”Neft Fondunun gəlirlərinin 18 milyard manatı ötməsi üçün manatın dollara məzənnəsi 2.5 manata çatmalıdır”
Beynəlxalq Valyuta Fondu Azərbaycan iqtisadiyyatı ilə bağlı yeni ölkə hesabatını
(http://www.imf.org/external/pubs/ft/scr/2016/cr16296.pdf
) açıqlayıb.
Hesabatda 2016-cı ildə ÜDM-nin 2.4 faiz azalması, qarşıdakı 4 ildə isə 1.5-2.9 faiz intervalında artımını proqnozlaşdırırlar. Həmçinin 2017-ci il üçün 8.5 faizlik, 2018-2020-ci illərüşün 4-4.5 faiz inflyasiya gözləntisi var.
İqtisadçı Rövşən Ağayev sənədi öz “facebook” səhifəsində şərh edib.
Təşkilatın proqnozuna görə, 2020-ci ildə ÜDM istehsalı manat ifadəsində 67.8 milyard manat, dollar ifadəsində 43.8 milyard dollar olacaq. Bu rəqəmlərdən çıxış etsək, deməli, BVF 2020-ci ildə də manat-USD məzənnəsinin 1.55 manat=1 dollar olacağını gözləyir.
Proqnoza görə, Neft Fondunun aktivləri hazırkı səviyyə ilə 10 milyard dollardan çox artaraq 46 milyard dollara çatacaq.
Qeyri-neft ixracının hazırkı 1.4 milyard dollardan 2.1 milyard dollara qədər artacağı proqnoz edilir.
İcmal büdcə gəlirlərini hazırkı 18.4 milyard manatdan 30.7 milyard manata çatacağını proqnozlaşdırır – 12.3 milyard manatlıq artım. Bu artımın 4 milyard manatının vergi gəirləri, təxminən 8 milyard manatdan bir qədər çoxunun Neft Fondunun gəlirlərinin genişlənməsi hesabına təmin ediləcəyi gözləntisi var.
Neftin orta illik qiymətinin 53-57 dollarar asında dəyişəcəyi proqnozlaşdırılır.
Azərbaycan iqtisadiyyatının hazırkı real durumunu, institusional potensialı və mühiti gözə alanda, BVF-nin 5 illik optimist proqnozların qədər realdır? Rövşən Ağayev hesab edir ki, vergi gəlirlərinin 5 ildə 4 milyard manat artacağı qətiyyən real deyil:
“Hökumət və iqtisadiyyat üçün ən ağır sınaq illəri olan 2015-2016-cı illərdə vergi gəlirlərini faktki olaraq 400-500 milyon manatdan çox artırmaq mümkün olmadı. Baxmayaraqki, uzun illər ərzində “kölgə iqtisadiyyatı”nın miqyasının həddən artıq böyük olması və məcburiyyət olanda leqallaşmanın baş verəcəyi ilə bağlı rəylər vardı. Yalnız gömrükdə artım oldu, o da ikidəfəlik devalvasiya nəticəsində məzənnə fərqindən yaranan artımdır – real artımdan söhbət gedə bilməz.
Vergi gəlirlərinin proqnozlaşdırılan səviyyədə artımı yalnız qeyri-neft sektorunun, ilk növbədə, qeyri-neft ixracının orta hesabla ildə 10-15 faizlik artımı şəratində təmin edilə bilər. BVF ekspertləri isə qeyri-neft ÜDM-i üçünillik 2.5-3.5 faiz, qeyri-neftixracı üçün 3-5 faiz intervalında artım proqnozlaşdırırlar.
Neft Fondunun gəlirlərinin 16.6 milyard manata qədər artacağı proqnozlaşdırılır. Halbuki Fondun ekspertlərinin məzənnə ilə bağlı proqnozu (1.55) və neftin dünya bazar qiyməti ilə bağlı proqnozu (2020-ci lldə 57 dollar) nəzərə alınsa, Fondun büdcə gəlirlərinin 16.6 milyard manat olması real görünmür. Çünki hesablamalar göstərir ki, neftin orta illik qiymətinin 55 dollar ətrafında olduğu şəraitdə Neft Fondunun gəlirləri maksimum 6.7-7 milyard dollar intervalında dəyişə bilər. Göstərilən məzənnə ilə isə, bu, 10-11 milyard manat edir. İndiki hasilat çərçivəsində və neftin qiymətinin 55-57 dollar olduğu şəraitdə Neft Fondunun gəlirlərinin 18 milyard manatı ötməsi üçün manatın dollara məzənnəsi 2.5 manata çatmalıdır”.