“Özbəkistanda qara valyuta bazarları 20 ildən çoxdur ki, fəaliyyətdədir”
“Valyuta hesablamalarının limitləşdirilməsi istehlak bazarında əmtəə qıtlığı və qiymətlərin artımını sürətləndirəcək”, – bunu iqtisadçı Qubad İbadoğlu “Facebook” səhifəsində yazıb.
Dollara tələbatın artmasına səbəb nədir?
İqtisadçı, son günlər valyutaya tələbatın kəskin artdığını deyir. Bunun səbəblərini izah edir: “Bunu şərtəndirən çoxsaylı amillər siyahısına durğun yay mövsüminin başa çatması ilə işgüzar fəallığın yüksəlməsi, kənd təsərrüfatı fəaliyyətindən manatla əldə edilən əsas gəlirlərin valyuta alışına yönəlməsi, yeni tədris ilinin başlaması ilə əlaqədar xaricdə təhsil haqlarının ödənməsi, hazırlıqla bağlı olaraq daxildə idxal mallarına ehtiyacların yaranması, manatın getdikcə ucuzlaşmasından təşvişə düşənlərin xarici borc öhdəliklərinin yerinə yetirməsi istiqamətində səylərini artırması, bankların manipulyasiya əməliyyatlarının üstünlük təşkil etməsi və sair daxildir”.
Valyuta bazarında mövcud vəziyyət daha da gərginləşəcək
Q. İbadoğlu bildirir ki, bu amillərin fəal olduğu şəraitdə növbəti hərrac bu gün keçiriləcək. Çox güman ki, Dövlət Neft Fondu hərracda iştirak edən yeganə qurum olaraq banklara yenidən 50 milyon ABŞ dolları təklif edəcək:
“Belə olan halda da tələblə təklif arasında fərq bir az da artacaq. Bazar tarazlığı əsasında formalaşmayan məzənnə gerçək olmayacaq, bu da valyuta bazarında mövcud vəziyyəti daha da gərginləşdirəcək”.
Qara bazar məzənnəsi ilə rəsmi məzənnə arasında fərq bir az da yüksələcək
Qubad İbadoğlu deyir ki, bu dəfə də bankların aldığı valyutalar əsasən qara bazarlar vasitəsilə reallaşacaq. Beləliklə də, qara bazar məzənnəsi ilə rəsmi məzənnə arasında fərq bir az da yüksələcək: “Bu isə Azərbaycanı “özbəksitanlaşdıracaq” və ötən əsrin 90-cı illərinin ortalarına qaytaracaq. Məlumat üçün deyim, Özbəkistanda qara valyuta bazarları 20 ildən çoxdur ki, fəaliyyətdədir”.
Vəziyyətdən çıxış yolu
Q. İbadoğlu bildirir ki, bunların olmaması üçün Mərkəzi Bank valyuta bazarında təzyiqi azaltmağa yönələn təxirəsalınmaz tədbirlər həyata keçirməli, bazarda valyuta təklifini çoxaltmalı, İqtisadiyyat Nazirliyi istehlak bazarında idxal mallarının yerli məhsullar hesabına əvəzlənməsinə yönələn təşviqləndirici siyasətlə valyutaya tələbatı azaltmalı, Maliyyə Nazirliyi və Vergilər Nazirliyi isə büdcənin balanslaşdırılmasına çalışmalıdır:
“Bütün bu fəaliyyətlər iqtisadi sahədə koordinasiya olunmuş dövlət siyasətinin tərkib elementləri olmaqla ciddi sürətdə əlaqələndirilməli və Maliyyə Sabitliyi Şurası tərəfindən idarə olunmaldır”.