Rio Olimpiadasına baxış: 6,3 milyon manatlıq mükafat

Azərbaycan keyfiyyəti itirib, kəmiyyətlə öyünür

Source:



Azərbaycan keyfiyyəti itirib, kəmiyyətlə öyünür

Artıq dünya ölkələrində 31-ci Yay Olimpiya Oyunlarının nəticələri təhlil edilir, incələmələr aparılır. Bu baxımdan biz də Azərbaycan idmançılarının Rio Olimpiadasındakı çıxışına nəzər yetirmək istədik.


Sidneydə və Londonda keyfiyyət daha yaxşı olmuşdu

Azərbaycan Rio-De-Janeyroda keçirilən olimpiadada 56 idmançı ilə 18 idman növündə təmsil olunub. İndiyə qədər heç bir olimpiadada bu qədər idmançı ilə təmsil olunmamışdıq. Təbii ki, idmançıların sayı artdığından medalların sayının artacağı da gözlənilən idi. Artdı da. Rio Olimpiadasında Azərbaycan 18 – 1 qızıl, 7 gümüş, 10 bürünc medal qazandı. Ümumi sıralamada isə ölkəmiz 39-cu yeri tutdu.

Hakimiyyət nümayəndələri bunu cəmiyyətə böyük uğur, idman sahəsində inqilabi nəticə kimi təqdim edirlər. Əslində isə medalların sayı artsa da, sevinmək üçün əsas yoxdur. Niyə? Təkcə onu deyək ki, Rioda rekord sayda medal qazansaq da, ümumi sıralamada 39-cu yeri tutmaqla nəinki 2012-ci ildə Londonda, hətta 2000-ci ildə Sidneydə keçirilən olimpiadalardan da zəif nəticə göstərılib. Bunun da əsas səbəbi odur ki, Azərbaycan Rioda cəmi bir qızıl medal qazanıb. Olimpiya oyunlarında qızıl medal keyfiyyətin, digər medallar isə kəmiyyətin göstəricisi hesab olunur. Ona görə də ölkələrin yeri qazandıqları medalların sayına görə yox, onların əyarlarına görə müəyyənləşir. 2000-ci ildə Sidneydə 2 qızıl medal qazanan Azərbaycan ümumi sıralamada 34-cü yeri tutmuşdu. Avstraliyada ölkəmizi cəmisi 31 idmançı təmsil etmişdi. Londonda isə Azərbyacan ümumi sıralamada 30-cu yeri tutmuşdu. İngiltərəyə isə 53 idmançı yollanmışdı. Onlardan da 2-si qızıl medal qazana bilmişdi. Azərbaycanın ümumi sıralamadakı göstəricisi 2008-ci ildə Pekində keçirilən olimpiya oyunlarındakı nəticəyə bərabərdi. Çində də cəmisi bir qızıl medal əldə edilmiş, nəticədə Azərbaycan 39-cu yeri tutmuşdu.

O vaxtdan bəri idmana ayrılan vəsaitin məbləği dəfələrlə artıb, olimpiya oyunlarına yollanacaq heyət genişlənib, ancaq nəticədə Azərbaycan yenə də 39-cu yerdən yuxarı yüksələ bilməyib. Bir sözlə, ağlasığmaz vəsaitin hesabına kəmiyyət artıb, keyfiyyət isə yoxdur. Azərbaycan medal sıralamasında qonşu Gürcüstandan geri qalıb (38), Ermənistanı isə cəmisi 3 pillə (42) qabaqlayıb.

Keçmiş SSRİ respublikalarından Ukrayna 31-ci, Qazaxıstan 22-ci, Özbəkistan 21-ci, Rusiya isə 4-cü pillədə yer alıb.


Ənənəvi idman növləri üçün həyəcan siqnalı

Rio Olimpiadasında Azərbaycan üçün ənənəvi olan idman növlərində – güləş və cüdoda qızıl medal qazanılmaması da ciddi problemlərin olmasından xəbər verir. Xüsusən də güləşdə qızıl medalın olmaması Azərbaycan üçün həyəcan siqnalı sayılmalıdır. Olimpiya oyunları elə bir turnirdi ki, burda ölkələr özləri üçün ənənəvi olan idman növlərində daim dominantlıq edirlər. Məsələn, Yamayka və Keniya kimi ölkələrin hər biri Rio Olimpiadasında 6 qızıl medal qazanıb. Hər iki ölkə bütün qızıl medalları özləri üçün ənənəvi idman növü sayılan yüngül atletikada əldə edib. Nəticədə Keniya ümumi sıralamada 15-ci, Yamayka isə 16-cı pillədə qərarlaşıb. Olimpiadadan əvvəl də mütəxəssislər Azərbaycanın güləşdə qızıl medal qazanacağını proqnozlaşdırırdılar. Ancaq proqnozlar özünü doğrultmadı. Bu idman növündə 2000-ci ildən bəri yalnız Pekində keçirilən olimpiya oyunlarında qızıl medal əldə olunmayıb. Qalan digər bütün olimpiadalarda qızıl qazanılıb. Ancaq məsələ ondadır ki, Pekində də qızıl medalı ölkəmiz üçün ənənəvi sayılan idman növündə -cüdoda əldə etmişik. Rioda isə nə güləşçilər, nə də cüdoçular qızıl medal qazana bildilər.


Ağlasığmaz mükafat motivasiyanı öldürür, məktəblərin yoxluğu isə…

Bu məsələnin niyəsinə cavab tapmaq üçün bir neçə səbəb göstərmək olar. Birincisi, Azərbaycan güləş və cüdo ölkəsi sayılsa da, Bakını çıxmaq şərtilə, ölkənin digər bölgələrində güləş və cüdo məktəbləri demək olar ki, yoxdur. Bu məsələyə cavabdeh olan şəxslər problemdən çıxış yollarını yeni-yeni məktəblərin açılmasında yox, xaricdən hazır idmançıların gətirilməsində görürlər. Bunun da məntiqi nəticəsi odur ki, Azərbaycanı Rioda təmsil edən idmançıların 60 faizdən çoxu legionerlər olub. Düzdür, olimpiadada digər ölkələrin də şərəfini milliləşdirilmiş legionerlər qoruyurdu.

Ancaq bu rəqəm bir-iki idmançıdan o yana keçmirdi. Azərbaycanı isə Rioda 30-dan yuxarı milliləşdirilmiş legioner təmsil edirdi.

İkinci bir səbəb isə olimpiya oyunlarında medal qazanan idmançılara verilən mükafatın məbləğidir. Medal qazanan idmançılara fantastik məbləğdə mükafat verilir ki, bu da onların idmanla məşğul olmaq üçün bütün motivasiyasını öldürür. Bir olimpiadada qızıl medal qazanan idmançı demək olar ki, gələcəyini təmin etmiş olur. Ondan sonra bu idmançını ancaq bir məsələ düşündürür – necə etsin ki, idmandan uzaqlaşsın.

Təkcə bir faktı misal gətirək: Rusiyada olimpiya oyunlarında qızıl medal qazanmış idmançıya cəmisi 50 min dollar mükafat verilir. Bizdə isə bu mükafatı bürünc medal qazanmaqla əldə etmək mümkündür.

Azərbaycan legionerləşdirməyə böyük üstünlük verir. Ancaq məsələ burasındadır ki, bu legionerlərin də əksəriyyəti yararsız olur. Onları ölkəmizə yalnız və yalnız olimpiya oyunlarında iştirak naminə dəvət edirlər. Amma bu idmançılara külli miqdarda vəsait xərclənir axı. Onlara verilən məvacib, təşkil olunan təlim-məşq toplanışları üçün sərf edilən vəsait hesabına ölkənin regionlarında, kənd və qəsəbələrində neçə-neçə idman məktəbi tikmək olar. Məsələ burasındadır ki, gənclər və idman naziri Azad Rəhimov da ölkədə keçmiş SSRİ vaxtı fəaliyyət göstərən idman məktəblərinin dağıdıldığını, yenilərin isə qurulmadığını etiraf edib. O, “Haqqın.az” saytına verdiyi

müsahibədə

 belə deyib: “O vaxtlar məktəblərə gedirdilər və seçim aparırdılar. İndi təəssüf ki, bu yoxdur. Sovet dövründə uşaq-gənclər idman məktəbi var idi. Hər məktəbdə bu və ya digər idman növü üzrə dayaq bazası olurdu. Təəssüf ki, indi bunlar yoxdur. Ancaq hər şey məktəbdən başlayır. Biz bütün bunları itirmişik”.

Çox maraqlıdır, bu məktəbləri kimlər dağıdıb və onlar niyə yenidən qurulmur? Axı bu məktəblərin qurulmasına birbaşa cavadeh olan nazirliyə Azad Rəhimov başçılıq edir. Sonda isə Azərbaycanı Rio Olimpiadasında təmsil etmiş legionerlərin bir neçəsinin göstərdiyi nəticələri təqdim edirik.

Olqa Senyuk (oxatma) – 1/32 finalda mübarizəni dayandırıb

Hayle İbrahimova (5000 m məsafəyə qaçış) – 19-cu yer

Evans Kiplaqat (marafon) – 28-ci yer

Anna Skidan (çəkicatma) – 13-cü yer

Yure Meqliç (kanoe-slalom) – 14-cü yer

Maksim Averin (velosiped) – finişə çatmayıb

Yelena Pavluxina (velosiped) – 35-ci yer

Olqa İsmayılova (velosiped) – ilk mərhələdə mübarizəni dayandırıb

Oleq Stepko (idman gimnastikası) – 22-ci yer

Pyotr Paxnyuk (idman gimnastikası) – 34-cü yer

Uşanqi kokauri (cüdo) – 1/8 finalda məğlub olub

Boris Kirilov (üzgüçülük) – 26-cı yer

Fatimə Alkərəmova (üzgüçülük) – 41-ci yer

Rostislav Pevtsov (triatlon) – 39-cu yer

Saman Təhmasibi (yunan-Roma güləşi) – 1/16 finalda məğlub olub.

Bu da maraqlıdır: Azərbaycan dövləti qızıl medal alan hər bir idmançıya 400, Milli Olimpiya Komitəsi (MOK) 200 min manat mükafat verib. Gümüş medalçılar 200 və 100, bürünc medal qazananlar isə 100 və 50 min mükafat qazanıblar. Ümumilikdə dövlət medal qazanan idmançılara 2 milyon 800 min, MOK isə 1 milyon 400 min manat vəsait ayırıb. Bu da 4,2 milyon manat edir. Bunun yarısı qədər – 2,1 milyon manat vəsait də medal qazanan idmançıların məşqçilərinə verilib. Beləliklə, Azərbaycan keyfiyyətə yox, kəmiyyətə görə öyündüyü olimpiadada qazanılan medallara görə 6,3 milyon manat mükafat verib.

Ana səhifəAnalitikaRio Olimpiadasına baxış: 6,3 milyon manatlıq mükafat