Gürcüstanın paytaxtı Tbilisidə hökumətin 2024-cü ilin noyabr-dekabr etirazlarını dağıdarkən istifadə etdiyi maddələrin mənşəyi ilə bağlı narazılıqlar yenidən alovlanıb. “Rejim bizi zəhərləyir, beynəlxalq araşdırma aparılmalıdır” şüarı altında keçirilən aksiyada etirazçılar Filarmoniyanın yaxınlığında toplaşaraq parlamentə doğru yürüş ediblər.
Aksiya iştirakçıları polisin su şırnaqlarında hansı maddələrdən istifadə etməsi barədə beynəlxalq araşdırma aparılmasını tələb edir və yerli istintaqa inanmadıqlarını bildirirlər. Etirazçılar “Qazla möhürlənmiş sükut”, “Havamızı kəsmisiniz, amma həqiqətə mane ola bilməzsiniz”, “Dinc aksiyaya kimyəvi silahla basqın etmək bağışlanmaz cinayətdir” kimi şüarlar yazılmış pankartlar qaldırıblar. Mitinqə müxalif siyasətçilər də qoşulub.
Siyasətçilərin ittihamları: “İstintaq inandırıcı deyil”
“Güclü Gürcüstan–Lelo”nun nümayəndəsi Vato Surquladze mövcud istintaqa inamın olmadığını deyib:
“Hansı zəhərli maddədən istifadə olunması ilə bağlı şübhələr yaranıb. Qablaşdırmada tərkib açıq-aşkar yazılıb”.
Siyasətçi Anna Dolidze isə bildirib ki, hakim “Gürcü Arzusu” partiyasının da beynəlxalq araşdırmaya ehtiyacı var:
“Əgər ciddi bir şeydən istifadə etmədiklərini deyirlərsə, Ümumdünya Kimya Təşkilatını dəvət edə bilərlər. Bu, onların öz maraqlarına uyğundur”.
Etiraza qoşulan Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili hökumətin bütün bəyanatlarını “cəfəngiyyat” adlandırıb:
“Rejim bizi zəhərləyir, beynəlxalq araşdırma aparılmalıdır. Hələ də bilmirik ki, 2024-cü il etirazlarını dağıtmaq üçün hansı maddədən istifadə olunub”.
BBC araşdırması: Şübhələr “Kamit” adlı maddəyə yönəlir
Narazılıqlar BBC-nin geniş araşdırmasından sonra güclənib. Media qurumu iddia edir ki, toplanan sübutlar Gürcüstan hökumətinin Birinci Dünya Müharibəsindən qalma kimyəvi agent — “Kamit” (bromobenzil siyanid) istifadə etdiyini göstərir.
BBC-nin məlumatına görə, etirazçılar həftələrlə “göz yanması, nəfəs darlığı, öskürək və qusma” kimi simptomlardan şikayətləniblər. Kimyəvi silah üzrə ekspertlər və gürcü xüsusi təyinatlılarının müsahibələrinə əsaslanaraq, BBC bu agentin istifadə olunduğuna dair əlamətlərin olduğunu bildirir.
Hökumətin cavabı: “Kamit”dən istifadə edilməyib
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bu iddiaları rədd edərək bildirib ki, etirazları dağıtmaq üçün CS qazı — xlorbenziliden malononitril və həlledici kimi propilenqlikol istifadə edilib. Qurumun məlumatına görə, bu maddələr qadağan olunmuş kateqoriyaya aid deyil.
DTX rəhbərinin birinci müavini Laşa Maqradze deyib ki,
- “Kamit” adlı maddə heç vaxt Gürcüstan DİN tərəfindən alınmayıb və istifadə olunmayıb;
- 160-dan çox istintaq hərəkəti aparılıb, 93 nəfər dindirilib;
- Müsadirə edilmiş nümunələr yalnız CS qazı və həlledicilərin istifadəsini təsdiqləyib.
Qurum iddia edir ki, əgər “Kamit” istifadə olunsaydı, “ağır və ölümcül nəticələr” qaçılmaz olardı. Səhiyyə Nazirliyinin məlumatına əsasən, xəstəxanaya aparılan 54 etirazçıdan yalnız beşində yüngül sərxoşluq əlamətləri müşahidə edilib.
DTX BBC-nin xəbərlərini “Gürcüstanın maraqlarına qarşı yönəlmiş dezinformasiya” adlandırıb.
Baş nazir: “Məsələ bağlanıb”
Baş nazir İrakli Kobaxidze “Kamit” iddiasını “xarici kəşfiyyatın planlaşdırılmış kampaniyası” kimi qiymətləndirib.
“Bu, Gürcüstana qarşı yeni hibrid müharibədir. BBC-nin araşdırması uydurma hekayələrə əsaslanır”, – deyə o bildirib və əlavə edib ki, DİN qadağan olunmuş maddələrdən istifadə etməyib, bununla bağlı istintaq hərəkətləri bitib, xarici təşkilatlara “kifayət qədər sübutla” yardım edən şəxslər cəzalandırılacaq.
Kobaxidze həmçinin vurğulayıb ki, istənilən beynəlxalq təşkilat maddələrlə bağlı sənədlərə baxış istəyərsə, hökumət onları paylaşmağa hazırdır.
DİN rəhbəri Geka Geladze də analoji mövqe ilə çıxış edərək, iddiaların “bir neçə nəfərin şayiələri”nə əsaslandığını bildirib.
Buna qarşı olaraq, keçmiş daxili işlər naziri Vaxtanq Qomelauri BBC-nin reportajında adı çəkilən “kamit” və digər maddələrin “həqiqətən də alındığını və istifadə edildiyini”, lakin bunun 2012-ci ildən əvvəl, Saakaşvili dönəmində baş verdiyini deyib.
BBC araşdırmasından sonra beynəlxalq təşkilatlar da məsələ ilə bağlı açıqlama yayıb.
ATƏT-in 39 ölkəsinin birgə bəyanatı
Bəyanatda deyilir ki, Gürcüstanda həddindən artıq güc tətbiqi ilə bağlı araşdırmanın aparılmaması cəzasızlıq mühiti yaradır:
“Bu, vətəndaş məkanının daraldığını və fərqli fikirlərin boğulduğunu göstərir”.
“Amnesty International” Təşkilatı Gürcüstanda ekspertlərə, şahidlərə, jurnalistlərə və hüquq müdafiəçilərinə qarşı hədə-qorxu dalğasından narahat olduğunu bildirib:
“Hakimiyyət qərəzsiz araşdırma aparmaq əvəzinə, zəhərli maddələrin istifadəsi barədə məlumat verənlərə cinayət işi açır”.
Təşkilat Gürcüstan hökumətini şahidlərin təqibini dayandırmağa, qadağan olunmuş maddələrin mümkün istifadəsi ilə bağlı obyektiv araşdırmanı təmin etməyə çağırır.
Həkimlər: “Müstəqil tibbi araşdırma şərtdir”
Bir qrup gürcü həkim də beynəlxalq təşkilatlara müraciət edib. Onlar “Toxicology Reports” jurnalında dərc olunmuş araşdırmanı əsas göstərərək bildiriblər ki:
- Etirazçılarda nəzarət qrupuna nisbətən daha çox ürək-damar dəyişiklikləri qeydə alınıb;
- Bu nəticələr beynəlxalq standartlara uyğun müstəqil ekspertiza aparılmasını zəruri edir.
“Məqsədimiz siyasi qiymətləndirmə deyil. Bizim borcumuz insan həyatını və sağlamlığını qorumaqdır”, – deyə həkimlər vurğulayıb.