Böyük Britaniyanın yeni siyahısında uşaq təşkilatının, hüquq müdafiəçilərinin də adı var
Böyük Britaniyanın sanksiya siyahısını yenilədiyi bildirilir.
Ölkənin Maliyyə Sanksiyalarının Tətbiqi Ofisinin (OFSI) dərc etdiyi siyahıda Rusiyanın təhsil naziri Sergey Kravtsov, mədəniyyət naziri Olqa Lyubimova və jurnalist Anton Krasovskinin də adı olduğu deyilir.
Britaniya hakimiyyət orqanlarının məlumatına görə, təhsil naziri Sergey Kravtsov Rusiya hökumətinin ukraynalı uşaqların deportasiya olaraq təhsildən kənarda qalmasına, yaxud da yenidən cəlb olunmasına səbəb olub.
Mədəniyyət naziri Olqa Lyubimova isə Ukrayna suverenliyinə təhlükə yaradan siyasəti və hərəkətləri dəstəkləyib.
Siyahıya ilhaq edilmiş Krımdakı “Artek” beynəlxalq uşaq mərkəzi də daxildir. Sanksiyaların əsaslandırılmasında mərkəzin ukraynalı uşaqların məcburi deportasiya səbəbindən təhsildən kənarda qalması ilə məşğul olmadığı bildirilir.
Siyahıya həmçinin Moskva vilayəti hökumətinin sədr müavini Vyaçeslav Duhin, özünü elan etmiş Donetsk Xalq Respublikası rəhbərinin uşaq hüquqları üzrə müşaviri Eleonora Fedorenko, Xarkov vilayətinin işğal olunmuş hissəsinin Rusiya tərəfindən təyin edilmiş rəhbəri Vitali Qançev, Başqırdıstanın ailə, əmək və sosial müdafiə naziri Lenara İvanova, “Gənclər Ordusu”nun (Yunarmiya) Sevastopol bölməsinin aparat rəhbəri Vladimir Kovalenko, Adıgey Respublikasının dövlət başçısı Murat Kumpilov, uşaq hüquqları üzrə müvəkkilləri Kseniya Mişonova və Daria Morozova, siyasətçi Timofey Sergeytsev, Kamçatkanın qubernatoru Vladimir Solodov da var.
Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.
Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib. Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.
600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.