Şərq küçəsinin sakinləri illərdir ki, onlara problem yaşadan gölməçənin qurudulmasını istəyirlər
“Bataqlıqdır. Çəkdikcə, çəkir adamı dərinliyinə… Keçən il yayda ora uşaq düşmüşdü. Adamlar yığışıb zorla xilas elədilər”.
Qaraçuxurda – dərə məhəllə kimi tanınan ərazidə iri bir gölməçə var. Bir tərəfi Əmircana gedib çıxır. Əvvəllər gölməçənin ətrafında, yalnız iki-üç yerdə qəbiristanlıq gözə dəyirmiş. Təqribən 10 il əvvəl isə burada ilk evlər tikilməyə başlayıb. Sonra torpaqlar kütləvi satılmağa başlanıb. Əmlak dəllalları iri torpaq sahələri alaraq fərdi evlər tikib satmağa başlayıblar. Beləcə, gölməçənin ətrafında yaşayış massivi yaranıb. Hökumət əraziyə kanalizasiya, işıq, qaz xətləri çəkib. Fərdi evlərdə sayğaclaşma işləri aparılıb. Ancaq bir problem illərdir ki, həll olunmayıb – gölməçənin ləğvi…
Nəcisin iyindən pəncərələri aça bilmirik
Şərq küçəsində yaşayan Asim Fərəcov Meydan TV-yə danışır ki, onu da başqaları kimi aldadıblar:
“Basindəki evimiz söküldü, kompensasiya az idi, yalnız burdan ev almağa imkan çatırdı. Gəldik, gölməçəni gördük, tərəddüd etdik, ancaq “makler” dedi ki, Mehriban Əliyeva gölməçənin yerində stadion tikdirəcək. Gölməçənin kənarında borular vardı, dedi, bu boruları ona görə bura töküblər ki, gölməçənin sularını qurutsunlar, təmizlik işləri aparsınlar, yaxın vaxtlarda stadion tikintisi üçün hazırlıq işləri başlanacaq. Burada yaşayanlardan da maraqlandıq, dedilər, belə bir söhbət var. Biz də arxayın olub ev aldıq. İndi nəcisin iyindən pəncərələri aça bilmirik. Bir də görürsən gölməçə daşır, nəcis həyətimizdəki “trap”dan çıxır”.
Evlərin kanalizasiya xətləri birbaşa gölməçəyə gedib çıxır. Yaşayış artdıqca, gölməçə də çirkab sularla yüklənir. Sakinlər deyir ki, yağış yağanda vəziyyət daha acınacaqlı olur. Gölməçənin çirkab suları ətrafa yayılır. Şərq küçəsinin sakini Elton Süleymanov deyir, buradan ev alanda ona yaxınlıqdakı gölməçənin yaxın 1-2 il ərzində qurudulacağını deyiblər. Ancaq sonradan ona məlum olub ki, əslində bələdiyyə və icra hakimiyyəti “müştərini qaçırmamaq üçün” bu sözü ortaya atıb. 10 ilə yaxındır ki, Elton Süleymanov və ailəsi gölməçənin üfunətini ciyərlərinə çəkə-çəkə yaşayır. Ərazidə yüzlərlə ailə eyni əzabı paylaşır.
Odeyala bükülü çürümüş meyit çıxartdılar
Sakinlər deyir, gölməçədən bir dəfə çürümüş meyit çıxarılıb: “Hardasa 10 il əvvəl polislər tökülüşdü, odeyala bükülü çürümüş meyit çıxartdı. Sonra televizorda baxdıq ki, bir qadın məşuquyla birləşib ərini öldürüb, gətirib bura atıbmış. Bir dəfə də doğranmış maşın hissələri çıxarılıb. Baxımsız ərazidir, “gecə qara, cücə qara” deyib, kimin nə zir-zibili var, gətirib bu göldə gizlədir. Qurutsalar, dibindən nələr çıxar üzə…”
Sakin Zərifə Ataşova: “İyrənclikdir, havasızlıqdır, rütubətdir. Hansı qapını döyüb maraqlansanız, evi yay aylarında alıb. Niyə? Çünki yayda divarların nəmi quruyur, ayıbın üstünü rənglə ört-basdır eləyib camaata satıblar. Hamını aldadıblar. Yayda ağcaqanad, milçək göz açmağa aman vermir. İydən həyətlərdə oturmaq mümkün deyil. Nəvələrim rütubətdən revmatizma tapıblar. Elə mən özüm də… Bu gölməçə çoxunun həyatını yarımçıq edib”.
İcra Hakimiyyəti: Torpaqlar əvvəlki bələdiyyələrin vaxtında satılıb
Sakinlər gölməçənin qurudulması üçün hökumətə müraciət ediblər. Suraxanı Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, ərazidəki vəziyyətdən xəbərdardırlar:
“Bizlik nə var ki? İcra hakimiyyəti torpaq satmır. Torpaqlar əvvəlki bələdiyyələrin vaxtında satılıb. Adamlar orda ev tikəndə görürdülər ki, orada gölməçə var. O gölməçənin qurudulması da 3-5 günün işi deyil. Bunun üçün xüsusi layihə olmalıdır. Gələcəkdə nəzərdə tutulub”.
Qurumdan bildirilib ki, gölməçəyə ətrafda yaşayalar da zibil atır. Suyun səviyyəsinin qalxmasının bir səbəbi də budur.