Rüfət Səfərovun məhkəməsi başlayıb

Rüfət Səfərov. İllüstrasiya: Meydan TV

Hüquq müdafiəçisinin ittiham olunduğu cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib

Hüquq müdafiəçisi, “Müdafiə Xətti” hüquq-müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

İyunun 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirlən prosesdə Rüfət Səfərovun vəkili Elçin Sadıqov vəsatət verərək müvəkkilinin şüşə kabinədən çıxarılaraq onun yanında əyləşməsini xahiş edib. Onun vəsatəti təmin edilib.

Daha sonra təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Vəkilin Rüfət Səfərovun ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin olunmayıb.

Məhkəmənin baxış iclası iyulun 14-nə təyin edilib.

Rüfət Səfərov 2024-cü il dekabrın 3-də həbs olunub.

Ona qarşı Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən bədənə az ağır xəsarət yetirmə), 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 221.1 (xuliqanlıq) maddələrilə ittiham irəli sürülüb.

Cinayət işində iddia olunur ki, Rüfət Səfərov Novxanıda torpaq satmaq adı ilə Natiq İmamquliyev adlı şəxsdən 60 min manat pul alıb.

Həmin şəxslə 2014-cü il dekabrın 3-də aralarında mübahisə düşüb və onu vurub.

Rüfət Səfərov isə bu ittihamların saxta olduğunu, həmin gün axşam saat 17:00 radələrində evə qayıdarkən qarajda maşından düşəndə bir nəfərin ona hücum etdiyini, dərhal da ətrafdan polislərin qaraja daxil olub, onu qandallayıb apardığını bildirib.

Hüquq müdafiəçisi vurğulayıb ki, Natiq İmamquliyevdən pul almaması bir yana, qarajdakı hadisəyə qədər ümumiyyətlə, onu görməyib.

Rüfət Səfərov həbsdə olsa da, 10 dekabr – Beynəlxalq İnsan Haqları Günü münasibətilə həmin vaxt ABŞ-nin dövlət katibi vəzifəsini daşıyan Entoni Blinken onu “İlin güclü hüquq müdafiəçisi” mükafatı ilə təltif edib.

Keçmiş dövlət katibi çıxışında vurğulayıb ki, Rüfət Səfərov hüquq müdafiəçisi kimi fəaliyyətinə görə həbs edildiyi üçün mükafatı özü qəbul edə bilmir.

Rüfət Səfərov vaxtilə Kənd Təsərrüfatı Nazirliyində baş hüquqşünas, ardınca prokurorluqda müstəntiq işləyib.

O, 2015-ci ilin dekabrında ölkədə insan hüquqlarının pozulması, qanunların işləməməsinə etiraz olaraq bəyanatla prokurorluğun müstəntiqi vəzifəsindən istefa verib.

Bu addımından sonra onun mənzilində axtarış aparan prokurorluq özünün də haqqında cinayət işi başladıb və o, həbs olunub.

Rüfət Səfərov 9 il azadlıqdan məhrum edilib.

2019-ci ilin martında əfv sərəncamı ilə vaxtından əvvəl azadlığa buraxılandan sonra “Müdafiə Xətti” təşkilatını təsis edərək insan hüquqlarının müdafiəsilə məşğul olmağa başlayıb.

Ana səhifəSiyasətRüfət Səfərovun məhkəməsi başlayıb