Elxan Şahinoğlu deyir ki, bu, Ermənistan hakimiyyətinə yönələn təhlükədir
İyul ayının əvvəlində Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (HUR) Rusiyanın Ermənistandakı hərbi mövcudluğunu genişləndirməsi ilə bağlı məlumat yayıb.
Məlumata görə, Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasına yeni müqaviləli hərbçilərin cəlb olunması prosesi başlanılıb. Bu məqsədlə Rusiya Müdafiə Nazirliyi 13 may tarixli rəsmi əmrlə Şimali Osetiya, Adıgey, Rostov, Volqoqrad vilayətləri və işğal olunmuş Krımdan şəxsi heyət toplayır. Bu prosesin 11 iyuna qədər tamamlanması planlaşdırılırdığı deyilirdi.
Ukrayna Dövlət Kəşfiyyat İdarəsi Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin qərargah rəisi vəzifəsini icra edən general-mayor Zemskovun telegramını dərc edib.
“Sənəddə Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin komandirinin Ermənistanın Gümrü şəhərindəki Rusiya hərbi bazasının qondarma əlavə ştatlarla rus qoşunlarının qruplaşdırılmasının artırılması haqqında əmri var”, – İdarə əlavə edir.

Ukrayna tərəfi bunu Rusiya tərəfindən Cənubi Qafqazda təsir dairəsini genişləndirmək və xüsusən də Azərbaycanla münasibətlərin gərginləşdiyi fonda hərbi təzyiq vasitəsi kimi dəyərləndirir.
Xəbər iyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində Rusiya təhlükəsizlik qüvvələrinin qətl işi ilə əlaqəli reyd zamanı iki Azərbaycan vətəndaşını öldürdüyü və bir neçə nəfərin yaralanması ilə nəticələnən əməliyyatdan sonra Rusiya-Azərbaycan münasibətlərinin kəskin şəkildə pisləşməsi fonunda yayılıb.
Ukraynanın hərbi kəşfiyyatı iddia edib ki, bu addım “qlobal təhlükəsizlik vəziyyətinin sabitliyini pozmaq” məqsədi daşıyır.
Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan bu xəbəri təkzib edib.
Bununla belə, Ermənistan rəsmiləri bu iddiaları kəskin şəkildə təkzib edir. Ölkənin Xarici İşlər Nazirliyi yayılan məlumatları “əsassız və təxribat xarakterli” adlandıraraq, Ermənistan ərazisinin heç bir halda üçüncü ölkələrin qonşu dövlətlərə qarşı hərbi məqsədlərlə istifadə olunmasına icazə verilmədiyini bildirib. Nazirliyin sözçüsü Ani Badalyan qeyd edib ki, belə məlumatlar ictimai rəyi çaşdırmaq və Ermənistanın suverenliyinə xələl gətirmək məqsədi daşıyır.
Siyasi şərhçi Elxan Şahinoğlu da hesab edir ki, Rusiya Gümrüdəki hərbi bazada şəxsi heyətini gücləndirirsə, bu, Azərbaycana deyil, daha çox Ermənistan hakimiyyətinə, onun müstəqilliyinə yönələn təhlükədir.

“Çünki indi Ermənistan hökümətinə qarşı müxtəlif güclər birləşib. Paşinyan radikal müxalifət, kilsə və Rusiya vətəndaşı olan erməni mənşəli oliqarxlarla mübarizə aparmaq məcburiyyətindədir. Bu üç qüvvə Moskvadan dəstəklənir. Ona görə də Moskva Ermənistandakı hərbi bazanı gücləndirirsə, bundan daha çox Paşinyan ehtiyat etməlidir”.
Politoloq bildirir ki, Gümrüdəki hərbi bazadan Azərbaycana təxribat olması ehtimalı çox aşağıdır.
“Belə bir halın olması Rusiyanın özünün maraqlarına ziddir. Çünki bu, bölgədə böyük bir qarşıdurmaya səbəb ola bilər. Düzdür, indi Rusiya-Azərbaycan münasibətlərində müəyyən gərginlik var. Amma bu gərginlikdən çıxış edərək Rusiyanın Ermənistan üzərindən Azərbaycana qarşı təxribat edəcəyi ehtimalı çox yüksək deyil. Bu, əsas Paşinyana qarşı olacaq həmlədir. Ona görə Paşinyan və Ermənistan bundan daha çox ehtiyat etməlidir. Paşinyanı bu yolla Rusiyadakı qüvvələr Rusiya hərbi komandanlığı devirə və yaxud fiziki nöqteyi nəzərdən məhv edə bilər”, – Elxan Şahinoğlu belə deyib.
İyunun 25-də Ermənistanın hüquq-mühafizə orqanları “Müqəddəs mübarizə” müxalifət hərəkatının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyanı həbs edib.
Ermənistan Milli Təhlükəsizlik Xidməti Qalstanyanın rəhbərlik etdiyi qondarma “kriminal-oliqarx ruhanilərin” “böyük və məkrli” planının qarşısının alındığını elan edib.
İyunun 30-da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Xarici İşlər Nazirləri Şurasının iclasından sonra keçirilən brifinqdə Lavrov bu hadisələri şərh edərkən “Kilsə həmişə erməni cəmiyyətinin əsas sütunlarından biri olub və biz çox istəməzdik ki, heç bir ciddi əsas olmadan əsassız hücumlara məruz qalsın”, – deyə bildirib.
Bunun cavabında, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovun bəyanatına cavab verib və onu “Ermənistanın daxili işlərinə və daxili siyasətinə qarışmaqdan çəkinməyə” çağırıb.
Gümrüdəki 102-ci Rusiya hərbi bazası 1995-ci ildən fəaliyyət göstərir və bu baza ilə bağlı sazişin müddəti 2044-cü ilə qədər uzadılıb. Bazada təxminən 3-5 minə yaxın hərbçi, MiQ-29 qırıcıları, S-300 zenit-raket kompleksləri və digər hərbi texnika yerləşdirilib.
Ermənistan rəhbərliyi artıq bir neçə ildir ki, ölkənin yalnız Rusiyaya əsaslanan təhlükəsizlik siyasətinin uğursuz olduğunu açıq şəkildə bəyan edir. Baş nazir Nikol Paşinyan Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) üzvlüyünü “dondurduqlarını” bildirərək, ölkənin təhlükəsizlik sistemini şaxələndirməyə çalışır. Ermənistan ABŞ və Avropa İttifaqı ilə münasibətləri gücləndirir, sərhəd təhlükəsizliyini öz nəzarətinə götürür və Qərblə yeni əməkdaşlıq formatları axtarır.