Ramiz Mehdiyevin oğlu nazir müavini vəzifəsindən azad edildi

Ramiz Mehdiyev və Teymur Mehdiyev – Foto: Meydan TV

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyev fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad edilib.

Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Teymur Mehdiyev 2014-cü ildən fövqəladə hallar nazirinin müavini vəzifəsini tuturdu.

O, bu vəzifəyədək Dövlət Miqrasiya Xidməti rəisinin 1-ci müavini, ondan öncə isə mədəniyyət və turizm nazirinin müavini vəzifəsində çalışıb.

Ramiz Mehdiyev 1995-2019-cu illərdə  Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, 2019-2022-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti kimi fəaliyyət göstərib. Bəzən onu mediada “boz kardinal”, Rusiyanın Azərbaycandakı adamı, “5-ci kolon”un rəhbəri adlandırırdılar.

Onun haqqında oktyabrın 14-də Səbail Rayon Məhkəməsi 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçib. 

O, Cinayət Məcəlləsinin 278.1 (Azərbaycan Respublikasının Konstitusiyasına zidd olaraq hakimiyyətin zorla ələ keçirilməsinə, yaxud hakimiyyətin zorla saxlanılmasına, habelə dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma, xeyli miqdarda) maddələri ilə ittiham edilir. 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və Rəyasət heyətinin üzvü Məmməd İbrahimin həbsi, Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənlinin, eləcə də bir neçə AXCP funksionerinin, Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmovun dindirilməsinin Ramiz Mehdiyevin DTX-da istintaq olunan cinayət işi ilə əlaqədar olduğu deyilir.

Ana səhifəSiyasətRamiz Mehdiyevin oğlu nazir müavini vəzifəsindən azad edildi