”Qapını sındırıb içəridən ”Azərbaycan saatı”nın kamerasını, qəzetin nüsxələrini götürüblər”
2016-cı ilin sentyabrın 5-də nəşrini dayandıran “Azadlıq” qəzetinin “Azərbaycan nəşriyyatı”ndakı redaksiyasından oğurluq edildiyi deyilir.
Bu barədə qəzetin redaktoru Rövşən Hacıbəyli Meydan TV-yə danışıb.
R.Hacıbəyli bildirib ki, redaksiyanın “Azərbaycan saatı”nın çəkilişləri olan otağından 8-ci mərtəbədəki akt zalına qapı açılır və redaksiyanın özü ilə həmin otağı qapı ayırır:
“Akt zalında bir müddətdir təmir işləri aparılır, həmin qapını sındırıb içəridən “Azərbaycan saatı”nın kamerasını götürüblər, masaların siyirmələrinə də əl gəzdiriblər, amma orda elə bir şey yox idi. Ən vacibi qəzetin 2005, 2006, 2007, 2008-ci illərdə çıxan sayları vardı, onlar cildlənməmişdi, həmin nüsxələri oğurlayıblar”.
R.Hacıbəyli deyib ki, redaksiyadan oğurluq iki həftə əvvəl baş verib və bu barədə nəşriyyatın məsul işçilərinə və təmiri aparan briqadanın rəhbərliyinə məlumat verilsə də, heç bir reaksiya yoxdur:
“Şikayət etdiyimiz tərəflər boynundan atır. Onların bir işçisi İlham Hüseynə deyib ki, fəhlələr qəzetləri arabalara yükləyib aparırdı. Bütün hallarda biz nəşriyyat işçilərindən şübhələnirik, çünki fəhlənin qəzet nəyinə lazımdır, amma nəşriyyat işçiləri köhnə qəzetləri maklatura adıyla satırlar”.
“Azadlıq” qəzetinin ilk sayı 1989-cu ilin 24 dekabrında nəşr olunub. Qəzetin baş redaktoru Nəcəf Nəcəfov olub. O, 1999-cu il dekabrın 17-də vəfat edib.
Hazırkı baş redaktor Qənimət Zahid Fransada mühacirətdədir.