Rüstəm İbrahimbəyovla vida mərasimi keçirilib

Foto: Meydan TV

Mərasimdə mədəniyyət naziri və incəsənət xadimləri iştirak ediblər

“Nizami” Kino Mərkəzində Azərbaycan Kinematoqrafiyaçılar İttifaqının (AKİ) sədri, Xalq yazıçısı Rüstəm İbrahimbəyovla vida mərasimi keçirilib.

Mərasimdə mədəniyyət naziri Anar Kərimov, mədəniyyət və incəsənət xadimləri, mərhumun ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları mərhumla bağlı xatirələrini bölüşüb, onun Azərbaycanın kino, teatr və ədəbiyyatı sahəsindəki böyük xidmətlərinin olduğunu vurğulayıblar.

Oğlu Fuad İbrahimbəyov jurnalistlərə atasının vəfatının gözlənilməz olduğunu deyib. Əlavə edib ki, valideyn itkisi çox ağırdır.

“Atam ölümqabağı dostlarına salam çatdırmağımı istədi. Dedi ki, əgər ölsəm, mənim bütün köhnə dostlarımı qucaqla, onlara sevgimi çatdır. Onun vətənində dəfn olunmasına sevinirəm. Onu sevənlər, gəlib, məzarını ziyarət edə biləcəklər”, – mərhumun oğlu bildirib.

Xalq artisti, kinoaktyor Rasim Balayev, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Rzayev, AYB-nin katibi, Xalq yazıçısı Çingiz Abdullayev, Xalq şairi Ramiz Rövşən də Rüstəm İbrahimov haqqında danışıblar.

Foto: Meydan TV

Rüstəm İbrahimbəyov martın 11-də uzun sürən xəstəlikdən sonra 83 yaşında vəfat edib.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva vida mərasiminə əklil göndərib.
Rüstəm İbrahimbəyov 1939-cu ildə Bakıda doğulub.

Azərbaycan Neft və Kimya İnsitutunu bitirib. Həmçinin Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda ssenarist və rejissor ixtisaslarına yiyələnib.

Onun əsərləri əsasında qırxdan çox bədii, televiziya filmləri və tamaşaları çəkilib. Həmçinin pyesləri səhnələşdirilib.

2005-ci ildə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin sifarişi ilə Rüstəm İbrahimbəyovun ssenarisi əsasında “Köçərilər” filmi çəkilib. Film 2007-ci ildə “Oskar” mükafatına təqdim olunması barədə təklif alıb.
Çəkilişlərə 30 milyon dollar dövlət vəsaiti xərclənib.
Filmin bir nüsxəsi Azərbaycan Dövlət Film Fonduna hədiyyə edilib.

Rüstəm İbrahimbəyov Azərbaycan Kinematoqrafçılar İttifaqının (1981) katibidir.

O, 2001-ci ildə “İbRus” teatrını (İB- İbrahimbəyov, RUS-Rüstəm) yaradıb.
Rüstəm İbrahimbəyovun İçərişəhərdəki şəxsi evində yerləşən “İbRus”da tamaşalar iki dildə: Azərbaycan və rus dillərində oynanılıb. Teatrın fəaliyyəti Xalq yazıçısının siyasi fəaliyyətindən dolayı ölkəni tərk etməsindən bir müddət sonra dayandırlıb.

Müxalif siyasi qüvvələrin birləşdiyi Milli Şura 2013-cü ilin prezident seçkisində Rüstəm İbrahimbəyovun namizədliyini irəli sürmüşdü. Lakin İbrahimbəyovun Rusiya vətəndaşlığını səbəb gətirən Mərkəzi Seçki Komissiyası (MSK) onun namizədliyini qeydə almaqdan imtina etmişdi. Həmin vaxtdan İbrahimbəyov Azərbaycandan kənarda yaşayırdı.İllərlə mühacirətdə yaşayan Rüstəm İbrahimbəyov qardaşı Xalq yazıçısı Maqsud İbrahimbəyovun vəfatından sonra Azərbaycana gəlib. Sonralar o, Azərbaycana tez-tez gəlirdi, müxtəlif tədbirlərdə iştirak edirdi.

Rüstəm İbrahimbəyov I Fəxri Xiyabanda dəfn ediləcək.

Ana səhifəMədəniyyətRüstəm İbrahimbəyovla vida mərasimi keçirilib