Şahbaz Xuduoğlu: “Görülən hər işə mız qoymaq lazım deyil”

Kitab sərgisi. Foto: Facebook

Gənc yazar nəşriyyatları müqaviləsiz işləməkdə ittiham edir, naşirlər razılaşmır

Azərbaycanda yazıçı və şairlər zaman-zaman mətbuatda öz kitablarından gəlir əldə edə bilmədiklərindən şikayətlənirlər.

Bir çoxu indiki vəziyyəti sovet dönəmi ilə müqayisə edirlər. Məsələn, deyirlər ki, sovet dövründə nəşriyyatlar kitabın satışına görə müəllifə pul ödəyirdilər. Bu gün isə vəziyyət fərqlidir. Kitabını öz hesabına nəşr etdirən müəllif satışdan qazanc əldə edə bilmir.

Nəşriyyatlar müəllifə ya qonorar ödəmir, ya da hansısa şərtlərlə cüzi məbləğ verirlər.

Belə olanda müəlliflərdə yazmaq üçün həvəs və sevgi ilə bərabər, bir o qədər də yazdıqlarından qazanmamaq ümidsizliyi yaranır.

Yazıçı Ulucay Akif bugünlərdə yazdığı köşə yazısında bu məsələyə toxunub.

O bildirib ki, dövlət kitab sənayesinin yaradılması, kitabların ölkə səviyyəsində satılması və yazıçıların da yazdıqları əsərlər hesabına öz dolanışığını təmin etməsi üçün şərait yaratmır.

Ulucay Akif. Foto: “Kulis.az”

Müvafiq qurumlar, Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi bu vəziyyətin düzəlməsi üçün heç nə eləmir. Vəziyyət get-gedə daha da bərbad hala düşür. Nəşriyyatlar da yazıçıları istismar edirlər, onlarla müqavilə bağlamırlar”,- Ulucay Akif qeyd edib.

Meydan TV məsələ ilə bağlı yazıçı və şairlərin, həmçinin aidiyyəti olan qurumların mövqeyini öyrənib.

Ulucayın yazısında ağrılı, həqiqəti əks etdirən məqamlar var”

Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid hesab edir ki, ədəbi mühitdə əksəriyyət hələ də sovetlər dönəminin nostalgiyası ilə yaşayır, amma indi zəmanə dəyişib:

Bəzən də başqa ölkələrin yazıçılarının qonorarları ilə müqayisə aparırlar. Halbuki həmin yazıçılar da nəinki öz ölkəsində, bütün dünyada çox populyardılar. Bizdə Ramiz Rövşənin kitablarının imza günlərinə insanlar axışır. Hamı da kitablarını alır. Müəllifin kitabının satılması onun populyarlığı, yazdıqlarının dəyəri ilə ölçülür”.

Rəşad Məcidin sözlərinə görə, dövlət tərəfindən ədəbiyyat adamlarına kifayət qədər dəstək verilir. Müsabiqə və layihələr təşkil olunur, mükafatlar verilir.

Rəşad Məcid. Foto: Wikipedia

O, mövcud problemin kökündə sosial şəbəkələrin, internet platformalarının olması qənaətindədir və hesab edir ki, məhz buna görə ədəbiyyata maraq azalıb. Maraq azaldığı üçün də kitab bazarında tələbat yoxdur:

““TikTok”, “YouTube”, “İnstagram” bu kimi  platformaların üzə çıxması istər-istəməz ədəbiyyatın, yazıçıların əvvəlki populyarlığını azaldır. Ulucayın yazısında ağrılı, həqiqəti əks etdirən məqamlar var. Amma bu, konkret kiminsə yox, texnologiyaların inkişafının, ümumi dünyadakı mühitin günahıdır. Hazırda Türkiyədəyəm. Burada da üç-beş yazıçı var ki, onların əsərləri satılır. Yerdə qalanların isə demək olar ki, oxucusu yoxdur. Bu, dövrün gətirdiyi problmedir”.

“Ədəbiyyat sahəsinə ayrılan imtiyazlardan konkret adamlar yararlanır”

“Mücrü”nəşriyyatının təsisçisi və rəhbəri Müşfiq Xan deyir ki, peşəkar nəşriyyatlar bütün müəlliflərlə müqavilə əsasında işləyirlər:

O cümlədən də biz. Kitab çapı üçün müraciət edən müəlliflərin hamısı birmənalı müqavilə əsasında razılaşdırılır. Kitabın çap maliyyəsi iki cür formada təşkil oluna bilər: birincisi, ilk kitab müəllifləri ilə müqavilə bağlanır. Nəşriyyat kitabı öz hesabına çap edir. Birinci tanıtım nəşri məhdud tirajla çap olunur. Yazıçıya müəyyən sayda nüsxə verilir. Kitabın satılıb-satılmayacağı riskini yalnız nəşriyyat öz üzərinə götürür. İkinci nəşrdən etibarən isə nəşriyyat müəlliflərə gəlirin 40 faizini ödəyir”.

Müşfiq Xan. Foto: “azerforum.com”

Nəşriyyat rəhbəri deyir ki, dövlət tərəfindən ədəbiyyat sahəsinə ayrılan imtiyazlardan konkret adamlar yararlanır:

Onları hətta siyahılaşdırıb saymaq olar ki, neçə nəfərdirlər. Harada bir ədəbi layihə, müsabiqə, mükafat varsa, yalnız bir-birini təqdim edirlər, özləri də alırlar. Haqqı olmayanlar pul qazanmağa çalışırlar. Bunlar da kobud səslənsə də, məni iyrəndirir”.

Yazıçı kitab satmamalıdır, yazmalıdır”

Yazıçı Pərviz Cəbrayıl bildirir ki, müəlliflər kitablarının qonorarı ilə dolana bilmir və başqa yerlərdə işləməyə məcbur olurlar:

“Başqa yerlər də jurnalistikadır. Ona görə də yaradıcılıq qalır bir tərəfdə. Kitab bazarı olmayan yerdə müəlliflə nəşriyyat arasında bağlanan müqavilənin dəyəri var. Yazıçı kitab satmamalıdır, yazmalıdır. İki kitabımı öz hesabıma çap etdirib, satmaq qərarına gəldim. Özümü bazarda pomidor-xiyar, kartof satan kimi hiss etdim. Sonra bundan imtina etdim. Kitabları da dostlara payladım. Bir hissəsi də evdə xarab oldu”.

Foto: Pərviz Cəbrayılın “Facebook” səhifəsindən götürülüb

Pərviz Cəbrayıl deyir ki, dövlət bu məsələdə maraqlı olmalıdır:

“Dövlətin altı min kitabxanası var. Hansısa meyar əsasında, bəzi yazıçıların kitabları alınıb, kitabxanalara paylanılmalıdır. Belə edilsə, Azərbaycan reallığı ilə nəşriyyata və yazıçıya xeyli pul gələ bilər. Dövlətin bu məsələdə, ümumiyyətlə, siyasəti yoxdur. Bizdə, bəlkə də, kitab satışının qarşısı alınır, nəinki kömək olunur”.

Yazıçı ilə necə müqavilə bağlanmaya bilər?”

“Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu Ulucay Akifin fikirlərini bölüşmür:

Görülən hər işə bir mız qoymaq lazım deyil. Biz kitabı elə yerə gətiririk ki, cəmiyyət görsün, tanış olsun. Əgər yazıçı özünü bu cəmiyyətdə, naşir qarşısında istismar olunmuş hesab edirsə, onda o nə yazıçıdır ki?”.

Şahbaz Xuduoğlu
Foto: Meydan TV

“Yazıçı ilə necə müqavilə bağlanmaya bilər? Hətta 2009-cu ildə yazıçılar “Qanun” nəşriyyatının hesabına əsərlərini çap etdiriblər. Biri beş yüz, digəri min tirajla nəşr olunub. O vaxta qədər bütün yazıçılar kitablarını öz pulları ilə nəşr edirdilər. Bunu biz başlamışıq. Sonra isə tədricən, min tirajı aşan yazıçılara qonorar verməyə başlamışıq. Xırda, az, hər halda imkanlarımızı səfərbər edib, çalışmışıq ki, yazıçılara qismən də olsa, qonorar verək. Yerli kitablar, xüsusən də,  şeir kitabları çox az satılır. Daha çox satılanlar Elxan Elatlı, Çingiz Abdullayevin kitablarıdır. Onlar da əsasən, qonorarları hesabına yaşayırlar. Ciddi qonorar alırlar”, – Xuduoğlu belə deyir.

Azərbaycanda nəinki kitab, pomidor-xiyar bazarlarında da hər şey əyridir”

Şair Elnur Astanbəyli deyir ki, Azərbaycanda nə bazar iqtisadiyyatı, nə də ki sovet dövründəki sistem var:

Ona görə də anormal bir vəziyyət yaranıb. Bu da bütün sahələrə, həmçinin kitab bazarına da təsir edir. Qərar vermək lazımdır, Azərbaycanda müəlliflər, tərcüməçilər, naşirlər hansı bir sistemin tərəfdarıdırlar? Əgər istəyirlər ki, yeni bir sistem olsun, hər nəşriyyat öz sistemini qura bilsin, onda zəhmət çəksinlər, bu ölkədə ifadə, söz, fikir azadlığını tələb etsinlər. Bir sistem arzu olunursa, onda bu ölkədə yazarın da, tərcüməçinin də, ümumiyyətlə, yaradıcı təbəqinin də qarşı tərəfin naşirin də mövqeyi ortaq olmalıdır”.

Elnur Astanbəyli
Foto: Meydan TV

Bir nəşriyyat deputata, nazirə, icra başçısına, prezidentə tərif yazan bir adamın kitabını niyə çap etməlidir? Yaxud yaradıcı təbəqə dünya və Azərbaycan ədəbiyyatında gedən proseslərə cavab verən nə yazıb? Hər hansı bir nəşriyyat bu gün siyasi hakimiyyəti qıcıqlandıracaq bir nəşri çap etmək iqtidarındadırmı? Sanki ölkədə hər şey düzdür, bircə nəşriyyatlar sistemində yanlışlıq var. Azərbaycanda nəinki kitab bazarında, kartof, pomidor-xiyar bazarlarında da hər şey əyridir. Ölkənin problemlərin kökünün nə olduğuna baxmaq lazımdır”, – Elnur Astanbəyli bildirib.

Səsləndirilən fikirlərlə bağlı Mədəniyyət Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Ana səhifəMədəniyyətŞahbaz Xuduoğlu: “Görülən hər işə mız qoymaq lazım deyil”