Rusiya rublu müharibədən əvvəlki səviyyəyə düşüb

Rus rublu. Russian rubles/shutterstock

Natiq Cəfərli: “Qərbin sanksiyaları işləməyə başlayıb”

Aprelin 6-da Rusiya rublu ABŞ dollarına nisbətdə dəyər itirib.

Rubl Rusiyanın Ukraynanı işğal etməsindən əvvəlki vəziyyətinə enib.

Dolların məzənnəsi günün sonunda 81,375 səviyyəsinə düşüb.

Bu, yanvar ayının ortalarından başlayan davamlı enişin davamıdır.

Səbəb kimi beynəlxalq sanksiyalar, Avropa İttifaqının dəniz neft ixracına qadağası və Qərb şirkətlərinin Rusiyanı tərk etməsi fonunda bu ölkənin uzunmüddətli iqtisadi perspektivləri ilə bağlı məsələlər göstərilir.

Rubl Ukrayna münaqişəsinin ilk günlərində dəyərinin təxminən yarısını itirib, lakin Rusiya kapitala nəzarəti tətbiq etdikdən sonra vəziyyəti yaxşılaşıb.

İqtisadçı Natiq Cəfərli deyir ki, Rusiya rublu keçən ilin aprelindən bəri ilk dəfə dollar qarşısında 81 rubl=1 dollar səviyyəsinə qədər dəyər itirib.

Türk lirəsi də dəyər itirir…

O güman edir ki, yaxın aylarda 1 dollar 90-95 rublu görəcək:

“Qərbin sanksiyaları işləməyə başlayıb. Bundan başqa, hələ də Rusiyanın əsas şirkətləri qazancını dollarla əldə edir. Onlar dolları daha baha rubla dəyişməlidirlər ki, həm büdcə öhdəliklərini yerinə yetirsinlər, həm də rubulla daha çox kar əldə etsinlər. Daha çox rubl maaş artımı, gəlir artımı üçün şərait yaradır”.

İqtisadçı bildirib ki, hazırda türk lirəsi də dəyər ititməkdə davam edir.

Onun fikrincə, mayda baş tutacaq seçkilərin nəticələrindən asılı olmayaraq, lirə ucuzlaşmaqda davam edəcək: “Yaxın aylarda 1 dollar 25 lirə civarında ola bilər”.

Manatın taleyi necə olacaq?

Azərbaycan manatının taleyinə gəlincə, Natiq Cəfərli bildirib ki, bu daha çox inzibati qaydada idarə olunur: “Manatın öz həyatı var, dünyayi-aləm vecinə deyil, inzibati qaydada “iqtisadi zopa” ilə idarə olunur, yegənə dayağı, dirəyi də neft-qaz qiymətləridir. “Kağız neft” olan manatın son günlər kefi bir az da kökəlib. OPEC+ yenidən iqtisadi cinayət sayılan kartel sövdələşməsi ilə hasilatı kəskin azaldaraq qiyməti artırıb. Neft 100 dollara qədər bahalaşa bilər”.

İqtisadçı əlavə edir ki, ABŞ-ın indiki rəhbərliyi bu qərara, guya, etiraz etsələr də, əməli bir iş görmürlər.

Natiq Cəfərli
Foto: Meydan.TV

Onun fikrincə, OPEC+ iqtisadi cinayətlə məşğuldur.

İstəsələr, Beynəlxalq Məhkəmələrdə iş açıb OPEC+ cəzalandırarlar, amma etməzlər, çünki üzdə nə qədər baha neftdən şikayət etsələr də, dünyanın indiki əsas siyasi elitasına baha neft-qaz çox lazımdır:

“Ona görə lazımdır ki, bərpaolunan enerjiyə ayırdıqları yüzmilyardlarla subsidiyalar davam etsin, “yaşıl enerjiyə” özəl sektor da vəsait yatırsın – neft 40-50 dollar, qaz 230-250 dollar olsa bütün “yaşıl” layihələr “saralacaq” rentabelliyini itirəcək, bir tək subsidiyalarla ayaqda qalması çətinləşəcək”.

Natiq Cəfərli bildirir ki, yeni enerji keçidi strategiyası dünya üçün çox önəmlidir, insanlığın gələcəyi üçün atılan addımlardır, amma bunu zorla, pul səpməklə, siyasi və iqtisadi maraq qruplarının istəyi ilə deyil, orqanik, təbii olaraq həyata keçirmək lazımdır:

“Bərpaolunan enerji rentabelli və iqtisadi məntiqli olmalıdır. Bu zaman insanlıq üçün böyük irəliləyiş olacaq…”.

Ana səhifəİqtisadiyyatRusiya rublu müharibədən əvvəlki səviyyəyə düşüb