Rövnəq Abdullayev AFFA prezidentliyindən niyə imtina etmədi?

AFFA-nın işinə və onun prezidentinə dövlət qurumları tərəfindən hər hansı bir təzyiq olarsa, FİFA Azərbaycanı sərt şəkildə cəzalandıra bilər

Source:
Rövnəq Abdullayev foto sosial şəbəkə


AFFA-nın işinə və onun prezidentinə dövlət qurumları tərəfindən ər hansıh bir təzyiq olarsa, FİFA Azərbaycanı sərt şəkildə cəzalandıra bilər

Bu il martın 11-də AFFA-da prezident seçkiləri keçirildi. İdman mütəxəssislərinin fikrincə, bunu seçki adlandırmaq da düzgün deyil. Çünki heç bir seçki kampaniyası aparılmadı, Rövnəq Abdullayev prezident postuna yeganə namizəd oldu və AFFA İcraiyyə Komitəsinin üzvləri onu yekdilliklə yenidən prezident seçdilər.


Onun gedişi üçün tutarlı səbəblər də vardı

Amma buna qədər futbol kluarlarında başqa söz-söhbət gəzirdi. Rövnəq Abdullayevin AFFA prezidenti postundan gedəcəyi deyilirdi. Onun gedişi üçün tutarlı səbəblər də vardı. Rövnəq Abdullayev 2008-ci ildə ilk dəfə AFFA prezidenti seçilərkən, ölkə başçısına belə vəd vermişdi: “Azərbaycan yığması 2016-cı ildə keçiriləcək Avropa çempionatının final mərhələsində iştirak edəcək”.

Ancaq Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsinin sonunda qrupda 5-ci yeri tutmuşdu. Qeyd edək ki, Azərbaycanın çıxış etdiyi qrupda 6 komanda mübarizə aparırdı. 6 komanda arasında 5-ci yeri tutmaq böyük uğursuzluq sayılırdı. Onu da nəzər almaq lazımdır ki, seçmə mərhələ başa çatarkən – 2015-ci ilin sonlarında 2005-ci ildə futbolun inkişafı ilə bağlı qəbul edilmiş 10 illik dövlət proqramının icrası da yekunlaşırdı. Bu proqramın icrası üçün külli miqdarda vəsait ayrılmışdı. Futbol təsərrüfatına ağlasığmaz miqdarda vəsait yönəldilmişdi. Azərbaycan klublarında çıxış edən futbolçular milyonluq müqavilələr bağlayırdılar. Amma bütün bunların müqabilində Azərbyacan yığması yenə də Avropanın autsayderləri arasında qərarlaşmışdı. Bu amilləri nəzərə alan mütəxəssislər Rövnəq Abdullayevin AFFA prezidenti postundan gedəcəyini proqnozlaşdırırdılar.


AFFA dövlət içində dövlətdir

Abdullayev seçkilərdən əvvəl daha bir federasiyaya – Cüdo Federasiyasına da rəhbərlik etməyə başlamışdı. Onun iki federasiyada işləməsinin mümkünsüz olduğunu iddia edənlər, Abdullayevin futbolu cüdoya dəyişəcəyini deyirdilər. Ancaq hadisələr proqnozlaşdırılan kimi olmadı. Rövnəq Abdullayev yenə də AFFA prezidenti postunda qalmağa üstünlük verdi. Bu qədər uğursuzluqların və uğursuzluqların formalaşdırdığı tənqidlərin fonunda Abdullayev ciddi-cəhdlə AFFA prezidenti postunda niyə qalmalıydı? Bu suala cavab tapmaq üçün əvvəlcə AFFA-nın idarəetmə mexanizminə nəzər salmaq lazımdır. Qeyri-hökumət təşkilatı olan Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) əslində dövlət içində dövlətdir. AFFA beynəlxalq təşkilatların – FİFA və UEFA-nın qanunları ilə idarə olunur. Bu təşkilat heç bir vəchlə Azərbaycan qanunlarına tabe deyil. Dövlət AFFA-nın işinə müdaxilə edə bilməz. AFFA-nın işinə və onun prezidentinə dövlət qurumları tərəfindən hər hansı bir təzyiq olarsa, FİFA Azərbaycanı sərt şəkildə cəzalandıra bilər. İndiyə qədər totalitar üsul-idarəyə sahib bir neçə ölkədə yerli hakimiyyət futbol federasiyasının işinə müdaxiləyə cəhd edib və nəticəsi acınacaqlı olub. FİFA həmin ölkələrin klublarını və yığmalarını beynəlxalq yarışlardan tamamilə uzaqlaşdırıb.


Abdullayev Musayevi yaddan çıxarmayıb

Fuad Musayev foto sosial şəbəkə
Fuad Musayev foto sosial şəbəkə

Vaxtilə Azərbaycanda da AFFA-nın fəaliyyətinə müdaxilə edilib. Söhbət AFFA-nın keçmiş prezidenti Fuad Musayevin rəhbərlik etdiyi dövrdən gedir. Musayev YAP hakimiyyəti ilə isti münasibətə sahib deyildi. Hakimiyyət onun fəaliyyətinə ciddi maneələr törədir, futbol təsərrüfatına pul ayırmırdı. Hətta yığma komanda səfər oyunlarına getmək üçün vəsait tapa bilmirdi. Ancaq hakimiyyət AFFA-nın fəaliyyətinə açıq müdaxilənin hansı nəticələrə gətirib çıxaracağını yaxşı bildiyindən, tarana getmirdi. Uzun-uzadı təzyiqlərdən sonra, daha dəqiq, Fuad Musayev Azərbaycanın o vaxtkı prezidenti Heydər Əliyevdən təhlükəsizliyi üçün tam təminat aldıqdan sonra istefaya getdi. Bu məqamı ona görə qabartdıq ki, AFFA prezidentinin əslində toxunulmaz bir şəxs olduğuna diqqət ayıra bilək. Rövnəq Abdullayev də məhz bu məqamı nəzərə alaraq, AFFA prezidenti postunu tərk etmək istəmir. Bu post onu gələcəkdə bir çox hadisədən sığortalaya bilər.


Oğlunu AFFA prezidenti postunda oturdacaq və…

Təbii, Rövnəq Abdullayev indiki hakimiyyətin toxunulmaz fiqurlarındandı. Ancaq onu indi yox, gələcək düşündürür. Sabah ölkədə qəflətən hər hansı bir dəyişiklik baş versə, Rövnəq Abdullayev AFFA prezidenti kimi özünü təhlükədən xilas etmiş olacaq. Hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, Rövnəq Abdullayev AFFA prezidenti postunda toxunulmazlıq statusuna sahib olacaq. O, bu post vasitəsilə sərvətini də qorumuş olacaq. Rövnəq Abdullayevin gələcəyə hesablanmış planını de-şifrə edəcək daha bir fakt: Bu yaxınlarda Azərbaycan futbolunda “Səbail” adlı yeni bir klub yaradıldı. Adından da göründüyü kimi, bu klub Bakının mərkəzi rayonunu təmsil edəcək. Baxmayaraq ki, Abdullayev iş adamlarına həmişə tövsiyə edib ki, klub yaradarkən regionlara üz tutsunlar. “Səbail” klubunu yaradan şəxs isə Rövnəq Abdullayevin oğlu Rəşad Abdullayevdi. Rəşad Abdullayev “Səbail”in Müşahidə Şurasının sədridi. Hakimiyyətdə böyük rıçaqlara sahib olan Abdullayev oğluna iqtidarda yüksək vəzifəni asanlıqla ala bilərdi. Ancaq o, oğlunu futbol təsərrüfatına gətirir. Böyük ehtimalla, Rəşad Abdullayev “Səbail”-də müəyyən təcrübə topladıqdan sonra AFFA-nın idarəetmə sisteminə daxil ediləcək. Ola bilsin ki, kiçik Abdullayev gələcəkdə İcraiyyə Komitəsinin üzvü kimi fəaliyyət göstərsin. Sonrası isə aydındı. Rövnəq Abdullayevin uzaqvuran artilleriyası başqa səmtə yönəlib. O, gələcəkdə oğlunu AFFA prezidenti postunda oturtmağa çalışacaq. Bununla da ailəyə məxsus sərvətlər oğulu vasitəsilə qorunacaq.


FİFA və UEFA belə “yağlı” tərəfdaşı niyə qorumasın?

Onu da qeyd edək ki, Rövnəq Abdullayev FİFA və UEFA-da da özünə xeyli tərəfdaş tapmağı bacarıb. Təbii ki, bu tərəfdaşlar SOCAR-ın beynəlxalq təşkilatlarla bağladığı sponsor müqavilələrinin “dostları”dı. Bu “dostlar” Rövnəq Abdullayevə qarşı hər hansı bir təzyiq olacağı təqdirdə, onu can-başla müdafiə edəcəklər. Təkcə onu deyək ki, SOCAR-ın UEFA ilə bağladığı 3 illik sponsor müqaviləsinin dəyərinin 250 milyon dollar olduğu bildirilir. Ölkə mətbuatında bu barədə araşdırma yazılar da yer alıb (http://virtualaz.org/last/4768). Təbii ki, belə “yağlı” müştərini FİFA da, UEFA da cani-dildən müdafiə etməyə borcludu. AFFA dövlət içində dövlətdir. Ancaq dövlətin içindəki dövlət yalnız Abdullayevlər xanədanının qorunması üçün fəaliyyət göstərir.

Ana səhifəAnalitikaRövnəq Abdullayev AFFA prezidentliyindən niyə imtina etmədi?