Rusiyalılara qarşı sanksiyaların müddəti uzadılıb

Rusiyaya qarşı sanksiyalar. Foto: Anton Petrus/shutterstock

 

Sanksiyalar 1206 şəxs və 108 quruma şamil ediləcək

Brüssel Moskvaya qarşı sanksiyaları 6 ay da uzadıb.

Avropa İttifaqı Rusiyanın fiziki və hüquqi şəxslərinə qarşı sanksiyaların 2023-cü ilin martın 15-dək uzadıldığını elan edib.

Məlumat Avropa İttifaqının rəsmi saytında yayılıb.

Bildirilib ki, mövcud məhdudlaşdırıcı tədbirlərə fiziki şəxslər üçün səyahət məhdudiyyətləri, aktivlərin dondurulması və siyahıya alınmış şəxslərə və qurumlara maliyyə və ya digər iqtisadi resursların verilməsinə qadağa daxildir.

“Sanksiyalar 1206 şəxs və 108 quruma şamil ediləcək”, – deyə məlumatda qeyd olunub.

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib. Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib. 600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib. Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Ana səhifəDünyaRusiyalılara qarşı sanksiyaların müddəti uzadılıb