Solmaz Rüstəmova Tohidi: “Müxtəlif bəhanələr gətirirlər”
Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin Bakıda Ev Muzeyinin yaradılması təklifinə aidiyyəti qurumlar əhəmiyyət vermir.
Bu haqda “Rəsulzadə Ev Muzeyi” ictimai qrupunun rəhbəri Solmaz Rüstəmova Tohidi “Turan”a danışıb.
O deyib ki, Rəsulzadənin keçmiş mənzilinin muzey yaradılması üçün boşaldılması xahişi ilə icra hakimiyyəti orqanlarına müraciətlərinə müxtəlif bəhanələr gətirirlər:
“Rəsulzadənin Bakıda yaşadığı ata-baba mülkü 1960-cı illərdə sökülüb. Yerində də “Nizami” metro stansiyası tikilib. Novxanıda doğulduğu evdə isə uşaq bağçası yerləşir və biz əvvəldən bu evə iddia etmirdik. Biz muzey ünvanı olaraq Rəsulzadəyə İslam Səfərli 15 ünvanındakı mənzili almaq istərdik. Lakin bu mənzilin yerləşdiyi binada hazırda otel yerləşir, içəridən tamam sökülüb və otel halına salınıb”.
Solmaz Rüstəmova Tohidi deyib ki, İslam Səfərli küçəsində 13 nömrəli eyni quruluşlu binanın ikinci mərtəbəsində muzey üçün yararlı məkan var:
“Şansımızdan Mədəniyyət Nazirliyinin balansındadır və çox uyğundur. Doğrudur, bu halda “Xatirə-Ev Muzeyi” ola bilir, amma həmin otaqların muzey üçün ayrılması məsələsini qaldırarkən ilkin mərhələdə qaldı, danışıqlar getdi. Sonra nazirlikdə iki dəfə rəhbərlik dəyişdi və hələ də muzey məsələsi açıq qalır”.
Solmaz Rüstəmova Tohidi deyir ki, fəallar Azərbaycanda və xaricdə Məhəmməd Əmin Rəsulzadənin Ev Muzeyində yerləşdirilə biləcək tarixi əşyaları, kitabları, sənədləri yığıblar.
Onun sözlərinə görə, “Rəsulzadə Ev Muzeyi” Fondunda, Milli Tarix Muzeyində nadir kolleksiya saxlanılır.
O həmçinin əlavə edib ki, İslam Səfərli, 15 ünvanındakı binanın divarına onun burada yaşadığına dair barelyef – xatirə lövhəsi vurulması ilə əlaqədar müxtəlif instansiyalara müraciət edib, lakin heç bir cavab almayıb.
Mədəniyyət Nazirliyindən Meydan TV-yə məsələnin araşdırılacağı bildirilib.
Bakı Şəhər İcra Hakimiyyətindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.
Prezident İlham Əliyev 2023-cü il dekabrın 30-da Məhəmməd Əmin Rəsulzadənin doğulmasının 140 illik yubileyi ilə bağlı sərəncam imzalayıb.
2024-cü il fevralın 28-də Azərbaycanın Türkiyədəki Səfirliyi məlumat yayıb ki, Məhəmməd Əmin Rəsulzadənin Ankaradakı məzarı abadlaşdırılır.
Məlumatda xatırladılıb ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamdan irəli gələrək, məzarın abadlaşdırılmasına başlanılıb.
Ankaradakı Azərbaycan Kültür Dərnəyinin rəhbəri Cəmil Ünal isə məsələyə kəskin reaksiya verib.
O bildirib ki, Məhəmməd Əmin Rəsulzadənin məzarı ilə bağlı qanuni və müvafiq səlahiyyətlər Azərbaycan Kültür Dərnəyinə aiddir və onlara xəbərdarlıq edilmədən qəbir daşı sökülüb.
Martın 6-da məzarın abadlaşdırılma işlərinin başa çatdığı bildirilib.
Məhəmməd Əmin Rəsulzadə kimdir?
Məhəmməd Əmin Rəsulzadə 1884-cü ildə Bakının Novxanı kəndində doğulub.
1902-ci ildə Rəsulzadə “Müsəlman gənclik təşkilatı”nı yaradıb.
1911-ci ildə Müsavat Partiyasının əsasını qoyanlardan biri olan Rəsulzadə 1917-ci ilin payızında Rusiya Dumasına Azərbaycan və Türküstandan millət vəkili seçilib.
1918-ci il mayın 26-da Zaqafqaziya Seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunub.
Həmin ayın 27-də Seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şurası yaranıb.
Məhəmməd Əmin Rəsulzadə 1918-ci ilin may-dekabr aylarında Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının Rəyasət Heyətinin sədri olub.
Rəsulzadə 1955-ci il martın 6-da Ankarada vəfat edib.