İqtisadçı: “Hər iki valyutaya təzyiq var”
Həftə ərzində Azərbaycana qonşu olan Türkiyə və Rusiyanın milli valyutaları dollar qarşısında dəyər itirməyə davam edib.
Bu gün bir dollar 99 rubl, 27 lirədir.
Hər iki ölkə Azərbaycanın əsas ticarət tərəfdaşıdır.
Bu ölkələrin valyutalarının zəifləməsi Azərbaycana, ölkənin milli valyutasına nə vəd edir?Manatı nə gözləyir?
Deputat, iqtisadçı Vüqar Bayramov deyir ki, rubl dollara nisbətdə yeni psixoloji həddə yaxınlaşmaqdadır.
ABŞ puluna nisbətən Rusiya valyutasının tezliklə üç rəqəmli həddədək ucuzlaşacağı da istisna deyil.
Artıq Rusiyada 1 dollar almaq üçün 100-ə yaxın rubl ödəmək lazımdır.
Son 1 ayda rublun itirdiyi dəyər 8 faizə qədərdir.
İqtisadçı bildirir ki, Türkiyədə də vəziyyət ürəkaçan deyil. Lirə də dollar qarşısında yeni psixloji həddə yaxınlaşır:
“Hazırda 1 dollar 27 lirə ilə dəyişdirilir. Ankaranın yeni iqtisadi siyasətinə rəğmən milli valyutanın ucuzlaşmasının qarşısını almaq mümkün deyil. Əslində, qısamüddətli dövrdə buna nail olmağın mümkünsüzlüyü öncədən də bəlli idi”.
Bir sözlə, Vüqar Bayramov da bildirir ki, hər iki valyutaya təzyiqlər davam edir.
Türkiyədə məzənnənin, sadəcə, ortamüddətli dövrdə stabilləşəcəyi gözlənilir.
Sanksiyalar isə rublu sıxmaqdadır. Bu baxımdan, Rusiya iqtisadiyyatı ilə bağlı pozitiv olmayan proqnozlar da valyuta bazarına təsirsiz ötüşmür:
“Sözügedən ölkələr Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Rusiya Azərbaycanın ən böyük idxalçı tərəfdaşı və qeyri-neft ixracatında əsas partnyordur. Türkiyə Azərbaycanın ümumi ticarət dövriyyəsində və eləcə də qeyri-neft ixracatında ikinci ən böyük tərəfdaşdır. Qonşu ölkələrin valyuta bazarlarında baş verənlərin manatın məzənnəsinə təsirlərinə gəldikdə isə, xatırlatmaq lazımdır ki, kursun müəyyənləşməsində əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir. Amma xarici tərəfdaşlarımızda milli valyutaların məzənnələri də əslində iqtisadi faktorlardan biridir”.
İqtisadçı qeyd edir ki, Azərbaycanın əsas ticarət tərəfdaşlarında milli valyutalarının dəyərsizləşməsi manatın nominal effektiv məzənnəsini möhkəmləndirir.
Bu isə qeyri-neft ixracatına təsirsiz ötüşməyə bilər:
“Azərbaycanda hələ ki məzənnə rejiminə keçirilməyib. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də bu il manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq.”
Beş ildən çoxdur ki, Azərbaycanda manatın dollar qarşısındakı kursu sabit qalıb: 1 dollar = 1.70 manat.
2015-2017-ci illərdə rəsmi kursu 0.7844 manatdan 1.7001 manata yüksələn dollar 2018-ci il martın 7-dən banklara 1.7 manata təklif edilir.