Şamil Əliyev: Tək kino çəkməklə iş bitmir…

Foto: By Yavdat/Shutterstock

Azərbaycan Kinematoqrafçılar İttifaqı “Oskar” mükafatına təqdim
olunacaq filmi müəyyənləşdirib

İttifaqın “Oskar” komitəsi üzvlərinin seçimi ilə rejissor Rüfət Həsənovun “Daxildəki ada” filmi Amerika Kino Akademiyasına göndərilib.

ARKİ-nin “Oskar” komitəsi filmləri 2021-ci il sentyabrın 7-dən 20-dək qəbul edib.

“Daxildəki ada” filminin mükafata layiq görülüb-görülməyəcəyi isə bu il dekabrın 21-də bəlli olacaq. Həmin tarixdə “Xarici dildə ən yaxşı film” nominasiyasında “shortlist”ə daxil edilmiş 15 filmin adı açıqlanacaq.

Ekran işinin ssenari müəllifi və rejissoru Rüfət Həsənovdur.

Filmdə əsas rolları Orxan Ata, Vidadi Həsənov, Qurban İsmayılov, Rafiq Əzimov və Elvin Adıgözəl canlandırıb.

Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyası, “Arizona Production”, “Coyote Cinema”, “Mandarin Agency” və “Debüt” Studiyasının birgə istehsalı olaraq çəkilən “Daxildəki ada” bədii filmi Sarayevo Film Festivalının “Ən yaxşı rejissor” nominasiyasının qalibi olub.

“Hər il Amerikanın Hərəkətli Şəkil Sənətləri və Elmləri Akademiyasına film göndərmək şərtdir. Burada müəyyən bir siyasət var ki, onu nəzərdə tutmalıyıq”, – “Oskar” komitəsinin katibi, kinorejissor Şamil Əliyev Meydan TV-yə açıqlamasında belə deyir:

“Azərbaycan kino sənayəsi hələ ki formalaşmaqdadır. Tək kino çəkməklə iş bitmir. Əsas məsələ onun dünyada yayımıdır. Elə “Oskar”ın tələblərindən ən vacibi də budur. Büdcəsi yüz milyonlarla ölçülən Amerika filmlərinin təbliğinə milyonlarla pul xərclənir. Ümid edirəm ki, Azərbaycan kino sənayesi həmin səviyyəyə çatacaq”.

94-cü “Oskar” mükafatlandırma mərasimi 2022-ci il mart 27-də keçiriləcək. Azərbaycan 2007-ci ildən “Xarici dildə ən yaxşı film” üzrə “Oskar” mükafatına filmlərini təqdim edir. “Qafqaz” (“Caucasia”) – rejissor Fərid Hümbətov (2007), “Qala” (“Fortress”) – rejissor Şamil Nəcəfzadə (2008), “Sahə” (“ThePrecinct”) rejissor İlqar Safat (2010), “Buta” (“Buta”) – rejissor İqlar Nəcəf(2012), “Çölçü” (“Steppe Man”) – rejissor Şamil Əliyev (2013), “Nabat” (“Nabat”) – rejissor: Elçin Musaoğlu (2014), “Nar bağı” (“Pomegranate Orchard”)– rejissor İlqar Nəcəf (2017) filmləri “Oskar”a təqdim olunsa da, namizədlikləri irəli sürülməyib.

Ana səhifəMədəniyyətŞamil Əliyev: Tək kino çəkməklə iş bitmir…