Ən yüksək göstəricilər Dağlıq Şirvan ərazisindədir
Rayonlarda kredit faizləri Bakıya baxanda iki dəfə bahadır. Mərkəzi Bankın açıqladığı rəqəmlərdən aydın olur ki, Bakıda kreditlər üzrə orta faiz dərəcəsi 11.05 faiz olduğu halda, bölgələrdə bu, 19.67 faizədək yüksələ bilir. Məsələn, banklar Dağlıq Şirvanda 19.67, Qarabağ bölgəsində 19.32, Mil-Muğan iqtisadi rayonunda 19.13, Lənkəran-Astara iqtisadi rayonunda 19.1, Şirvan-Salyan iqtisadi rayonunda 18.75, Mərkəzi Aranda 18.59, Qazax-Tovuz iqtisadi rayonunda 18.42 faizlə kredit verir.
Mərkəzi Bank bildirir ki, Azərbaycanda kreditlər üzrə orta faiz dərəcəsi 12.56 faizdir.
İqtisadçı, deputat Vüqar Bayramov deyir ki, rayonlarda faiz dərəcəsinin yüksək olması vətəndaşların kreditlərə əlçatanlığını azaldır. Bu, xüsusən bölgələrdə real sektora yönəldilən kreditlərin payının az olması anlamına da gəlir. Nəticədə regionlarda sərmayə qoyuluşlarının artırılmasına əngəl olur:
“Bakıda kredit faziləri üzrə orta dərəcənin aşağı olması biznes və eləcə də ipoteka kreditlərinin əhəmiyyətli hissəsinin paytaxtın payına düşməsi ilə bağlıdır. Bakı aşağı faizli kreditlərdən daha çox faydalanır. Banklar hələ də regionlarda kredit riskini yüksək qiymətləndirirlər. Bu baxımdan bölgələrdə daha çox yüksək faizli istehlak kreditlərinə üstünlük verirlər”.
İqtisadçı deyir ki, kredit faizlərindəki regional disbalansın aradan qaldırılması olduqca vacibdir. Regionların inkişafı daha aşağı faizli kreditlərə çıxış imkanlarının genişləndirilməsini tələb edir: “Mərkəzi Bank tərəfindən də bu istiqamətdə stimullaşdırıcı tədbirlərin genişləndirilməsinə ehtiyac var”.
Qaydalara görə, vətəndaşın kredit ödənişlərindən sonra əlində ən azı yaşayış minimumu qalmalıdır. 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat müəyyənləşdirilib. Bu məbləğ əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manatdır.