricisidir ki, onlar xaricdə bağlı olduğu qüvvələrdən gərginliyi son həddə çatdırmaq tapşırığı almamışdılar. Bir şey nəzərə alınmalıdır ki, Azərbaycandan fərqli olaraq, Ermənistan permanent inqilabi şəraitdə yaşadığından bu ölkədə gərginlik yaratmaq istəyən qüvvələr həmişə mövcuddur. Adi bir misal çəkim, Qarabağ klanının maraqları heç də Ermənistanın maraqlarıyla üst-üstə düşmür. Bu ölkə regional sosial-siyasi sistemə inteqrasiya olunmayana və Dağlıq Qarabağ problemi həll edilməyənə qədər mövcud şərait davam edəcək. Bu isə həm danışıqlar prosesinə, həm də Azərbaycanın ümumi vəziyyətinə təsir edəcək”.

Ana səhifəAnalitikaSarkisyan: Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı birtərəfli güzəşt olmayacaq