Rəiyyəti ütüləyirlər

Azərbaycanda siyasi mənzərə. Foto: Elif Bayraktar/shutterstock

Zərdüşt Əlizadə

Doğma hakimiyyət məhz milli mahiyyətdən çıxış edərək rəiyyəti ütüləyir ki, xaricdən baxanda onun üzərində heç bir qırış olmasın

Bəli, rəiyyət çaş-baş qalıb, duruxub gözünü döyür, beynini qurcalayıb anlamağa çalışır ki, “nə baş verir”? Jurnalistlərin tut-ha-tutu, KİV qurumlarının zorlanıb qapanması, mülki geyimli xəfiyyələrin jurnalistlərin dədə-nənələrini belə saxlaması nəmənədir?

Azərbaycan Qarabağı qaytarıb. Ali Baş Komandan nümunəvi seçki qələbəsi qazanıb, dübarə yeddi il taxtı-tacını möhkəmlədib. Büdcə ətrafında səflərini sıxlaşdırmış məmur ordusu padşahın bir işarəsi ilə rəiyyəti parçalamağa hazırdır. Dövlətin istintaq və məhkəmə sistemi elə bil “TOYOTA”dır, qüsursuz işləyir, bütün qurama işlər yağ kimi ittiham qərarları ilə nəticələnir. Dövlətin sərvəti aşıb-daşır. Nöyütün çəlləyi 80 dollardan aşağı düşmür.

Zərdüşt Əlizadə
Foto: Meydan TV

Hakimiyyətin yandaşları, sanki bu, onların şəxsi xidmətidir, qürrələnib deyirlər ki, “Azərbaycanın 70 milyard dolları var”.

Bu qədər pulun müqabilində yetim bir jurnalistin evinə 2 700 avro qoyub sonra “tapırlar” və sevincək xalqa muştuluq verib deyirlər ki, “qaçaqmalçılığın qarşısı alınır”.

Söz yox ki, rəiyyət nadandır. Amma bu dərəcədə də yox axı!

“Nə baş verir” sualı beyn işlətmək üçün gözəl fürsətdir. Dövlət işlərindən bir neçə parsek (istəyən lüğətə baxıb bu sözün mənasını tapa bilər) məsafədə saxlanılan sıravi rəiyyət bəndəsi, az-çox oxumuş kəsimə aiddirsə, deyir: “Belə şeylər zəfərlə bitmiş müharibələrdən sonra adi əhvalatdır. Qələbə çalmış müstəbid qalib xalqa anladır ki, qələbədən qudurmasın, həddini bilsin və rəiyyət olduğunu unutmasın. İosif Vissarionoviç Stalin 1945-ci il qələbəsindən sonra müzəffər sovet xalqını dübarə NKVD cəlladlarının təpikləri altına saldı, minlərlə başını dik tutmağa cəhd edən vətəndaş şərlənib tutuldu və çala-çala getdi Sibirə. Rəiyyət də anladı ki, müzəffər sözü xalqa aid deyil, yalnız Ali Baş Komandana aiddir”.

Rəiyyətin bisavad kəsiminə aid olan hissənin nümayəndəsi deyir ki, bu jurnalistlər çox güman Fransanın casuslarıdır, gözləri bizim qələbəmizi götürmür, jurnalistlərin əli ilə dövlətimizi içəridən laxladıb Qarabağı ermənilərə qaytarmaq istəyirlər.

Rəiyyətin çoxbilmiş hissəsinə aid olan bəziləri deyir ki, xeyr a, bu jurnalistləri “Quska” (Hüseyn Abdullayev nəzərdə tutulur – red.) maliyyələşdirirdi, “Quska” hazırlaşırdı bir aydan sonra həbs müddəti bitdiyinə görə azadlığa çıxıb növbəti “istefa-mustafa” oyununu başlasın, ta ki gəlib taxtı-tacı ələ keçirsin. Məhz bu səbəbdən hakimiyyət duyuq düşüb ona qarşı yeni, daşdan keçən növbəti cinayət içi açıb. Təbii ki, dövlət çevrilişinin həlledici halqası olan KİV qurumlarına önləyici zərbələr endirilib.

Qlobal miqyaslı düşüncə tərzinin sahibləri əmindirlər ki, bu repressiyalar Azərbaycan xalqının əzəli-əbədi, canında olan azadlıq eşqini boğmağa çalışan zalım üsuli-idarənin süqut ərəfəsində xilas olmaq cəhdidir. Gözləyin! Azadlıq aşiqləri, gözləyin, biz qayıdırıq! Qayıdıb Azərbaycanı qatacağıq demokratik dövlətlərin sırasına, Ermənistan qalacaq yana-yana!

Sui-qəsd nəzəriyyəsinə inananlar əmindirlər ki, bu son həbslərin arxasında Prezident İlham Əliyevi devirməyə çalışan qüvvələr durub. İlham Əliyevin bu həbslərdən heç xəbəri yoxdur, güc qurumlarına nəzarət edən əski qüvvələrin nümayəndələri ölkəmizi Qərbin gözündən salmaq üçün böylə düşük və səfeh cinayətləri törədirlər ki, dünyaya ağalıq edən kəslər anlasınlar: bu hakimiyyətlə Azərbaycandan fayda yoxdur, yeni qüvvələr və kəslər hakimiyyətə gəlməlidir.

Necə yəni xaricdən pul? Xaric məgər bizim deyil? Pul, dünyanın bütün pulu məgər bizim deyil? Jurnalistlər bizim inhisara əl atırlar? Bizim haqqımıza girirlər?
Tutun onları!

Sizin həqir bəndəniz nə birincilərdəndir, nə ikincilərdən, nə üçüncülərdən, nə də on beşincilərdən. Tək-tənha durub dünyaya baxır və hər şeyi öz arşını ilə ölçür. Məne-biçarə əminəm ki, xalqımızın qanından və ruhundan yoğrulmuş doğma hakimiyyət məhz milli mahiyyətdən çıxış edərək rəiyyəti ütüləyir ki, xaricdən baxanda onun üzərində heç bir qırış olmasın. Qüsursuz, qırışsız ütülü rəiyyət!

Nə idi bu qırışlar? Bu KİV qurumları hansı qırışları yaradıb dövlətimizin qüsursuz görkəminə kölgə salırdı? Onlar hansı məlumatı və xəbərləri yayıb dövlətyönlü KİV-in yaratdığı qüsursuz gözəl-göyçək dövlət surətini eybəcər göstərməyə çalışırdı?

Bəli, bu KİV qurumları yorulmaq bilmədən ölkədə korrupsiya, işgəncə, inhisar, tənəzzül, zorakılıq və dərəbəylik təzahürləri barədə məlumat yayırdılar. Rəiyyəti sevindirəcək böyük qələbə və uğurları təsvir etmək əvəzinə yazırdılar ki, növbəti nazirin övladı Britaniyada filan şirkəti açıb və filan milyon funt sterlinq məbləğındə ziyana düşüb. Ay nə bilim dövlət qurumu filan yetim və nakəsin haqqını basıb yeyib. Ay nə bilim Azərbaycanın iqtisadi göstəriciləri filan cədvəldə Afrika dövlətləri səviyyəsindədir. Və sairə və ilaxır!

Bu milli xəyanətə bərabər fəaliyyətə nə qədər dözmək olar?!

Qəribədir ki, hakimiyyət ölkədə azacıq belə sərbəst olası medianın fəaliyyəti üçün bütün bəndərgahları qapadandan, KİV-lərin 99%-nin ağzını hakimiyyətin səxavət kisəsinə bağlayandan sonra, jurnalistlərin mütləq əksəriyyətinin peşə vicdanını havayı mənzil və babat maaşla kəsərdən salandan sonra hansısa azadlıq və ləyaqət ilğımlarına uymuş kəslər xaricdən acından ölməmək üçün beş-üç qəpik pul taparaq girişirlər müstəqil media fəaliyyətinə!

Çalışırlar, Sabir demişkən, “düzü düz, əyrini əyri” yayımlasınlar.
Necə yəni xaricdən pul? Xaric məgər bizim deyil? Pul, dünyanın bütün pulu məgər bizim deyil? Jurnalistlər bizim inhisara əl atırlar? Bizim haqqımıza girirlər?
Tutun onları!
Ütüləyin rəiyyəti, qoy nə üzündə, nə də beynində bircə qırış qalmasın.

Ana səhifəMənim FikrimcəRəiyyəti ütüləyirlər