”Rusiyalı analitiklərin söylədikləri uzunmüddətli perspektiv siyasi və təbliğati spekulyasiyadan başqa bir şey deyil”
İyulun 15-də Türkiyədə bir qrup general və hərbçinin dövlət çevrilişinə cəhdindən sonra Ankaranın xarici siyasət xətti ilə bağlı müxtəlif təkliflər səsləndirilir. Rusiyalı analitiklər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya prezidenti Vladimir Putinlə avqustun birinci ongünlüyünə planlaşdırılan görüşünü Moskva-Ankara-Tehran, yaxud Moskva-Bakı-Ankara müttəfiqlik üçbucağı kimi dəyərləndirirlər.
Q.V.Plexanova adına Rusiya İqtisadiyyat Universitetinin politologiya və sosiologiya kafedrasının dosenti Aleksandr Perendjiev vesti.az-a bildirib ki, hazırda İran, Rusiya və Türkiyə layihəsi gündəmə gəlir: “Xüsusilə, İran Şanxay Əməkdaşlıq Təşkilatına üzv olmaq istəyir. Gələcəkdə Türkiyənin də müşahidəçi qismində qurumda iştirakına baxıla bilər. Əlbəttə, bunlar Çinlə razılaşdırılacaq. Əgər Qərb əleyhinə çıxmasa, Türkiyə tamam başqa yolla gedəcək”.
A.Perendjiev Moskva-Ankara münasibətlərinin yaxşılaşmasının yeni imkanlar açacağı qənaətindədir: “Əlbəttə, problemlər var, əvvəl də olub, ancaq bunları aşmaq lazımdır. Elə etmək lazımdır ki, Türkiyə müttəfiq olmasa da, Rusiyanın yaxşı tərəfdaşı olsun. Düşünürəm ki, Türkiyə Amerikadan uzaqlaşacaq. Türklər NATO-dan çıxmasalar da, Alyansın formal üzvü olacaqlar”.
Digər rusiyalı analitik Oleq Kuznetsov isə bildirib ki, qiyamdan sonra prezident Ərdoğanın mətbuat konfransında ABŞ-da yaşayan Fətullah Güləni günahlandırması və ilk zəngi Putinə etməsi çox məqamlardan xəbər verir: “Belə görünür ki, Ankara üçün indi əsas oriyentir məhz Rusiya olacaq, ABŞ yox. Mən 2013-cü ildən Qara dəniz-Qafqaz regionunda Moskva-Ankara-Bakı təhlükəsizlik üçbucağının yaradılması ideyasını təbliğ edirəm”.
Deyilənlər barədə Meydan TV-nin suallarına cavab verən azərbaycanlı siyasi şərhçi Rauf Mirqədirov bildirib ki, Azərbaycan kiçik dövlət olduğundan, qlobal proseslər heç də bizim ölkənin əsas aparıcılığıyla cərəyan etmir: “Söhbət superdövlət olmağa iddia edən Rusiya, regional dövlətlər Türkiyə və İrandan gedir. Amma bu dövlətlərin geosiyasi maraqlarına baxdıqca mənafelər nə tarixən üst-üstə düşüb, nə də indi. Ən azı onların regionda hegemon olmaq iddiaları maraqlarını toqquşdurur. Bu halda rusiyalı analitiklərin söylədikləri uzunmüddətli perspektiv siyasi və təbliğati spekulyasiyadan başqa bir şey deyil. Amma qısamüddətli perspektivdə alyansların yaranması istisna deyil. Türkiyənin indiki durumunu nəzərə aldıqda, söhbət Fətullah Güləndən yox, ölkədə avtoritarizmin möhkəmlənməsindən gedir, bu halda Ankaranın ənənəvi müttəfiqləri olan Vaşinqton və Brüssellə münasibətləri kəskinləşəcək. Belə olan halda Türkiyə İran və Rusiya arasında qısamüddətli yaxınlaşmalar ola bilər”.
R.Mirqədirov Türkiyənin xarici siyasət problemləri sırasında Suriya məsələsini xatırladaraq bildirib ki, Ankarayla Moskvanın Dəməşqə baxışları tamamilə ziddiyyət təşkil edir. O cümlədən, Moskva və Ankaranın Ermənistanla maraqları da üst-üstə düşmür. Yaxud Ankara Cənubi Qafqaz bölgəsində iştirakçı olmaq istəyir, Rusiya və İran isə Türkiyəni regionun dövləti saymırlar. Ümumiyyətlə, Rusiyanın Türkiyəylə münasibətlərinin normallaşmasından böyük gözləntisi yoxdur. Ümumiyyətlə, Moskva iqtisadi münasibətlərin normallaşmasına, öz bazarlarını Ankaranın üzünə açmağa tələsmir. Rusiya vətəndaşlarının Türkiyədə istirahətinə qadağanı götürsə də, çarter reyslərinə hələ icazə verməyib. 15 iyul hadisələrindən sonra isə hava uçuşlarına faktiki qadağa qoyuldu. Nəhayət, iqtisadiyyatda Moskva ilə Ankaranın bir çox maraqları uyğun gəlmir. Rusiya regionun enerji lideri olmaq iddiasında qalır”.