“Həyata keçirdiyimiz layihələrdə heç bir problem müşahidə olunmur”.
APA-nın xəbərinə görə, bunu SOCAR prezidenti Rövnəq Abdullayev deyib.
“Cənub Qaz Dəhlizi, Karbamid zavodu, Türkiyədəki layihələrimizin icrasında problem yoxdur. Başqa sözlə, başladığımız layihələri uğurla başa çatdıracağıq. Lakin yeni layihələrin həyata keçirilməsini dayandırmışıq. Çox sayda layihələrimiz, ideyalarımız var, lakin biz onların həyata keçirmirik. Neftin qiyməti normallaşandan sonra onları həyata keçirəcəyik”, – deyə R. Abdullayev bildirib.
Rövnəq Abdullayev: «Neftin 1 barelinin investisiya yönümlü qiyməti 60-70 dollardır»
SOCAR prezidenti Rövnəq Abdullayev neftin qiyməti ilə bağlı gözləntilərini açıqlayıb. Onun deməsinə görə, ilin sonunadək neftin qiyməti 60 dollaradək qalxacaq.
“Neftin qiymətində artım dinamikası nümayiş olunur. Neftin qiyməti artıq dibi görüb. Hətta 50 dollar olduğu halda, bu, investisiyayönümlü qiymət deyil. Son iki il ərzində böyük neft şirkətləri yüzlərlə milyard dollarlıq investisiyaları, bir çox layihələrini saxlayıblar”, – deyə R. Abdullayev bildirib.
Dövlət şirkətinin rəhbəri əlavə edib ki, neftin 1 barelinin investisiyayönümlü qiyməti 60-70 dollardır.
“Mənim proqnozuma görə, ilin sonunadək neftin qiyməti 60 dollaradək bahalaşacaq. Lakin neft sənayesinə böyük investisiyaların yatırılması üçün bu da kifayət deyil”, – deyə R. Abdullayev qeyd edib.
Azərbaycan rəsmiləri son vaxtlar bildiriblər ki, SOCAR-ın 6,3 milyard dollar borcu var.Ancaq şirkət yeni kreditlər alır və özünün reklamını həyata keçirir. Futbol matçlarının keçirildiyi stadionları SOCAR neft şirkətinin emblemi və «Azərbaycanın Enerjisi» (Energy of Azerbaijan) şüarı ilə bəzəyir.
SOCAR UEFA-ya reklama görə, 4 ilə 80 milyon avro verməlidir. Bu da Azərbaycan müxalifətinin ciddi tənqidi ilə qarşılanıb.Müxalifət deyir ki, SOCAR həmin pulu xalqdan çıxaracaq.