”Rusiyanın xeyir-duası olmadan Ermənistan Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımaz”

”Bu münaqişədə zəif yerimiz bərbad idarəetməyə malik olmağımızdır”

Mənbə: AFU
Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə


”Bu münaqişədə zəif yerimiz bərbad idarəetməyə malik olmağımızdır”

“Ermənistan hökumətinin “Dağlıq Qarabağ Respublikasının tanınması” haqqında qanun layihəsini dəstəkləməsi siyasi şantaj və öz xalqını aldatmaqdır. Hesab edirəm ki, Ermənistan parlamenti Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımayacaq. Əslində, Ermənistanın Azərbaycana ərazi iddiaları sovet dövründə qanunsuz olduğu üçün son 20 ildə etdikləri də beynəlxalq hüquqa ziddir. Hətta SSRİ Ali Soveti Rəyasət Heyəti o zaman Ermənistanın ərazi iddialarının qanunsuzluğunu təsdiqləyən qərar qəbul etmişdi. SSRİ dağılandan sonra BMT TŞ və ATƏT-nin qərar və qətnamələri Dağlıq Qarabağın müstəqil dövlət olaraq beynəlxalq aləm tərəfindən tanınmadığını, Ermənistanın büynəlxalq hüquqa qarşı getdiyini təsdiqləyir”.

Bu fikirləri Meydan TV-yə siyasi şərhçi Zərdüşt Əlizadə deyib.

O, bildirib ki, böyük dövlətlər münaqişədə fayda gördükləri üçün qəti fikir demirlər. Təcavüzə məruz qalana deyirlər ki, təcavüzkarla dil tap. Belə şəraitdə Ermənistan siyasi və qeyri-siyasi, qanuni və qanunsuz amillərdən istifadə etməyə çalışır. O, cümlədən Azərbaycanı diplomatik hədəylə hədəf kimi saxlayır. Hər dəfə cəbhə bölgəsində vəziyyət gərginləşəndə Ermənistan parlamentində Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımaqla bağlı müzakirələr açılır. Ancaq Ermənistanın hakim zümrəsi Rusiyanın agenturası olduğundan müstəqil hərəkət etmək imkanından məhrumdurlar. Çünki Ermənistan diplomatiyasının istiqamətlərini Rusiyanın Xarici İşlər Nazirliyinin hansısa bir şöbəsi müəyyənləşdirir. Kreml də vəziyyətin gərginləşməsində maraqlı deyil, onsuz da indiki formatla hər iki respublikanı itaətində saxlayır. Bu baxımdan Rusiya prezidentinin xeyir-duası olmadan Ermənistan heç vaxt Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımaz”.

Siyasi şərhçi Ermənistan mətbuatının layihəni bayram kimi qeyd etməsini onların səviyyəsizliyiylə əlaqələndirdi. Ermənistanda 2-3 müstəqil siyasi şərhçi var, qalanları hakim zümrəyə qulluq edə-edə erməni xalqını bədbəxt ediblər. Azərbaycanda bir az fərqli situasiyadır, heç olmasa 10 nəfər siyasətşünas dünyadakı geopolitik oyunları anlayan var: “Təsəvvür edin ki, Rusiyanın dəstəyiylə ərazilərimizi işğal edən Ermənistan hakim elitası cani və inhisarçı rejim yaradıb, öz cinayətlərini uydurma soyqırım və Böyük Ermənistan yalanlarıyla ört-basdır edib xalqı xəstələndiriblər. Çox təəssüf ki, müxalifləri də eyni düşüncədədirlər”.

“Fərz edək ki, tanıdılar, ardınca da təmtaraqla Stepanakertdə Ermənistanın səfirliyini açdılar, sonra nə olacaq? Hansı dövlət Dağlıq Qarabağı tanıyacaq? Heç bir dövlət tanımayacaq və Minsk Qrupu fəaliyyətini dayandıracaq. İkinci, həmin layihənin qəbuluna görə Ermənistana hansısa dövlət maliyyə yardımı edəcək, yaxud yatırım qoyacaq? Bu ölkənin iqtisadi vəziyyəti pis olduğundan milyardlarla dollara ehtiyacları var. Rusiya istənilən səviyyədə maliyyə dəstəyi verməyəcək, çünki özü böhrandadır. Üçüncü, Rusiyanın vasitəçilik funksiyası var, Moskva Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, beynəlxalq hüquqa hörmət etdiyini deyir. Sual yaranır, Rusiya Qarabağ separatçılarını müstəqil dövlət kimi tanıyandan sonra Bakı-Moskva münasibətləri necə olacaq? Deməli, Rusiya vasitəçi yox, münaqişə tərəfi olacaq. Belə olanda, Azərbaycan Türkiyə və NATO-dan zəmanət alır ki, ərazisini işğal edənlərə qarşı anti-terror əməliyyatı keçirir. Təbii ki, Rusiyaya güclü təzyiqlər olacaq və döyüş meydanında atom silahı işlədilmir. Amma eyni zamanda diplomatik oyun gedir. Ermənistan-Azərbaycan münaqişəsi Rusiya üçün həm də Qərblə əməkdaşlıq deməkdir. Ona görə Kreml Ermənistanın həmin layihəni qəbul etməyə imkan verməz”,-deyə Əlizadə bildirib.

O, bu münaqişədə Azərbaycanın zəif yerinin bərbad idarəetmə olduğunu düşünür: “Bu idarəetməylə Ermənistana hər gün bir hədiyə veririk. Məsələn, bir gün əvvəl Açıq Hökumət Tərəfdaşlığının İdarəetmə Komitəsi Azərbaycanın bu layihədə iştirakını “qeyri-aktiv” edib, bir il əvvəl isə Beynəlxalq Şəffaflıq Koalisiyasında üzvlüyümüzü dondurmuşdular. Yaxud ölkədə fərqli düşünən nə qədər insanı həbs edirlər, demək istəyirəm ki, Azərbaycanın adının “qara siyahı”larda olması Ermənistana böyük xidmətdir. Yəni Azərbaycan İlham Əliyev və Ramiz Mehdiyevin sayəsində normal insanın yaşaya bilmədiyi avtoritar dövlət statusu qazanır. Ermənistan da bundan öz xeyrinə istifadə edir”.

Ana səhifəAnalitika”Rusiyanın xeyir-duası olmadan Ermənistan Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımaz”