Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old (Fergus Auld) tərəfindən iyulun 16-da Azərbaycanda mətbuatın 150 illiyi ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə çıxış edən səfir son illər Azərbaycanda media azadlığı ilə baglı “narahatlıq doğuran hadisələrin müşahidə olunduğunu” qeyd edib.
2023-cü ilin noyabrından bəri Azərbaycanda qruplar halında 30 nəfərdən çox jurnalist qaçaqmalçılıq ittihamı ilə həbs edilib.
Onlar ittihamları qəbul etmir, həbslərini jurnalist fəaliyyətləri ilə əlaqələndirirlər.
Ferqus Old xüsusilə, “AbzasMedia”, “Toplum TV”, Meydan TV-nin jurnalistlərinin həbsinə, “BBC”-nin Bakı ofisinin bağlanılmasına və “Turan” agentliyinin fəaliyyətinin dayandırmasına diqqət çəkib.
O bütün bunları “jurnalistikaya və müstəqil mətbuata məyusedici zərbə” adlandırıb.
“Təəssüf ki, son illər Azərbaycanda media azadlığı ilə bağlı narahatlıq doğuran hadisələr müşahidə olunur. AbzasMedia”, “Toplum TV” və Meydan TV-nin jurnalistləri və nümayəndələrinin həbsi dərin narahatlıq doğurur. Bu ilin əvvəlində “BBC azərbaycanca”nın ofisinin bağlanması həm Azərbaycanda 1 milyonluq auditoriyaya, həm də müstəqil jurnalistikaya məyusedici zərbə oldu. Son zamanlar səfirliyimizlə uzun illər partnyor olmuş “Turan İnformasiya Agentliyi”nin fəaliyyətinin dayandırılması mətbuat azadlığına daha bir zərbə vurub”- səfir çıxışında belə deyib.
Azərbaycan rəsmilərindən bəyanata münasibət bildirilməyib.