Natiq Cəfərli: “Nə baş verib ki, otellər 30 faiz bahalaşıb?”
2024-cü ilin ilk 3 ayında Azərbaycanda otellərdə keçirilmiş gecələrin sayı 779,4 min olub.
Dövlət Statistika Komitəsi (DSK) bildirir ki, bu, 2023-cü illin eyni dövrü ilə müqayisədə 41,9 faiz çoxdur.
Ən çox gecələmə paytaxt Bakıda olub. İkinci yerdə Qusar, ondan sonra Naftalan gəlir.
Həmçinin ilin yanvar-avqust aylarında Azərbaycandakı 3 ulduzlu otellərdə bir gecə qalmaq üçün orta qiymət 82,7 manat olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 26,4 faiz çoxdur. 4 ulduzlu hotellərdə bir gecə qalmaq üçün orta qiymət 118,2 manat olub, bu ötən ilin eyni dövrü ilə müqayisədə 21,3%, 5 ulduzlu hotellərdə bir gecə qalmaq üçün orta qiymət 226,8 manat təşkil edib, bu ötən ilin eyni dövrü ilə müqayisədə 39,1 % bahalaşma deməkdir.
İqtisadçı Natiq Cəfərli deyir ki, ölkə ərazisində 3-4-5 ulduzlu otellər 1 ildə, ortalama 30 faiz bahalaşıb:
“Hökumət deyir ki, qiymət artımı dayanıb, inflyasiya azalıb, turizm sahəsində çalışanların maaşları artmayıb. Yaxşı, nə baş verib ki, otellər 30 faiz bahalaşıb?”.
İqtisadçı bildirir ki, qiymətlərin kəskin artmasına baxmayaraq, rəsmi açıqlamaya görə, otellərin doluluq səviyyəsi aşağıdır:
“Bu ilin ilk rübündə Azərbaycan üzrə bütün otellərdə nömrələrin 82%-i boş qalıb. Doluluq səviyyəsi ölkə üzrə cəmi 18% olub. Əgər bu rəqəmlər doğrudursa, o zaman məmləkətdə məntiq yenə “ölüb”. Otellərə gələn yoxdur, amma onlar qiyməti, ortalama 30% qaldırıblar, məntiqlə tam tərsinə olmalıdır, qiymətləri salmalıdırlar ki, adamlar daha çox gəlsinlər”.
Natiq Cəfərli deyir ki, əgər rəsmi rəqəmlər yanlışdırsa, otellər vətəndaşları qonaqlayır, amma rəsmiləşdirmirlərsə, o zaman nəzarətçi hökumət qurumları hara baxır:
“Niyə göz yumurlar, nəyin müqabilində görməzdən gəlirlər?”.