Yoqa ustasını Heydər Əliyev Fondu gətirib
Hindistanlı yoqa ustası və mistik Sadquru (Caqqi Vasudov) Azərbaycandadır.
Sadquru mayın 7-də “Azərxalça” ASC-nin İsmayıllı emalatxanasının qonağı olub.
O, xalçaçıların işləri ilə tanış olub, həmçinin yeni xalça kəsməsində iştirak edib.
Qonağa Azərbaycan xalçası hədiyyə edilib.
Yoqa ustasının Azərbaycanda üç gün səfərdə olacağı deyilir.
Təşkilatçı Heydər Əliyev Fondudur.
Qurumdan Sadqurunun səfəri ilə bağlı mövqe öyrənmək mümkün olmayıb.
Sadquru ilk dəfə Azərbaycana 2018-ci ildə gəlib.
O, noyabrın 10-da Heydər Əliyev Mərkəzində mühazirə ilə çıxış edib.
Sadqurunun izləyiciləri ilə görüşü “Mənəvi quruculuq: gümrahlığın texnologiyaları” (“İnner Engineering: Technologies For Wellbeing”) mövzusunda olub. Həmçinin tədbir çərçivəsində Sadhqurunun “Inner Engineering” kitabının imzalanma mərasimi və satışı keçirilib.
Hindistanın 50 nüfuzlu şəxsinin sırasında olan Sadquru yoqin, mistik, bestseller müəllifidir.
O, bir sıra beynəlxalq forumlarda, o cümlədən, BMT-nin mənzil qərargahında əsas, Ümumdünya İqtisadi Forumunda isə mütəmadi çıxışçı olub.
Yoqa ustası Oksford, Stenford, Harvard, Uorton, Yel universitetlərində, Massaçuset Texnologiya İnstitutunda və dünyanın digər qabaqcıl ali təhsil müəssisələrində çıxış edib.
Sadquru 1992-ci ildə beynəlxalq İşa Fondunu yaradıb.