Azərbaycanda 20 il azadlıqdan məhrum edilən milyarder, Qarabağdakı separatçı qurumun keçmiş “dövlət naziri” Ruben Vardanyanın Ombudsmana müraciət etməsinə mane olunduğu bildirilir.
Bu barədə Ruben Vardanyanın ailəsi bəyanat yayıb.
Bəyanatda iddia olunur ki, Vardanyan martın 13-də ailəsi ilə telefon danışığı zamanı Ombudsman Səbinə Əliyevaya açıq şəkildə müraciət etməyə cəhd göstərdiyini dediyi an söhbət kəsilib.
Ailənin dediyinə görə, Vardanyan bu addımı ona görə atmağa məcbur qalıb ki, əvvəlki 10 gün ərzində vəkili vasitəsilə Ombudsmanla yazılı müraciətlər və telefon zəngləri yolu ilə əlaqə yaratmaq cəhdləri nəticəsiz qalıb.
“Məhkəmələr bir ay əvvəl başa çatıb, lakin nə Ruben, nə də bildiyimiz qədər digər erməni məhbuslar hələ də rəsmi hökmlərinin mətnlərini heç bir dildə – rus, erməni və ya Azərbaycan dillərində ala bilməyiblər. Onlar hansı maddələrlə məhkum edildiklərini, nə vaxt və hara köçürüləcəklərini bilmirlər. Hazırkı vəziyyətdən çox narahatıq. Azərbaycanda müstəqil hüquq müdafiə mexanizmlərinin, o cümlədən Beynəlxalq Qırmızı Xaç Komitəsinin ölkədən çıxarılması bütün məhbusları institusional müdafiədən məhrum edir. Yeganə ünsiyyət vasitəsi olan qısa telefon danışıqlarının belə kəsilə biləcəyindən qorxuruq”, – Vardanyan ailəsi bəyanatında bildirib.
Ruben Vardanyan 2023-cü il sentyabrın 27-də Ermənistana keçərkən Azərbaycan sərhədində saxlanılıb. Fevralın 17-də Bakı Hərbi Məhkəməsi Vardanyana sülh və insanlığa qarşı cinayətlərdə, müharibə cinayətlərində, terrorçuluqda, terrorçuluğun maliyyələşdirilməsində və Cinayət Məcəlləsinin digər maddələri üzrə təqsirli bilərək 20 il azadlıqdan məhrumetmə cəzası verib.