Onların bir neçəsi “qara siyahı”ya salınıb
Rusiyada Ukraynaya qarşı aparılan hərbi müdaxiləyə etiraz edən sənətçilərə qadağaların tətbiq edildiyi bildirilir.
Ölkənin müxtəlif regionlarında, həmçinin Moskva restoranlarında çıxış edən musiqiçilərə “qara siyahı” təqdim edildiyi deyilir.
Bildirilir ki, ifaçılara həmin sənətçilərin repertuarından mahnı oxumaq qadağan edilib.
“Qara siyahı”da Svetlana Loboda, Vera Brejneva, Valeri Meladze, “Порнофильмы” pank-qrupu, Nastya Kamenski və başqaları var.
Məlumatda həmçinin qeyd olunur ki, hərbi müdaxiləyə etiraz edən müğənnilərin konsertlərə dəvəti də qadağan edilib.
Rusiya fevralın 24-də Ukraynaya hücum edib.
Bir çox rus sənətçisi Ukraynadakı genişmiqyaslı hərbi müdaxiləyə səssiz qalmayıb.
Onlar istifadəçisi olduqları sosial şəbəkələr vasitəsilə sülhə çağırış ediblər.
Aralarında baş verənlərə görə açıq şəkildə Rusiya rəhbərliyini günahlandıranlar da olub, proseslərə reaksiya verməkdən çəkinənlər də.
Dövlət Dumasının spikeri Vyaçeslav Volodin isə Rusiyanın Ukraynada keçirdiyi hərbi əməliyyatı dəstəkləməyən mədəniyyət xadimlərinə öz postlarını tərk etməyi təklif edib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə mədəniyyət xadimlərini Vladimir Putinin ətrafında birləşməyə çağırıb.