Rövşən Ağayev: İdxalın bahalaşması məmurların maraqlarına xidmət edir

Məhəmməd Talıblı: ”Gömrük rüsumlarının artımı istehsalın aşağı düşəcəyinin və bahalaşmanın anonsudur”

Source:


Məhəmməd Talıblı: ”Gömrük rüsumlarının artımı istehsalın aşağı düşəcəyinin və bahalaşmanın anonsudur”

“Ərzaq məhsulları ilə özünü təminetmə səviyyəsi ilə bağlı rəsmi statistikanın məlumatları olduqca etibarsızdır. Məsələn, rəsmi məlumata görə, meyvə-giləmeyvə istehsalının həcmi daxili tələbatdan 20 faiz, tərəvəz itehsalının həcmi daxili tələbatdan 3 faiz artıqdır. Rəsmi statistikaya görə, qoyun əti tələbatının 98 faizi, mal əti tələbatının 88 faizi, toyuq əti tələbatının 98 faizi, yumurta tələbatının 100 faizi daxili istehsal hesabına qarşılanır”.

Bunu iqtisadçı Rövşən Ağayev özünün bloqunda (

http://rovsanaghayev.blogspot.jp/2016/10/idxal-bahalasdran-yoxsullarn-cibin.html

) yazıb.

İqtisadçı deyir ki, bu sahədə alternativ hesablama və hesabatların yoxluğu real mənzərəni aydın görməyə imkan vermir:

“Sadə istehlakçı gözü ilə baxanda nə görürük?Yay mövsümü bitəndən sonrakı 7-8 ay müddətində ölkənin meyvə və tərəvəz tələbatı tam idxal məhsulları hesabına ödənir. Oktyabr ayının 2-ci yarısından sonra ta iyun ayının ortalarınadək İran və Türkiyədən gələn meyvə-tərəvəz, Polşa və Rusiyadan gələn kartofdan bizim tələbatı qarşılayır.

Pərakəndə satış kanallarında olan ət əsasən yerli məhsul olsa da, ət məhsullarının hazılandığı sənaye müəssisələrində, böyük kütlə ilə ət istehlakının baş verdiyi obyektlərdə (şadlıq evləri və restoranlar, dönərxanalar) idxal ətinin istifadə edilməsi ilə bağlı xeyli məlumatlar var. Yəni həmin idxal kütləsi nəzərə alınsa, tələbatda xaricdən alınan ətin real payının daha yüksək olduğu aydın olar”.


“Rüsumlar bazarda qiymətləri artıracaq”

“Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2015-ci ildə Azərbaycana 19.8 milyon dollar ət və ət məhsulları idxal edilib. Lakin comtrade məlumat bazasında dünya ölkələri tərəfindən Azərbaycana 67.8 milyon dollar dəyərində ət və ət məhuslları göndərildiyi əksini tapıb. Braziliyadan 24.5 mln., Hindistandan 13.5 mln., Ukraynadan 6 mln., Türkiyədən 3 mln. dollar ət və ət məmulatları idxal edildiyi göstərilir.

İdxaldan asılılığın yüksək olduğu şəraitdə yüksək rüsumların bazarda qiymətləri artıracağı şübhəsizdir. Xüsusilə də milli valyutanın ucuzlaşmasının davamlı olduğu və xarici valyutaların uzun müddət ərzində bahalaşacağı riskinin kifayət qədər yüksək olduğu şəraitdə idxal inflyasiyasının sürətlənməsi sosial durumu daha da ağırlaşdırcaq, yoxsulluğun miqyasını sürətlə genişləndirəcək. Xüsusilə də 2017-ci ilin büdcəsi göstərir ki, hökumət maaş, pensiya və sosial müavinətləri, ümumiyyətlə, indeksləşdirmək imkanında olmadığını nümayiş etdirir” – deyir iqtisadçı.

Daxili bazarı qorumağa yönəlik yüksək idxal tariflərinin tətbiqi daxili istehsalın inkişafına töhfə verə bilərmi? Rövşən Ağayevin fikrincə, verə bilər, amma hökumət aqrar sektorda yüksək çinli məmurlara yaxın iqtisadi qrupların yaratdığı iri təsərrfatları dəstəkləmək siyasətindən əl çəkib bütün resursları xırda və orta fermerlərə yönəltsə:

“İri təsərrüfatları qurmaq istəyənlər qoy öz kapitalı ilə qursun – onların onsuz da resursu var.

Məbləği 50 min manata qədər olan kreditləri Sahibkarlıq Fondundan xırda və orta fermerlərə heç bir girov təmin etmədən, maksimum 2-3 faizlə, güzəşt müddətini 5 ilə, kreditlərin qaytarılması dövrünü 15 ilə qədər artırmaqla, heyvandarlıq və meyvə-tərəvəz məhsullarına zəmanətli alış qiymətləri tətbiq etməklə qısa müddətdə daxili istehsalı tələbatı ödəyə biıəcək həddə qədər inkişaf etdirmək mümkündür. Bu kreditləri fermerlər heç bir bürokratik maneə olmadan, çox qısa müddət içərisində (maksimum həftə) götürməki imkanında olmalı, həmin kredit üçün riskləri sığortalayan mexanizmlər tətbiq edilməlidir.

İndilikdə isə hökumət yüksək gömrük rüsumlarını heç olmazsa mövsümi tətbiq etməlidir. Məsələn, meyvə-tərəvəz üçün rüsumlar iyunun 15-dən noyabrın 1-dək tətbiq edilə, qış-yaz aylarında dyandırıla bilər.

Bir daha vurğulayıram: kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunda rəqabət mühitinin olmadığı, resursların ədalətli bölgüsünə təminat verilmədiyi şəraitdə idxalın bahalaşması oliqarxiyanın və büdcəni doldurmaq üçün mənbə axtaran məmurların maraqlarına xidmət edir.

Məlumat üçün deyim ki, hazırda qonşu Rusiyada da mövsümi rüsumlar (ilin müəyyən aylaırnda) tətbiqi təcrübəsi var. Məsələn, meyvənin hər kq-ı üçün 0.12 avro, süd məhsullarının hər kq-ı üçün 0.29-0.35 avro. Hətta Rusiyanın DTT qarşısında götürdüyü öhdəlikər çərçivəsində bu rüsumların tətbiqi qüvvəsini saxlayır.

Qonşu Gürcüstanda isə tamam fərqli yanaşma tətbiq edilir. Ölkə daxilində tələbatı ödəyə biləcək səviyyədə istehsalı mümkün olan məhsullar (məsələn, təzə kartof və tərəvəz) üçün 12 faiz idxal rüsumu tətbiq edilir. Lakin o məhsulların ki, istehsalı ya mümkün deyil, yaxud tələbatı ödəyəcək səviyyədə potensial yoxdu (məsələn, banan, kokos, əncir, qarığadalı, yaşıl çay), həmin məhsullara idxal rüsümu “0” dərəcə ilə tətbiq olunur”.



Bahalaşmanın anonsu

“Gömrük rüsumlarının artımı istehsalın aşağı düşəcəyinin və bahalaşmanın anonsudur”.

Bunu isə iqtisadçı Məhəmməd Talıblı öz “Facebook” səhifəsində yazıb. Onun sözlərinə görə, növbəti ilin dövlət büdcəsinin gəlir mənbələrinin formalaşmasında gömrükdən daxilolmalarının payının kəskin artımı diqqəti cəlb edir. Çünki növbəti ildə qeyri-neft sektoru üzrə daxilolmaların 27,2 faizini Gömrük Komitəsinin yığımlarından formalaşacaq. Bu, 2016-cı ilin dövlət büdcəsindən müvafiq nisbətdən 21,5 faiz çoxdur.

Məhəmməd Talıblı foto Meydan TV
Məhəmməd Talıblı foto Meydan TV

“Deməli, bu kəskin artımın mənbəyi olmalıdır. Burada iki haldan biri labüddür: ya əvvəlki rüsum dərəcələrinin saxlanması nəticəsində proqnozlaşdırılan idxalın kəskin artımı nəticəsində yığım formalaşır ; gömrük rüsumlarının yüksəkdilməsi nəticəsində daxilolmalar artır. Olkədə istehlakın kəskin azalması (37,2%) nəticəsində idxalın artımından nəinki danışmaq mümkündür, əksinə bunun daha da zəifləməsi proqnozlaşdırıla bilər. Bu zaman gömrük rüsumlarının artımının bir üsul olaraq nəzərdə tutulmasını aydınlaşdırmaq çətin olmamalı idi. Açıq etiraf etmək lazımdır ki, bunu hələ növbəti ilin büdcə ilinə start verməmiş başlanmasını gözləmirdik. Açığı burada məntiqsizlik və tələskənlik özünü ilk andaca göstərir. Beləliklə, gömrük rüsumlarının kəskin artımı haqqında qərar qəbul olundu” – deyir, Məhəmməd Talıblı.

Nazirlər Kabineti ölkəyə gətirilən ev toyuqları (toyuq əti və ət əlavələri, təzə, soyudulmuş və ya dondurulmuş) və toyuq yumurtaları, soğan, xiyar, qoz-fındıq, üzüm, alma, armud, heyva, xurma, meyvə şirələri, spirtli içkilər üçün yeni və yüksək gömrük idxal rüsumlarını müəyyənləşdirib. İqtisadçı bu addımı bir necə aspektdən qiymətləndirib:

“Birincisi, bu ölkədə ərzaq və qeyri-ərzaq məhsullarının qiymətinin artması ilə müşahidə olunacaq. Yüksək rüsum dərəcələrinin artımı təkcə idxal mallarının yox, yerli istehsal məhsullarının da qiymət artımını şərtləndirəcək.

İkincisi,istehlakın səviyyəsi xeyli aşağı düşəcək. İdxal rüsumlarından dövlət büdcəsinin qazanması hələ vətəndaşların həmin məhsulların avtomatik olaraq satın alması kimi başa düşülə bilməz. Bu, ona gətirib çıxaracaq ki, vətəndaşlar ötən ildənkindən də daha az ərzaq və qeyri-ərzaq məhsulları alacaq.

Üçüncüsü, ölkədə manatın daha da dəyərdən düşməsi prosesini bir azda sürətləndirəcək. Okədə yüksək templi inflyasiyanı daha gizlətmək də mümkün olmayacaq. Sosial müdafiənin effektiv olmadığı indiki şəraitdə vətəndaşlarımızın pul gəlirlərinin hətta artımı bazardakı qiymət sürətindən geri qalacaq. Bu isə yoxsulluq dərinliyinə yuvarlananların xüsusi çəkisinin artmasına gətirib çıxaracaq.

Dördüncüsü,gömrük rüsumlarının yüksəldilməsi ölkənin Ümumdünya Ticarət Təşkilatına üzv olmaqdan daha prosedurları əsas gətirib niyyəti gizlətmənin yox, strateji hədəf uyğunsuzluğunun etirafı olacaq. Daha açıq mətnlə deyiləcək ki, bizi dünyəvi ticarət ailəsi maraqlandırmır.

Beşincisi, bu, gömrükdən dövlət büdcəsi üçün əlavə yığımın əldə olunması kimi qəbul olunmamalıdır. Çünki gömrük rüsumlarının yığımı təkcə fiskal siyasət kimi dərk oluna bilməz, bu iqtisadiyyatın tənzimləmə alətlərdindən biridir. Rüsumlar təkcə büdcənin gəlir mənbəyi deyil, milli gəliri artıran amildir, azaldan yox. Bu növbəti ildə iqtisadi artım templərinin azalmasına gətirib çıxaracaq.

Altıncısı,dünya təcrübəsində adətən gömrük rüsumlarının artımı milli istehsalı xarici rəqabətdən qorumaq (proteksionizm) və yerli istehsalı stimullaşdırmaq məqsədilə edilir. Bizdə istehlak bazarında malların qiymət artımı yerli istehsalın inhisar qiymətlərinin diktə olunmasınamı görə artır? Qətiyyən! İdxal məhsullarını daxili bazarında bahalaşdıran 2 səbəbi var: inhisarçılıq və gömrükdəki “korrupsiya vergisi”! Bunları aradan qaldırmadan digər üsullar axtarmaq “Sizif” əməyidir. Bu səhv diaqnoz və uğursuz müayinə cəhdidir. Əks nəticə verəcək!”

Ana səhifəAnalitikaRövşən Ağayev: İdxalın bahalaşması məmurların maraqlarına xidmət edir