Saakaşvili: fenomen, yoxsa şişmiş şar

Azərbaycanın internet məkanını məşğul edən mövzulardan biri də Ukraynada Mixail Saakaşvili ətrafında baş verən hadisələrdir

Source:

Dekabrda Azərbaycanın internet məkanını məşğul edən mövzulardan biri də Ukraynada Mixail Saakaşvili ətrafında baş verən hadisələr, bundan da çox Saakaşvilinin şəxsiyyətinə münasibət oldu. Bu mübahisələrin uzanmasına əsas səbəbi tənqidçiləri arasında bəzi Müsavat və AXCP üzvlərinin olması idi. Saakaşvili tərəfdarları bunu “qısqanclıq”, “paxıllıq” kimi qiymətləndirdilər. Üstəlik hesab etdilər ki, öz nailiyyətlərimiz olmadığı üçün Saakaşvilini tənqid etməyə ixtiyarımız çatmır.

Son iddia ilə adətən hakimiyyət tərəfdarları ilə diskussiyalar zamanı Əliyevləri tənqid edərkən qarşılaşmaq olur. Demokratik düşərgə mənsublarından (hər halda özlərini belə təqdim edirlər) bu fikri eşitmək isə olduqca maraqlıdır. Axı o zaman kimi tənqid etmək olar? Belə çıxır ki, yalnız prezidentlər, baş nazirlər bir-birlərini tənqid edə bilərlər. Xoşbəxtlikdən dostlarımız bu qədər insafsız deyirlər. Tənqid üçün “uğur senzi” təkcə Saakaşviliyə münasibətdə tələb olunur. Məsələn, elə Ukraynanın prezidenti Poroşenkonu kim istəsə, tənqid edə bilər.

Saakaşvili ilə müqayisə zamanı bizim müxalifətin tamamilə başqa şərtlər altında və başqa cəmiyyətdə mübarizə apardığı nəzərə alınmır. Sosial şəbəkələrdə polemika zamanı da adətən yalnız şərtlər, yəni 2003-cü ildəki amillər nəzərə alınır. Bu şərtlərin olduqca vacib olması ilə yanaşı, gürcü siyasilərinin tamamilə başqa bir cəmiyyətdə fəaliyyət göstərməsini də qeyd etmək lazımdır.

Eyni coğrafiyada yerləşən Azərbaycan və Gürcüstan cəmiyyətlərinin fərqliliklərini göstərmək və izah etmək üçün tarixin ənginliklərinə qədər səyahət etmək olar. Amma bu artıq məqalə deyil, böyük bir kitabın mövzusudur. O səbəbdən də SSRİ tərkibində olduğumuz dövrün son mərhələsindəki dissident hərəkatını müqayisə etmək istəyirəm.


Sovet Gürcüstanı

Əslində “dissident hərəkatı” ifadəsi yalnız Gürcüstana aid edilməlidir. Burada 70-ci illərin ortalarından etibarən ciddi dissident hərəkatı formalaşır. Bu hərəkatın nümayəndələrindən sonralar Gürcüstanın ilk prezidenti olmuş Zviad Qamsaxurdiya bizdə daha çox tanınır. Lakin respublikada ən azı Zviad qədər nüfuzu olan, hətta öz görüşlərindən ötrü ondan daha çox mətanət nümayiş etdirmiş Merab Kostava da vardı. Bu iki nəfər Gürcüstan dissidentlərinin “xaç atası” hesab olunurdu.

Bundan əlavə, Giya Çanturiya, Zurab Çavçavadze, Nana Kakabadze, Tamriko Çxeidze, Valentina Paylodze, Viktor Rçxiladze, İsay və Qriqori Qoldşteyn qardaşları, Levan və David Berdzenişvili qardaşları, Nikolay Samxaradze, Marine Koşadze, Marine Boqdavadze, İrakli Sereteli, Paata Saqaradze, Gela Nikoleişvili və digər tanınmış dissidentlər fəaliyyət göstərib. Gürcüstanın çoxsaylı dissidentlərinin bir qrupunu əhatə edən bu siyahıda 5 nəfərin qadın olduğunu xüsusi vurğulamaq istəyirəm.

Cəmiyyətlərimiz arasındakı fərqi izah etmək üçün Gürcüstanın yaxın tarixindən bəzi hadisələri işıqlandırmağı zəruri sayıram.

1978-ci ildə müttəfiq respublikaların yeni konstitusiyaları üzərində iş gedirdi. Yeni layihələrdə Cənubi Qafqaz respublikalarında titul dillərin dövlət dili olması haqqında o dövrə qədər mövcud olmuş maddələr çıxarılmışdı. Bu xəbər Gürcüstanda çox böyük narazılığa səbəb oldu. Tanınmış kinorejissor Rezo Çxeidzenin (məşhur “Əsgər atası filminin rejissoru) qızı, Tbilisi Dövlət Universitetinin tələbəsi Tamriko Çxeidze etiraz nümayişinə çağıran vərəqələr yaymağa başladı.

Aprelin 14-də onminlərlə gürcünün iştirak etdiyi izdiham bir neçə polis və hərbçi sədlərini yararaq Ali Sovetin binasına yaxınlaşdılar. Tibb İnstitutunun tələbə qızları əyinlərindəki xalatları cıraraq üzərlərində pomada ilə gürcü dilinin dövlət dili kimi saxlanılmasını tələb edən şüarlar yazdılar. Müxtəlif rəsmilərin vədlərinə inanmayan nümayişçilər yalnız tələblərinin yerinə yetirilməsi haqqında televiziyada Şevardnadzenin rəsmi məlumatından sonra dağıldılar.

Eyni layihə Azərbaycan və Ermənistan üçün də nəzərdə tutulmuşdu. Yerevanda nümayiş olmasa da, ciddi narazılıq müşahidə olunurdu. Bakıda isə sakitlik idi. Tbilisi hadisəsi sayəsində Ermənistanda erməni, Azərbaycanda da Azərbaycan dili dövlət dili elan olundular. Hakimiyyətin məddahları isə bunu hələ də Heydər Əliyevin xidməti kimi təqdim edirlər.

1980-ci ildə Gürcüstanda elmi dissertasiyaların yalnız rusca yazılmasını və müdafiəsini nəzərdə tutan qərar qəbul edilir. Buna etiraz olaraq Gürcüstan Elmlər Akademiyasının bir neçə üzvü də daxil olmaqla 364 ziyalı etiraz bəyanatı imzalayırlar. Nəticədə qərar ləğv edilir.

1981-ci ilin yazında Tbilisi Universitetində gürcü ədəbiyyatından dərs deyən və vətənsevər fikirlərinə görə tələbələr tərəfindən çox sevilən Akaki Baxradze işdən çıxarılır. Cavab olaraq ertəsi gün mindən artıq tələbə nümayişə çıxır və Baxradze işində bərpa olunur.

1977-ci ildə bir qrup gürcü dissidenti, o cümlədən Zviad Qamsaxurdiya və Merab Kostava həbs edilir. Zəiflik göstərərək telekameralar önündə səhv yolda olduğunu söyləyən və peşmançılığını bildirən Qamsaxurdiyadan fərqli olaraq Kostava həbs cəzasına məhkum edilir və Sibirə göndərilir. 1981-ci ildə qondarma ittihamla onun cəzası daha 5 il uzadılır.

Bu repressiya xəbəri Gürcüstana çatdıqda 200 ziyalı yazılı etiraza imza atırlar. Hakimiyyət onlar arasında EA-nın iki işçisini 15 sutkalıq inzibati həbslə cəzalandırır. Hadisə ictimaiyyətdə elə qəzəb doğurur ki, məhbuslar vaxtından əvvəl azad edilirlər. Lakin Kostavanın taleyi dəyişmir, o, yalnız 1987-ci ildə azadlığa çıxa bilir. İki il sonra isə müəmmalı avtoqəza nəticəsində həlak olur.

Bunlardan əlavə xeyli faktlar sadalamaq olar. Gürcü dilinin, ədəbiyyatının və tarixinin orta məktəblərdə tədrisinin saatlarını artırmaq, Abxaziyada gürcü əhalinin hüquqları uğrunda və digər sahələrdə gürcü ziyalıları daim mübarizə aparıb. Bu baxımdan hətta eyni dövlətin tərkibində olarkən belə bizim və gürcülərin tamamilə fərqli siyasi fəallığı olan cəmiyyətlərdə yaşadığımızı söyləmək olar.


2003 və sonrakı illər

Hər iki ölkənin taleyində ciddi rol oynayan 2003-cü ilə də müxtəlif şərtlər altında gedirdik. Bu şərtlər hamıya aşağı-yuxarı məlum olduğu üçün səthi bəhs edəcəyəm.

Gürcüstanda yenidənqurma və aşkarlıq siyasətində Qorbaçovun silahdaşı, Qərbdə demokrat imici qazanmış və bu imicinə həssas yanaşan Eduard Şevardnadze hakimiyyətdə idi. Respublikada mətbuat azadlığı, QHT-lərin fəaliyyət sərbəstliyi Azərbaycanla müqayisədə xeyli yüksək idi.

Qərb donorlarının gürcü QHT-lərinə ayırdıqları vəsait Azərbaycana ayrılandan dəfələrlə çox idi. Gürcüstan hakimiyyəti bizimki qədər korrupsiyaya bulaşmamışdı. Müxalifətçilər bizdəki kimi repressiyalara məruz qalmır, iş yerlərindən qovulmur, sahibkarlıq fəaliyyəti əngəllənmirdi. Beləcə, gürcü müxalifəti bizimkindən daha varlı, hakimiyyəti isə daha kasıb idi.

Gürcüstanda müxalifətin aksiyası Rustavi-2 telekanalı tərəfindən sutkaboyu işıqlandırılır. Telekanal hətta tərəf kimi çıxış edərək insanları aksiyaya qoşulmağa səsləyir. Bizdə bitərəfliyinə ümid edilən yeganə telekanal isə etirazçıları “Müsavat quduzları” adlandırır, Azadlıq meydanının onlardan təmizlənməsi münasibətilə xalqı təbrik edirdi.

Hər iki respublikada siyasi proseslərə təsir etmək imkanında olan dövlətlərin mövqeyi haqqında isə uzun-uzadı danışmağa ehtiyac yoxdur. Gürcüstanda Saakaşvilinin hakimiyyətə gəlməsi açıq-aşkar dəstəklənirdi, hətta maliyyələşirdi. Azərbaycanla bağlı isə ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Türkiyə, İran, İsrail hakimiyyətin atadan oğula ötürülməsinə dəstək verirdilər. Deyəsən, dünya sonuncu dəfə İsa Qəmbərə, Azərbaycan demokratiyasına qarşı bu qədər həmrəy oldu.

Şərtlər və cəmiyyət mövzularından sonra Saakaşvilinin şəxsi keyfiyyətlərindən danışmaq gərəkir. 1995-ci ildə dostu Zurab Jvaniyanın dəvəti ilə Gürcüstana qayıdan Mixail Nikolozoviçin siyasətdə ilk addımı dünyaya gəlmiş övladını prezident Şevardnadzenin şərəfinə Eduard adlandırması olub. Bu təbəə jestinin şərhini oxucuların ixtiyarına buraxıram.

Azərbaycanlıların Gürcüstanın keçmiş prezidentinə münasibətlərinin kökündə, ilk növbədə, “korrupsiyaya qarşı mübarizə” amili durur. Cəmiyyətimiz korrupsiyadan o qədər dərdlidir ki, bu cəhətdən təmiz olan məmurları ideal hesab edir.

Tarix isə əks nümunələrlə zəngindir. Korrupsioner olmayan, amma öz hakimiyyəti və ya doğru bildiyi əqidəsindən ötrü tirana çevrilən, minlərin, milyonların qanını tökən çoxlu hakimlər olub. Bu sırada təkcə Stalin və Hitleri xatırlatmaq yetər. Üstəlik Gürcüstanda hətta korrupsiya baxımından Saakaşvili haqqında bizim qədər yüksək fikirdə deyillər. Hüquq müdafiəçiləri yalnız Saakaşvili və yaxın ətrafına aid olan “elitar korrupsiya”nın mövcud olduğunu iddia edirlər

Bununla belə, Saakaşvilinin Gürcüstanda köklü islahatlar keçirdiyini və ən azı məişət səviyyəsində korrupsiyanı aradan qaldırmasını inkar etmək mümkünsüzdür. Lakin bu, onu həmvətənlərimizin hesab etdiyi kimi avtomatik olaraq demokrata çevirmir. Gürcüstandakı situasiyaya daha yaxından bələd olan mütəxəssislərin Saakaşvilini demokrat kimi səciyyələndirməsi nadir hallarda olur.

Əks fikirliliyə dözümsüzlük, opponentlərinə müxtəlif damğaların yapışdırılması Saakaşvili üçün normal haldır. Gürcüstanın veteran dissidentlərindən Gela Nikoleişvili bu cəhətdən Saakaşvilini Qamsaxurdiya ilə eyniləşdirir: “Qamsaxurdiya həmişə konflikti dərinləşdirməyə çalışır, onunla razı olmayan hər kəsə “Kremlin agenti” damğasını yapışdırırdı… Bu baxımdan Saakaşvili ona çox bənzəyir”.

2004-cü ildə Saakaşvili tərəfindən ombudsmanlığa namizədliyi irəli sürülən və parlament tərəfindən yekdilliklə təsdiqlənən Sozar Subari fəaliyyət göstərdiyi 5 il ərzində dəfələrlə prezidenti insan hüquqlarını, məhkəmə müstəqilliyini və mətbuat azadlığını məhdudlaşdırmağa görə kəskin tənqid etmişdi.

2007-ci ilin payızında müxalifətin aksiyası dağıdılmasını ombudsman belə təsvir edirdi:

“Yerə uzanmış insanların dəyənəklə döyülmələrinin şahidi oldum. Onları (polisləri) dayandırmağa çalışdım, lakin özümü amansızca döydülər”. Daha sonra ombudsman Gürcüstanın “insan hüquqlarının elementar səviyyədə qorunmadığı” ölkəyə çevrildiyini iddia edir.

Həmin mitinqin dağıdılması zamanı polisin davranışını “Human Rights Watch” beynəlxalq hüquq müdafiə təşkilatı “Asayişin təmin olunması üçün qanuni tədbirlərdən kənar” hərəkətlər kimi səciyyələndirir, jurnalistlərə qarşı baş verənləri isə hətta “terror” adlandırırdı.

Daha bir veteran dissident Nana Kakabadze 2011-ci ildə verdiyi müsahibədə ölkədəki siyasi məhbusların sayının 70 nəfəri ötdüyünü söyləyir. Nana xanım eləcə də həbsxanalarda dözülməz vəziyyətin hökm sürdüyünü, dustaqların ağır işgəncələrə məruz qaldığını iddia edirdi. O zaman inanılmaz görünən bu iddialar sonradan təsdiqini tapdı.

Bu gün Saakaşvili Ukrayna vətəndaşlığının ləğv edilməsi haqqında xeyli hay-küy qaldırır. Maraqlıdır ki, özü prezident olarkən milyarder Bidzina İvanişviliyə qarşı eyni cür davranmışdı. SSRİ dağılandan sonra Rusiya vətəndaşı kimi qalan İvanişviliyə 2004-cü ildə məhz Saakaşvili iqtidarı Gürcüstan vətəndaşlığı vermişdi. 2010-cu ilin martında isə Bidzina Fransa vətəndaşlığını da qəbul edir.

Gürcüstan qanunvericiliyinə görə başqa vətəndaşlıq qəbul edən şəxs ölkə vətəndaşlığından məhrum olunmalı idi. Lakin nə qədər ki, İvanaşvili mövcud iqtidarı dəstəkləyirdi, hətta onun maliyyə donorlarından biri idi (milyarderin öz iddiasına görə müxtəlif layihələrə 1 milyard pul xərcləmişdi), qanunun bu tələbi yada düşmürdü.

2011-ci ilin oktyabrında Bidzina İvanişvili iqtidarı kəskin tənqid edir və bəyan edir ki, hakimiyyətin Saakaşvili tərəfindən total inhisara alınması onun siyasi partiya yaradaraq 2012-ci il parlament seçkilərində iştiraka təhrik edir. Çıxışı zamanı Bidzina Qriqoryeviç Rusiya və Fransa vətəndaşlığından imtina edəcəyini bildirir.

Lakin o, digər vətəndaşlıqlardan imtina etməyə macal tapmadı. İvanişvilinin tənqidi qanunun tələbini Saakaşvili iqtidarının yadına saldı və bir neçə gün sonra onun və xanımının Gürcüstan vətəndaşlığına son verildi. Əslində isə verilən qərarın hüquqi deyil, siyasi mahiyyət daşıması heç kəsə sirr deyildi.

Nəhayət, Gürcüstanın parlament respublikasına keçməsi planı da heç də təqdim edildiyi kimi demokratiya naminə deyil, Saakaşvilinin fasiləsiz hakimiyyətini təmin etmək üçün nəzərdə tutulmuşdu. İki dəfədən artıq prezident seçilməyin qadağan olduğu ölkədə dəfələrlə baş nazir olmaq mümkün idi.

Ölkəmizdəki tərəfdarlarının əsas bəraətverici arqumenti Saakaşvilinin seçki nəticəsində hakimiyyəti təhvil verməsidir. Halbuki Saakaşvilinin başqa imkanı yox idi. Seçkilərdə total saxtakarlıq, diktatura qurulması təkcə iqtidarın istəyi ilə həyata keçmir. Bunun üçün bir çox siyasi və geosiyasi, sosial və iqtisadi (maliyyə) şərtlər vacibdir.

Saakaşvili istər adi dövrdə, istərsə də seçki kampaniyası zamanında müxalifətlə mübarizədə inzibati resursdan kifayət qədər istifadə edib. O başqa məsələdir ki, Gürcüstanda iqtidarın resursu Azərbaycandakı qədər deyildi. Üstəlik, ölkə üzrə ən aşağı reytinqə paytaxt Tbilisidə malik olması da ona seçim imkanı vermirdi.


Ukrayna

Saakaşvilinin demokrat olmadığını çoxdan qəbul etsəm də, yuxarıda yazdığım bir çox mətləblərdən uzun müddət özümün də xəbəri olmayıb. O səbəbdən də Mixail Nikolozoviçə münasibətimi əsasən müsbət saymaq olardı. Yalnız məhbəsdə gürcü məhbuslarla rast gəldikdə və onların Gürcüstan zindanlarındakı dəhşətlər barədə əhvalatlarına qulaq asdıqca münasibətim mənfiyə doğru dəyişməyə başladı.

Elə həbsdə olduğum dövrdə də Saakaşvilinin Ukrayna vətəndaşlığını qəbul etməsi və Odessaya qubernator təyin olunması xəbərini eşitdim. Açığı, mənim görüşlərimdə belə bir addım tamamilə qəbuledilməzdir. Bir dövlətin keçmiş rəsmisinin beynəlxalq şirkətdə, lap xarici dövlət iqtidarında məsləhətçi və ya bu tipli digər vəzifə tutmasını anlaya bilərəm. Lakin dövlət rəhbəri olmuş şəxsin öz ölkəsinin vətəndaşlığından imtina etməsi, başqa ölkədə üçüncü dərəcəli bir vəzifə tutması anlaşılmazdır.

Daha sonra isə yeni qubernator bilavasitə öz vəzifəsinin icrası ilə məşğul olmaq əvəzinə ümum-Ukrayna məsələlərinə müdaxilə etdi. Keçmiş tələbə yoldaşının yardımçı olacağını uman Poroşenko onun şəxsində sakitləşməyən başağrısı ilə rastlaşdı.

Ukraynanın müasir hakimiyyəti barədə yüksək fikirdə deyiləm. Lakin hesab edirəm ki, ölkənin indiki durumunda ən çox ehtiyacı olan yeni siyasi sarsıntılardan qaçmaq, hakimiyyət orqanlarının yalnız seçki yolu ilə formalaşmasını təmin etməkdən ibarətdir.

Saakaşvilinin rəsmi Kiyevi bulaşmaqda ittiham etdiyi korrupsiya təbii ki, böyük bəladır. Lakin hazırda Ukrayna dövləti üçün daha böyük təhlükələr var. Növbəti siyasi böhran belə təhlükələrdən biridir. Üstəlik, reytinqi 1,5-2% arasında sürünən, bu səbəbdən də ölkənin məsuliyyətini öz üzərinə götürə bilməyən birisinin bu böhrana səbəb olması çox təhlükəlidir.

ABŞ, Avropa Birliyi, Beynəlxalq Valyuta Fondu Ukraynada korrupsiya ilə mübarizəyə nəzarət etməyə çalışırlar.

Ən əsası isə, ölkədə azad seçkilər var, 15 ay sonra prezident seçkiləri keçiriləcək. Xalq istəyərsə, hakimiyyəti dinc yolla dəyişə bilər. Korrupsiya nə həcmdə olursa olsun, bu 15 ay ərzində “Uşaqlığın son gecəsi” filmində deyildiyi kimi, ətin hamısını oğurlamayacaqlar.

Ümumiyyətlə, Saakaşvilinin Ukraynada qayığı silkələyərkən nəyə ümid etdiyini anlamaq çətindir. Nə təkbaşına, nə də koalisiyada “böyük müttəfiq” kimi hakimiyyətə gəlməsi mümkün deyil. “Kiçik müttəfiq” kimi hakimiyyətə gələcəyi təqdirdə isə tərəfdaşları ilk fürsətdəcə onun kimi idarəolunmaz, sürpriz dolu bir şəxsdən qurtulmağa çalışacaqlar. Bu səbəbdən də keçmiş qubernatorun siyasi gələcəyi dumanlı görünür.


Nəticə

1. Liderin hansısa hərəkətinin tarixin gedişatını dəyişdiyinə dair nümunələr az deyil. Lakin 2003-cü ilin “Qızılgül inqilabına” belə bir nümunə, Saakaşvilinin heç nədən yaratdığı fenomen kimi baxmaq yanlışdır. Hələ Rəsulzadə gürcülərin “Qafqazda ən azadlıqsevər xalq” sayıldığını deyirdi. Bu azadlıqsevərlik sovet hakimiyyəti dövründə də öz təzahürünü tapırdı.

Baxmayaraq ki, gürcülər sovet dövlətinə Stalin, Beriya, Orconikidze və d. görkəmli xadimlər bəxş etmişdilər, azadlıq meylləri həmişə güclü olub. Nəticədə nə SSRİ-nin son 20-30 ilində, nə də müstəqillik dövründə Azərbaycandakı kimi güclü hakimiyyətə malik olmayıblar.

Qızılgül inqilabının kökünü də məhz bu azadlıqsevərlikdə, milli hüquqlar uğrunda ardıcıl aparılan mübarizədə axtarmaq lazımdır. Gürcülərin Şevardnadze hakimiyyətindən qurtulacaqları qaçılmaz idi. Və bu zaman hesab edirəm ki, Saakaşvili heç də ən uğurlu tale deyildi.

Gürcü azadlıqsevərliyinin və siyasi yetkinliyinin daha bir nümunəsi də odur ki, Saakaşvili hakimiyyətindən pəjmürdə olduqları zaman “gəldilər, gördük də” deyib, keçmişə qayıtmağa cəhd göstərmədilər. Bir daha yeni qüvvəni seçdilər.

2. Saakaşvili demokrat deyil. Onunla eyni hakimiyyətdə təmsil olunmuş az-çox müstəqil düşüncəli insanlar istefa verməli oldular. Mixail Nikolozoviç əksfikirliliyə qarşı dözümsüzdür, ona etiraz edənlərə bolşevik təfəkkürü ilə düşmən kimi yanaşır. Bu baxımdan hətta Şevardnadze daha mütərəqqi təsir bağışlayırdı.

Saakaşvilinin hakimiyyəti dövründə insan hüquq və azadlıqları mütəmadi olaraq pozulub. Qanunsuz həbslər, işgəncələr, mülkiyyətin alınması həyata keçirilib. Vəziyyət o həddə olub ki, bugün hüquq müdafiəçiləri indiki iqtidarı Saakaşvili dövründəki qanunsuzluqları araşdırmadığına görə tənqid edəndə, iqtidar nümayəndələri “bu qədər insana verməli olduğumuz kompensasiya üçün pulu haradan tapaq?” deyə cavab verirlər.

2016-cı ildə Gürcüstanda keçirilən parlament seçkiləri zamanı Saakaşvilinin banisi olduğu “Vahid milli hərəkat” partiyası ağır məğlubiyyətə uğrayaraq cəmi 27 mandata sahibləndi. Bu ilin yanvar ayında isə 21 deputat VMH-dan ayrılaraq “Avropa Gürcüstanı” adlı yeni partiya yaratdıqlarını elan etdilər.

Bir çox siyasi ekspertlərin fikrincə bu parçalanmanın səbəbini Saakaşvili hakimiyyəti dövründə axtarmaq lazımdır. Belə ki keçmiş prezidentin yol verdiyi qanunsuzluqlar sayəsində gürcülər arasında imici o qədər korlanıb ki, ona bağlı olan siyasi təşkilatın iqtidara gəlməsi mümkünsüz görünür. Bu səbəbdən də bir çox keçmiş silahdaşları ondan məsafələnməyə çalışırlar.

3. Saakaşvilinin Ukraynada etdikləri avantüradan başqa bir şey deyil. O, nə əhali, nə də siyasi qüvvələr arasında ciddi dəstəyə malik deyil. O, özü və formalaşdırmağa çalışdığı hərəkat getdikcə marginallaşır.

Poroşenko ilə konfliktinin erkən dövründə Saakaşviliyə müəyyən maraq göstərən, müttəfiqlik barədə düşünən siyasi qüvvələr belə onun gözlənilməzliklərindən, populizmindən bezmiş görünürlər.

4. Bu yaxınlarda Saakaşvilinin 50 yaşı tamam oldu. Mixail Nikolozoviçə münasibətdə mənimlə həmfikir olan virtual tanışım (müxalifətçi olmadığını vurğulayım) yubilyara uzun ömür, başına hər hansı bədbəxt hadisənin gəlməməsini arzuladı. Çünki bu zaman fəaliyyəti məntiqi sonluqla, yəni fiasko ilə başa çatmayacaq, çoxlu azərbaycanlının gözündə qalib, qəhrəman kimi qalacaq. Mən də Saakaşviliyə uzun ömür arzulayır, dama çıxarkən ehtiyatlı olmağı xahiş edirəm.

P.S. 2008-ci ildə Cənubi Osetiya ilə bağlı hərbi avantüra və onun alçaldıcı nəticələri məqalənin həcmini olduqca böyüdəcəyi və oxunaqlığına təsir edə biləcəyi üçün toxunulmadı.

Ana səhifəAnalitikaSaakaşvili: fenomen, yoxsa şişmiş şar