Təşkilatçılar ifaçılarla siyasi motivli çıxışları önləmək üçün müqavilə bağlayacaqlar
Rus sənətçilər səhnədə siyasi mövzularda, xüsusən də Ukraynadakı hərbi əməliyyatlarla bağlı bəyanatla çıxış edə bilməyəcəklər.
Rusiyanın irimiqyaslı konsert təşkilatı şirkətləri hansısa ifaçının konsertini təşkil edən zaman onunla siyasi motivli çıxışını önləyəcək müqavilə imzalayacaqlar.
Müqaviləyə əsasən, ifaçı konsert zamanı hər hansı siyasi mövzudan yayınmağı öhdəsinə götürür. Həmçinin Ukraynadakı hərbi əməliyyatın gedişiatı ilə bağlı hər hansı yolla, o cümlədən audiovizual vasitələrlə məlumat yaymaq hüququ yoxdur.
Bundan başqa, sənətçi Ukraynanın dövlət rəmzlərindən, yaxud da buna bənzər atributlardan istifadə edə bilməz.
Bu qaydalara əməl etməyən sənətçinin konserti təxirə salınır. Üstəlik, təşkilati xərclərin hamısını özü ödəməli olur.
Müqavilədə 500 min rubl məbləğində cərimə də nəzərdə tutulub ki, musiqiçilər onu pozandan sonra üç gün ərzində ödəməli olacaqlar.
Musiqi şirkətləri bu addımı onunla əlaqələndiriblər ki, genişmiqyaslı konsertlərin təxirə salınması böyük maliyyə itkiləri ilə nəticələnir.
Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.
Ardınca Avropa İttifaqı ölkələri, həmçinin Böyük Britaniya, ABŞ, Kanada Rusiyaya müxtəlif sanksiyalar qoyub.
Sanksiyalar iqtisadiyyat, siyasətlə yanaşı, mədəniyyət sahəsindən də yan keçməyib.
Rusiya bir sıra beynəlxalq musiqi və kino festivvallarından kənarlaşdırılıb.
Həmçinin rus sənətçilərinə qadağalar tətbiq edilib.
Müharibə başlayandan sonra bir sıra rus sənətçiləri etiraz olaraq Rusiyanı tərk ediblər.