Rövnəq Abdullayevin alternativi niyə yoxdur?

Rusiyadan fərqli olaraq, Azərbaycanda futbol veteranları seçimlərdə fəallıq göstərmir

Source:


Rusiyadan fərqli olaraq, Azərbaycanda futbol veteranları seçimlərdə fəallıq göstərmir

Sentyabrın 24-də Rusiya Futbol İttifaqının yeni prezidenti seçiləcək. Artıq Rusiyanın futbol təsərrüfatında geniş seçki müzakirələri aparılır, namizədlər platformalarını açıqlayırlar.


Rusiyada elədir, bizdə isə…

Rusiyanın idman naziri, Rusiya Futbol İttifaqının hazırkı prezidenti Vitali Mutko yenə də namizədliyini irəli sürüb. Onun alternativi də var. Mutkonun rəqibi Rusiya futbolunun məşhur simalarından olan Valeri Qazzayevdi. Valeri Qazzayevin namizədliyi Yerli Məşqçilər Birliyi tərəfindən irəli sürülüb. Bu təşkilat Rusiyanın idman naziri Vitali Mutkonun idarəetmə sistemindən narazıdır. Valeri Qazzayev seçkiqabağı çıxışlarında Mutkonu kəskin tənqid edir, onun istefaya getməli olduğunu (

http://www.sport-express.ru/football/news/valeriy-gazzaev-prezident-rfs-dolzhen-byl-uyti-posle-provala-na-evro-no-emu-vidimo-ministr-sporta-zapretil-1037731/

) bildirir. O, açıqlamalarında hətta Mutkonu ələ salacaq ifadələr də işlədib: “Dünya çempionatı yaxınlaşır. Ancaq biz hələ də bilmirik ki, yığmada İqnaşeviçi və Berezutskini kim əvəzləyəcək. Rusiya Futbol İttifaqının prezidenti “bizim futbolçuların səviyyəsi budur” deyirsə, deməli, onun futboldan başı çıxmır. Futbolçular yaxşıdı. Sadəcə, onlarla işləmək, onların səviyyəsini qaldırmaq lazımdı. Bütün günahı futbolçuların üstünə atmaq olmaz. Avropa çempionatındakı biabırçılıqdan sonra təkcə Slutski istefaya getməməli idi. Rusiya Futbol İttifaqının prezidenti də istefa verməliydi. Görünür, Rusiyanın idman naziri ona istefa verməyi qadağan edib”.

Rusiya demokratik dövlət sayılmır. Beynəlxalq aləmin rəyinə görə, qonşu ölkədə avtoritar üsul-idarə hökm sürür. Ancaq buna baxmayaraq, Rusiyanın futbol veteranları nazirin idarəetmə sisteminə qarşı çıxır, onun futbol təsərrüfatına rəhbərlik etməsini istəmirlər. Bəs bizdə?

Bu il, martın 11-də Azərbaycanda da futbol təsərrüfatında seçkilər keçirildi. 2008-ci ildə AFFA prezidenti seçilən Rövnəq Abdullayev bu dəfə də alternativsiz olaraq quruma rəhbər oldu. Futbol təsərrüfatında heç bir seçki kampaniyası aparılmadı. Yalnız AFFA İcraiyyə Komitəsinin üzvləri martın 11-də təşkilatın ofisinə yığışaraq, 30 dəqiqə ərzində Rövnəq Abdullayevin yenidən prezident seçildiyini elan etdilər.

Bəs görəsən Azərbaycanın futbol veteranları niyə bu təsərrüfatın idarəetmə sistemində təmsil olunmaq istəmirlər?Niyə veteranlar Rövnəq Abdullayevin qarşısına alternativ namizəd çıxarmırlar? Axı Azərbaycan futbolunun olduqca ciddi problemləri var.


Tahir Süleymanov: “Rahat şərait qarşılığında ümumi futbolu  çoxdan yaddan çıxarıblar”

Futbol mütəxəssisi, “Neftçi”nin keçmiş vitse-prezidenti Tahir Süleymanov bu məsələni Meydan TV-yə şərh edərkən bildirdi ki, Azərbaycanın futbol veteranları ancaq şəxsi mənafelərini güdürlər. Tahir Süleymanovun fikrincə, veteranlar, AFFA-dan təqaüd, dövlətdən mənzil alaraq, Azərbaycan futbolunun problemlərinə göz yumurlar:

“Rusiya istər ərazi, əhali, istərsə də futbol ənənələrinə görə bizdən qat-qat üstündür. Vitali Mutko dövlətə, prezident Putinə yaxınlığı ilə seçilir və uzun illərdir idmanda – futbolda dövlətin adamı kimi təmsil olunur. Qarşıdan 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatı gəlir. Ölkədə futbola çox böyük yatırımlar edilib. Son 10 ildə Azərbaycanda olduğu kimi, Rusiyada da böyük müqavilələr qarşılığında milliyə əcnəbi məçqçilərin gətirilməsi fiasko ilə nəticələnib. Eyni zamanda klub futbolunda legionerlərə xərclənən vəsait böyük beşlik ölkələri səviyyəsindədir. Bütün bunlar və uşaq-gənclər futbolunda olan durum rusiyalı futbol veteranlarının narazılığına səbəb olub. Eyni zamanda 40 ildir federasiyada çalışan Simonyan kimi futbol adamları yüksək postlar tutaraq, ancaq özlərini düşünməklə məşğuldurlar. Rusiya futbolunda dönüş yaratmaq üçün orta və gənc nəsil hərəkətə keçib. Azərbaycanda bu mümkündürmü? Mövcud şəraitdə heç bir ümid yoxdur. Son 10-15 ilə dövlət tərəfindən ayrılan milyonlara baxmayaraq, heç bir irəliləyiş yoxdur. Futbol veteranları və ümumilikdə futbol adamlarının əksəriyyəti bu duruma biganədir. Daha doğrusu, özləri üçün federasiyadan imtiyazlar, prezidentdən 1-2 mənzil alaraq, rahat şərait qarşılığında ümumi futbolu  çoxdan yaddan çıxarıblar. Sözünü çəkinmədən deyən bir-iki futbol adamı ilə müsbətə doğru nəyisə dəyişmək mümkün deyil”.


Amal Abuşov: “Onlar hamısı öz təminatlarını alıb”

Futbol yazarı Amal Abuşov da veteranların şəxsi maraqlarının futbolun maraqlarından üstün olduğunu iddia edir. Amal Abuşovun fikrincə, veteranları ancaq bir məqam maraqlandırır – necə etsinlər ki, AFFA-dan müəyyən imtiyaz əldə edə bilsinlər: “Azərbaycan futbolu indiyə qədər ən qatı müxalifətçi futbol veteranını İskəndər Cavadovun timsalında görüb. Hamımızın yadındadı, Cavadov bir vaxtlar AFFA prezidentliyinə iddiasını açıq şəkildə ortaya qoymuşdu, bu işi daha yaxşı görə biləcəyini iddia edirdi. Ancaq o, Fuad Musayevin vaxtında dil-dil ötürdü. Rövnəq Abdullayevin futbol təsərrüfatına rəhbərlik etməyə başlamasından sonra o da geri çəkilib. Regional Futbol Federasiyasının rəhbəri kimi müəyyən səlahiyyət sahibi, İcraiyyə Komitəsinin də formal üzvüdü. Millinin xarici səfərlərinə “biznes klass”da uçur, AFFA-dan yetərincə təminat alıb. Ondan başqa Vaqif Sadıqov müəyyən mənada vəzifəyə iddia edə bilərdi. Amma bu gün Sadıqov da Məşqçilər Komitəsinin sədri və İK-nin üzvü kimi yaxşı səviyyədə təmin olunub, fəxri turist sifətilə milli komandaları xarici səfərlərdə müşayiət edir. Bu iki şəxs Azərbaycanın futbol veteranlarının ümumi simasıdır. Onların hamısı öz təminatlarını alıb və başa düşürlər ki, əldə etdiklərinə qane olmaqdan başqa əlacları yoxdu. Bizdə pulu kim verirsə, musiqini də, o, sifariş edir. Futbolumuzun ana sponsoru SOCAR-dı. Rövnəq Abdullayev də pul ayırdığı sahəni faktiki öz nəzarətində saxlamaq arzusundadır. Kimsə ona alternativ olmaq fikrinə düşsə, bütün təsir mexanizmləri ilə həmin adamı futbol təsərrüfatından uzaqlaşadırarlar. Unutmaq lazım deyil ki, onun yanında belə işləri yaxşı bacaran Elxan Məmmədov kimi kadr var. Abdullayev özü belə işlərə vaxt ayırmasa da, Elxan Məmmədov məharətlə AFFA-nın sözü ilə oturub-durmayan klubları sıradan çıxarıb. Hafiz Məmmədov, Mübariz Mənsimov, Nuru Əliyev, Musa Süleymanov kimi varlı oliqarxları Azərbaycan futbolundan qaçıran qabiliyyət sahibləri üçün adicə bir veteranı futboldan sürgün etmək çətinlik törətməz. Bunu yaxşı bilən veteranlar da sakitcə yerlərində oturub, aldıqları təqaüd-maaşa şükr edirlər”.


Vaqif Sadıqov : “Rövnəq Abdullayev AFFA prezidentliyinə ən layiqli namizəddir”

Mövzu ilə bağlı futbol veteranlarının da mövqeyini öyrəndik. Futbol veteranı, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov məsələ ilə bağlı verdiyimiz sualı Rövnəq Abdullayevi tərifləməklə cavablandırdı:

“Düşünürəm ki, Azərbaycanda Rövnəq Abdullayev AFFA prezidentliyinə ən layiqli namizəddir. Pafoslu çıxış etmirəm. O, xeyli vaxtdır Azərbaycan futboluna rəhbərlik edir. Futbolun içində olan və Rövnəq Abdullayevlə bir yerdə çalışan biri kimi deyə bilərəm ki, o, hazırda tutduğu vəzifəyə layiqdir. Azərbaycan futbolu hazırda inkişafdadır. Futbol adamı olub-olmamağımızdan asılı olmayaraq, hamımız Azərbaycan futbolunun inkişafı uğrunda mübarizə aparmalıyıq. Hamımız əlimizdən gələni etsək, çox böyük işlər görə bilərik.

O ki qaldı Rusiyaya, bu ölkə böyük olsa da, son vaxtlar futbolu enişdədir. Ancaq bizdə fərqli vəziyyətdir. Fikrimcə, bizim futbol yüksəlişdədir. Bizim yeni layihələrimiz var. Bu layihələri həyata keçirərək, daha yaxşı uğurlara imza ata bilərik. Ümid edirəm ki, bizi qarşıda daha yaxşı nəticələr gözləyir. Harda çalışmasından asılı olmayaraq, hamını Azərbaycan futbolunun inkişafı üçün AFFA prezidentinə dəstək olmağa çağırıram”.

Ana səhifəAnalitikaRövnəq Abdullayevin alternativi niyə yoxdur?