Rusiyalı ekspert: Azərbaycan və Ermənistan Putinə nəzakət nümayiş etdiriblər

Gəncəyə raket zərbəsi endirilməsinə gəlincə, Pavel Fengenhauer bildirib ki, beynəlxalq hüquqda dinc əhaliyə qarşı R-17 və ya “Skad” raketlərindən istifadə qadağan olunur

Source: Turan İA


Pavel Felgenhauer: “Çox güman ki, Qarabağın cənubunda və şimalında döyüşlərin davam edəcək"

"Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının Moskva görüşü deklarativ xarakter daşıyırdı. Görüşün yekunlarına görə saziş deyil, bəyanat qəbul edilib. Buna görə bu görüşdən ciddi heç nə gözləməyə dəyməz".

Bunu son günlər Qarabağda Azərbaycanla Ermənistan arasında gedən döyüşləri şərh edən rusiyalı hərbi ekspert Pavel Felgenhauer “Turan”a deyib.

Pavel Felgenhauer hesab edir ki, 2016-cı ildə olduğu kimi atəşkəsin qüvvəyə minməsi üçün sazişi hərbiçilər imzalamalıdır: “Bundan başqa, tərəflərin atəşkəs üçün siyasi iradəsi olmalıdır, bu iradə isə, göründüyü qədər, yoxdur və hətta həlak olanların dəyişdirilməsi belə baş vermir. Bu halda Azərbaycan və Ermənistan, sadəcə olaraq, Putinə qarşı nəzakət nümayiş etdiriblər, onun müraciətinə səs verərək Moskvaya gəliblər”.

Qarabağ münaqişəsi ilə bağlı Moskvanın strategiyası haqqında suala cavabda ekspert deyib ki, belə bir strategiya sadəcə olaraq yoxdur: “Moskva bu və ya digər tərəfdə durmaq istəmir, buna görə müşahidə edir. Ümumilikdə, Rusiya Cənubi Qafqazda öz təsirini möhkəmləndirməyə, bir növ “Rus dünyası”nı bərpa etməyə çalışır. Bu səbəbdən o, tərəflərdən birini açıq-aşkar dəstəkləməyəcək".

Pavel Felgenhauerin sözlərinə görə, Türkiyənin döyüş əməliyyatlarına birbaşa cəlb olunması Rusiya üçün qırmızı cizgi olardı və onda vəziyyət dəyişə bilər.

Gəncəyə raket zərbəsi endirilməsinə gəlincə, Pavel Fengenhauer bildirib ki, beynəlxalq hüquqda dinc əhaliyə qarşı R-17 və ya “Skad” raketlərindən istifadə qadağan olunur: “Bu raketlər hərbi obyektlərin vurulması üçün nəzərdə tutulub. İş məhkəməyə qədər gedib çatsa, ermənilər, yəqin ki, deyəcəklər ki, onlar hərbi obyekti hədəf alıblar, raket isə hədəfdən bir kilometr yayına bilər və onlar hədəfi vura bilməyiblər”.

Onun sözlərinə görə, Azərbaycanın müvafiq texniki vasitələri – radarları olmalıdır: “Bilmirəm, Azərbaycanın belə vasitələri var, ya yox, amma Moskvanın və Vaşinqtonun var və onlar raketin haradan buraxıldığını dəqiq bilirlər. Amma bir qayda olaraq, nə Vaşinqton, nə Moskva bu məlumatları paylaşır. Raket Ermənistandan buraxılıbsa, vəziyyət başqadır, Qarabağdan buraxılıbsa, başqa”.

Fengenhauer davam edən hərbi əməliyyatlarla bağlı proqnozları haqqında suala cavab verməkdə çətinlik çəkib: “Çox güman ki, Qarabağın cənubunda və şimalında döyüşlərin davam edəcək. Konkret nəsə demək çətindir, amma bir şey aydındır – Azərbaycan daha güclüdür və onun resursları daha çoxdur”.

Oktyabrın 11-də Gəncə şəhərinin yaşayış binasına raket zərbəsi ballistik “Skad” (Scud) raketi ilə endirilib.

Bu barədə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin icraçı direktoru Qəzənfər Əhmədov oktyabrın 12-də keçirdiyi brifinqdə söyləyib.

Qəzənfər Əhmədov Gəncənin sıx yaşayış məntəqəsilə atılan raketin bütün parçalarını toplayıb tədqiq etdikdən sonra belə bir nəticəyə gəldiklərini deyib: “Əvvəlcə “Toçka U” raketi zənn etsək də, bu, “Skad” raketidir”.

Onun sözlərinə görə, raketin parçalarının üzərində 8K14 yazısı aşkar edilib, bu da onun növünü müəyyən etməyə imkan verir: “Raketin uçuşməsafəsi 300 kilometrdir”.

Oktyabrın 11-nə keçən gecə Gəncəyə endirilən raket zərbəsi nəticəsində 10 nəfər, o cümlədən dörd qadın həlak olub. 34 nəfər yaralanıb.

Ana səhifəSiyasətRusiyalı ekspert: Azərbaycan və Ermənistan Putinə nəzakət nümayiş etdiriblər