Qüdrət Həsənquliyev: Gələcəkdə Naxçıvanın statusu ləğv edilməlidir

Vasif Talıbov və Qüdrət Həsənquliyev

Vasif Talıbov və Qüdrət Həsənquliyev

''Naxçıvandakı bəzi dövlət qurumları muxtariyyət hüdudlarını aşır''

Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Naxçıvan barədə tənqidi fikirlər söylədikdən sonra Muxtar Respublikanın rəsmilərinin kəskin reaksiyasından təəcübləndiyini bildirib.

"Hürriyyət" qəzetinə müsahibəsində o, bildirib ki, dəfələrlə Naxçıvanla bağlı problemləri dilə gətirib, amma bu cür reaksiya ilə üzləşməyib.

“İnanmazdım ki, Muxtar Respublikada tərbiyəsiz adamlar nazir postu tuta bilərlər”

“Hakimiyyətin daxilində iddialı insanlar var və bunu inkar etmək mümkün deyil. Amma mənim hansısa hakimiyyətdaxili qruplaşmaya meyllənməyim barədə söyləntilərin ciddi əsası yoxdur. Ona görə də Naxçıvanda bəzi rəsmilərin də iştirakı ilə mənə qarşı söyüş kampaniyası aparılanda xeyli təəcccübləndim. İnanmazdım ki, Muxtar Respublikada bu qədər dar düşüncəli, tərbiyəsiz adamlar nazir postu tuta bilərlər. Bir nazirin deputatı təhqir etməsi bir yana, üstəlik, ona irad tutur ki, sən niyə Naxçıvanın daxili işlərinə qarışırsan”.

Q.Həsənquliyev müsahibələrinin birində deyib ki, 2019-cu ildə Naxçıvan büdcəsinin yalnız 21,7 faizi, yəni 83,3 milyon manatı yerli gəlirlər hesabına formalaşacaq.

“455 mindən artıq insanın qeydiyyatda olduğu region üçün bu rəqəmin nə qədər kiçik olduğunu söyləməyə ehtiyac yoxdur. Yerli gəlirlərinə Naxçıvan MR Dövlət Gömrük Komitəsi tərəfindən toplanan vəsait də daxildir və bu vəsait də dövlət büdcəsindən daxil olan dotasiya kimi qəbul olunmalıdır. Dünyanın heç bir federativ və ya konfederativ dövlətində subyektlərin gömrük və miqrasiya xidməti yoxdur. Azərbaycan isə hətta unitar dövlətdir. Bu dövlət institutları müstəsna olaraq mərkəzi hakimiyyət tərəfindən formalaşdırılır və gömrük daxilolmaları yerli büdcəyə yox, dövlət büdcəsinə köçürülür. Keçmişdə Naxçıvanın iqtisadi durumunun daha ağır vəziyyətdə olmasını, blokada vəziyyətində yaşamasını nəzərə alaraq, büdcə vəsaitləri hesabına əlavə iş yerlərinin açılması üçün Muxtar Respublikada DGK və DMX formalaşdırılmışdır. Amma bunun mənfi nəticələri ondan ibarət olmuşdur ki, bu gün Naxçıvandan Bakıya və əks istiqamətdə hərəkət edən, əşya və yük daşıyan insanlar gömrük yoxlamalarından keçmək və qanunsuz “rüsum” ödəmək zorunda qalmışlar – sanki başqa dövlətdən gələn əcnəbilər kimi. Hətta Avropa İttifaqının vətəndaşları belə, bir üzv dövlətdən digərinə gedərkən gömrük yoxlamalarına məruz qalmırlar”. 

“Naxçıvan MR Konstitusiyası Azərbaycan Konstitusiyası ilə ziddiyyət təşkil edir”

Q.Həsənquliyev xatırladıb ki, parlamentdə Naxçıvan MR Konstitusiyasının Azərbaycan Konstitusiyası ilə ziddiyyət təşkil etməsi barədə vaxtilə məsələ qaldırıb.

“Çünki Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Naxçıvan MR Ali Məclisinin sədridir. Dolayısıyla, həm icra, həm də qanunvericilik funksiyasını yerinə yetirir. Bu da Konstitusiya ilə təsbit olunmuş hakimiyyət bölgüsü prinsipinə uyğun deyil”.

Muxtar Respublikanın sosial-iqtisadi problemlərinə toxunan deputat deyib ki, əvvəllər Ordubadda konserv zavodu, baramaçılıq fabriki, Yaycıda, Əbrəqunusda şərbaçılıq zavodları var idi, indisə onların heç biri işləmir və insanlar iş yerlərini itirib, Naxçıvanı tərk edirlər.
Q.Həsənquliyev Naxçıvandan ona olan təpkilərə münasibət bildirərək deyib ki, bir müsahibə obrazı dağıdırsa, deməli o real deyil və ciddi problemlər var.

O deyib ki, özünə qarşı münasibətin dəyişilməsinin əvvəllər də şahidi olub.

“İkinci dəfə mən ordan deputatlığa namizədliyimi irəli sürəndə hiss edirdim ki, Naxçıvan rəhbərliyi bundan narazıdır. Müsahibə münasibətin açıq ifadə olunmasına həm də bir bəhanə oldu. Əvvəllər Naxçıvan Muxtar Respublikasının rəhbərliyi ilə görüşümüzdə heç bir problem olmurdu. Vasif Talıbovla görüşür, insanların problemlərini, arzu və xahişlərini ona çatdırır, öz fikirlərimi deyirdim. Amma sonradan hiss etdim ki, münasibətlərdə müəyyən soyuqluqlar yaranıb”.
Deputatın sözlərinə görə, zamanla bəzi insanlar böyük sərvət toplayırlar və hədsiz sərvət, mütləq və nəzarətsiz hakimiyyət siyasi iddiaları artırır, insanlara da münasibəti dəyişir.

“Kimin nə iddiası varsa, Prezidentin dediyi kimi açıq şəkildə ortaya qoysun”

Deputat hesab edir ki, bəziləri görəndə ki, gözləntiləri özünü döğrultmur, əsəb gərginliyi keçirir, aqressivləşirlər.

“Öz məqsədlərinə çatmaq üçün onlar həm daxili, həm xarici qüvvələrlə müəyyən işlər aparır, ziyalıları öz ətraflarına cəlb edib siyasi təsir dairələrini genişləndirməyə can atırlar. Bunun üçün böyük pullar xərcləyirlər, görəndə ki, səyləri istənilən effekti vermir, daha qabiliyyətli biri önə çıxır, onun gələcəklə bağlı bütün ümidlərini puç edir, o zaman acıqlarını çıxmağa, mənfi enerjilərini tökməyə adam axtarırlar. Hesab edirəm ki, bu məsələdə hikkəni, cəsarəti, qətiyyəti, təkəbbürlülüyü mənə göstərmək lazım deyil. Kimin nə iddiası varsa, Prezidentin dediyi kimi açıq şəkildə ortaya qoysun. Amma bütün bu hoqqabazlıqlardansa tərbiyəli və savadlı insanları toplayıb səsləndirilən təklifləri top tüfənglə qarşılamaq əvəzinə onlar öyrənilərsə və real iş görülərsə iddiaları daha rahat həyata keçirmək olar”.

“Müsahibə Naxçıvan rəhbərliyinin formalaşdırmağa çalışdığı obrazı zədələyib”

Onun fikrincə, həqiqəti dilə gətirməyi onlarda belə təəssürat yaradıb ki, guya, müsahibə Naxçıvan rəhbərliyinin formalaşdırmağa çalışdığı “qurub-yaradan lider” imicinə mənfi təsir edib, bu obrazı zədələyib.

“Mən Bakıda öz kəndlilərimizin yas mərasiminə gedəndə, görürəm ki, bütün kənd ordadır. Deyirəm; İlahı, Əbrəqunusda kimsə qalıbmı, görəsən? Naxçıvanın, demək olar, bütün kəndləri eyni vəziyyətdədir; ya körpə uşaqlar, ya da ağsaqqallar və ağbirçəklər qalıblar. Ağsaqqalların öz asudə vaxtlarını səmərəli keçirmələri də çətinləşdirilib. Çayxanalar, mağazaların çoxu bağlatdırılıb. Kənd yerlərində, məsələn, Əbrəqunusda təqaüdçülər evi dağılıb, kitabxana, klub, xəstəxana uçub, getdikcə istifadəsiz hala düşən şərab zavodları dağılıb. Həmin yerləri insanlar, görünür, şərtlər ağır olduğundan götürüb, nəsə tikmirlər, qurmurlar. Kəndin mərkəzinə girəndə xarabalıqla qarşılaşırsan. Elə bilirsən, müharibədən çıxıb. Ağsaqqallar əksər hallarda qaz borularının üstündə oturub dərdləşirlər. Özü də, təkcə bizim kənddə belə deyil. Kəndlərdə bir çayçı olsa, ağsaqqallar oturub orda hal-əhval tutsalar, bunun kimə ziyanı olar?”

“Naxçıvan güclü iqtisadiyyata malikdir demək üçün gərək vicdanını itirəsən”

Deputat deyib ki, Naxçıvan güclü iqtisadiyyata malikdir demək, yaxud reallıqları dilə gətirənləri təhqir və ittiham etmək üçün gərək vicdanını itirəsən.

“Muxtariyyətin olması o demək deyil ki, özünü müstəqil dövlət kimi aparasan. Naxçıvan yerli problemlərin həllində muxtar hüquqlara malikdir, ümumi dövlətçilik baxımından isə Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Azərbaycan unitar dövlətdir. Hətta federativ və ya konfederativ dövlətlərdə belə, insan hüquqları, qanunun aliliyi, dövlət hakimiyyətinin həyata keçirilməsi və s. kimi məsələlər vahid Konstitusiya ilə tənzimlənir”.

Q.Həsənquliyevin qeyd edib ki, Azərbaycan Milli Məclisinə seçkilər keçiriləndə Naxçıvanda formalaşdırılan seçki dairələrinin, qanunən, Muxtar Respublikanın Mərkəzi Seçki Komissiyasına heç bir aidiyyəti olmur.

“Düzdür, Naxçıvan MR MSK-sı bəzən bu seçki dairələrinin tərkibini müəyyənləşdirməkdən belə çəkinmir, bunun üçün müxtəlif müdaxilələrə əl atır. Məsələn, qalmaqal yaradan məlum müsahibəmdən bir az əvvəl Naxçıvan MR Mərkəzi Seçki Komissiyasının sədri polislə hədələyərək, mənim seçildiyim dairədə qırmızı diplomla universiteti bitirmiş, cəmi 10 gün əvvəl Azərbaycan MSK tərəfindən üzv seşilmiş gənc seçki komissiyasının katibini istefa verməyə məcbur etmişdi”.

“Naxçıvan MR Gömrük Komitəsi qanundan kənar yaradılmış qurumdur”

O vurğulayb ki, Naxçıvan qanunları Azərbaycan qanunları ilə ziddiyyət təşkil etməməlidir, sadəcə yerli əhəmiyyətli məsələlərin həlliylə məşğul olmalıdır.

“Muxtariyyətlərin xarici siyasət yürütmək, Dövlət Sərhəd Xidməti, Gömrük Komitəsi, ordu qurmaq səlahiyyəti yoxdur. Bu kimi məsələlər, istisnasız, mərkəzi hakimiyyətin səlahiyyətlərinə daxildir. Amma Naxçıvanda ümumi dövlət prinsiplərinə zidd olaraq səfərbərlik üzrə ayrıca çağırış xidməti fəaliyyət göstərir. Halbuki, onun muxtar respublikaya heç bir aiddiyyatı olmamalıdır. Eyni zamanda Miqrasiya Xidməti var; tam qanunsuzdur. Naxçıvan MR Gömrük Komitəsi də, həmçinin, qanundan kənar yaradılmış qurumdur. Bu kimi dövlət xidmət qurumlarının olması faktiki surətdə unitarlığa ziddir”.

Q.Həsənquliyev düşünür ki, gələcəkdə Naxçıvanın muxtariyyət statusu da ləğv edilməlidir.

“Nə vaxtadək Azərbaycanın ərazi bütövlüyü bərpa edilməyib, Naxçıvanın muxtar statusunu müzakirəyə çıxarmaq olmaz. Amma gələcəkdə hansısa tarixi şərait yaranarsa, Naxçıvanla Azərbaycanın digər bölgələri arasında ərazi bütövlüyü təmin olunarsa, əlbəttə, muxtariyyət statusu da ləğv edilməlidir. Bununla belə, hazırda Naxçıvandakı bəzi dövlət qurumları muxtariyyət hüdudlarını aşır və onlar ləğv olunmalıdır”.

Buna misal olaraq deputat gömrük keçid məntəqələrinin əməkdaşlarının Bakıdan təyin olunmalı olduqlarını, Naxçıvan Gömrük Komitəsinin isə ləğv olunmasının təklifini verib.

“Bu zaman Naxçıvana gedib gələn insanlar gömrük yoxlamalarından qanusuz olaraq keçirilməz, əmlakları müsadirə olunmaz və qanunsuz rüsum ödəməzlər”.

“Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Ali Məclisin sədri ola bilməz”

Muxtar Respublikaya rəhbərlik edən şəxsin vəzifəsinin adına gəlincə, deputat hesab edir ki, adını nə qoyuruqsa qoyaq, Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi Ali Məclisin sədri ola bilməz.

“Yəni orda hakimiyyət bölgüsü prinsipinə əməl olunmalıdır. Bunu ölkənin Konstitusiyası tələb edir. Konstitusiyada yazılır ki, Azərbaycanda dövlət hakimiyyəti hakimiyyətlərin bölgüsü prinsipi əsasında həyata keçirilir. Bu, imperativ bir normadır. Bu normaya əməl olunmalıdır”.

Onun fikrincə, bu gün Naxçıvanda mövcud olan sərhəd, gömrük, hərbi çağırış və səfərbərlik, miqrasiya xidmətləri kimi qurumlar sabah yenidən Azərbaycanın tərkibinə qayıdacağı təqdirdə Dağlıq Qarabağ ermənilərini də eyni səlahiyyətləri tələb etməyə şirnikləşdirə bilər ki, bunlar da müstəqil dövlətin artributlarıdır.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/qo0e2a

Ən çox baxılan