Saatlıdan fermer: Susuzluq pambığımızı məhv elədi

“Kimə də müraciət edirik, hamısı yaxasını kənara çəkir”

Source:

Saatlı rayonunda bu il 17 min 100 hektarda pambıq əkilib. Bu, ötən illə müqayisədə (8109 hektar) 2 dəfə çoxdur. Rəsmi statistikaya inansaq, ötən il rayonda 12 min tondan artıq pambıq yığılıb. Bu il isə rayonda hədəf 35 min tondur. Pambıqçılığın inkişafı dövlət proqramına uyğun olaraq bu il bütün respublika üzrə daha çox pambıq tədarükü planlaşdırılır. Ancaq konkret Saatlı rayonunda bu vədin yerinə yetirilməsi inandırıcı görünmür. Deyilən ərazilərdə pambıq əkilsə də, susuzluq səbəbindən təsərrüfatlar yararsız duruma düşüb. Bol məhsul götürmək qarşıya məqsəd kimi qoyulsa da, artıq xeyli problemlər ortaya çıxıb, pambıq əkənlər sahələrinin susuzluqdan məhv olmasından gileylənir, maldarlıqla məşğul olanlar örüş sahələrində pambıq əkilməsindən…

Saatlı rayonunun Azadkənd kəndindən fermer Zahid Babayev bu il 19 hektar sahədə pambıq əkib. Onun sözlərinə görə, bu addımı dövlət başçısının pambıqçılara qayğı göstəriləcəyi, fermerlərin qazanc götürəcəyi, pambıqçılığın gəlirli sahəyə çevriləcəyi vədinə inanaraq atıb:

– Hörmətli prezidentin pambıqçılığın inkişaf etdirilməsi çağırışına biz də qoşulduq ki, məhsul yetişdirib dövlətə verək, özümüz də çörək qazanaq, ailəmizi dolandıraq. “Aqrobank”dan kredit götürüb işə başlamışıq, yaxşı da çıxış almışdıq. Ancaq susuzluq pambığımızı məhv elədi. O qədər əziyyətimiz, zəhmətimiz hədər oldu. Mənim 10 nəfər ailə üzvüm var, bu gün onları necə dolandıracağımı, qışdan necə çıxaracağımı yox, götürdüyüm krediti – borcumu necə qaytaracağımı düşünürəm. Təbii fəlakətdən heç kim sığortalanmayıb. Ancaq müqaviləmizdə bununla bağlı heç bir bənd yoxdur. Yəni bütün məsuliyyət bizim boynumuzdadır. Suyun olmaması da bizim günahımız deyil ki… Yenə yeganə ümidimizi prezidentə bəsləyirik ki, bu vəziyyətdən çıxmaqda bizə yardımçı olsun.


– Dayandığımız bu sahədə pambıq yaxşıdır.

– Bu sahəni 2 dəfə suvara bilmişəm, burda məhsul var. Sentner verəcək. Ancaq bura əkin sahəmin az bir hissəsidir. Təsəvvür edin, 19 hektar sahənin yalnız 3-4 hektarını suvara bilmişəm. İndi gəlin sizə qalan sahələrimi də göstərim… Bayaq göstərdiyim sahədəki işləri burda da aparmışam. Burada da yaxşı çıxış almışam. Bütün aqrotexniki qaydalara – seyrəltmə, kultivasiya, becərmə, azot verilməsi işlərinə burda da əməl eləmişəm. Ancaq suvara bilmədiyimdən əkin yanıb əldən gedir. Kimə də müraciət eləyirik, hamısı yaxasını kənara çəkir. O sahəni suvardım, bura çatanda su kəsildi. İndi qalmışıq çıxılmaz vəziyyətdə… Kredit götürdüyüm bank pulu mənə bağışlamayıb. Sabah o da pulunu tələb edəcək.


– Su problemi ilə bağlı rəsmi qurumlara müraciət eləmisiz?

– Rəsmi, yazılı müraciətimiz olmayıb, ancaq əlaqədar qurumlara problemi demişik, onlar da deyir ki, hamı eyni dərddədir.


– Kənddə belə sahələr çoxdur?

– Bu il bizim kənddə 2 min hektardan artıq sahədə pambıq əkilib, arxa yaxın yerlərdə vəziyyət nisbətən yaxşıdır, ancaq mənim yerim kimi arxdan uzaqda olan sahələr çoxdur, hamısında da, demək olar, eyni vəziyyətdir. Bu il plan çox qoyulduğundan suvarma kanallarından uzaq sahələrdə də, örüş yerlərimizdə belə pambıq əkilib. Xam torpaqlardır, su olsaydı, bol məhsul almaq mümkün idi. Pambıq əsasən iyun ayında suvarılır. İki dəfə iyunda, heç olmasa bir dəfə də iyulda suvarılsaydı, məhsuldarlıq yüksək olardı. Yoxsa bir dəfə suvarılan sahədən məhsul gözləməyə dəyməz (əyilib yerdən pambıq kolunu çıxarır). Bu pambığa indi su verməyin mənası yoxdur, məhsulu olmayacaq. Vaxtlı-vaxtında suvarılan, aqrotexniki qaydalara əməl olunan sahələrdə bir pambıq kolunda 20-30 qoza olur. Onda heç nədən narahat olmursan, bilirsən ki, götürdüyün krediti də ödəyəcəksən, özünə də qazanc qalacaq. Ancaq 3-5 qozası olan kola çəkilən zəhmət, qoyulan xərc bu başdan batmış sayılır.


– Arxda su var axı.

– Ana arxa suyu bir neçə gündür buraxıblar. Ancaq o da azdır, o üzdən suyu köməkçi arxlara nasoslarla vururlar, onlar da gah işləyir, gah dayanır. İndi gözləyirik, bizim arxlara da su gəlib çıxsa, suvaracağıq. Ancaq gecdir. Bundan sonra vurulan suyun pambığa faydası yoxdur.

P.S.“…Sizin tapşırığınıza əsasən pambıqçılığın inkişafı üçün dövlət tərəfindən hər cür şərait yaradılıb. Saatlı pambıqçıları da yaradılan bu şəraitdən bəhrələnəcək, cari ildə hər hektardan 20 sentnerdən artıq olmaqla 35 min tondan çox məhsul istehsal edəcəklər”. Bunu da bu il martın 28-də İlham Əliyevin sədrliyi ilə Saatlıda keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində rayon icra hakimiyyətinin başçısı Siraqəddin Cabbarov deyib.


Həmin müşavirədə bildirilib ki, keçən il respublika üzrə 51 min hektardan 90 min tona yaxın pambıq yığılıb. Bu il isə 22 rayonda 136 min hektarda pambıq əkilib. Bu sahələrdən 270 min ton məhsul yığılacağı gözlənilir.

Yazda verilən vəd payızda yerinə yetirilməlidir. Yetiriləcəkmi?!

Ana səhifəAnalitikaSaatlıdan fermer: Susuzluq pambığımızı məhv elədi