Düz bir il əvvəl, iki azərbaycanlı oğlan, Bakıda, Heydər Əliyev heykəlinin üzərində hökumət əleyhinə şüarlar yazdı, həbs edildi, narkotiklərin yayılmasında ittiham olundu və 10 il həbs cəzasına məhkum edildi.
Meydan TV “heykəl məhbusları”nın əhvalatını söyləyir.
Bayram
“Oğlum bütün uşaqlar kimi idi. Məktəbə gedər, dərslərini hazırlayar, kitab oxuyardı. Onunla əlaqələrim normal idi. Ordudan sonra İtaliyada magistraturaya qəbul olmaq niyyətində idi. Mən istəməzdim, o, gəncliyini barmaqlıqlar arxasında keçirsin” – Fərman Məmmədov kədərlə danışır.
Bakı Slavyan Universitetinin tələbəsi Bayram Məmmədov magistratura əvəzinə həbsxanaya getdi. 2016-cı ildə, mayın 10-na keçən gecə, Bakıda Bayram və yoldaşı, həmçinin tələbə olan Qiyas İbrahimov, Heydər Əliyevin heykəlinə “Qul Bayramınız mübarək!”, “Rədd olsun sistem!” sözlərini yazmışlar.
Azərbaycanda 2000-ci ildən bəri, mayın 10-da keçmiş prezidentin və cari prezident İlham Əliyevin atasının ad gününə həsr edilmiş Gül Bayramı keçirilir. Qiyas və Bayram “Gül bayramınız mübarək!” ifadəsini dəyişərək, Gül sözünün yerinə Qul yazmışlar və nəticədə “Qul bayramınız mübarək!” alınmışdı.
“Rəssamlar” elə həmin gecə həbs edildi – axtarış zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hər birinin evindən 1 kq heroin tapıldı. Onlara qarşı Azərbaycan Cinayət Məcəlləsinin 234-cü maddəsinə əsasən (narkotiklərin qanunsuz saxlanması, daşınması və satışı) ittiham irəli sürüldü. 2016-cı ilin dekabr ayının 8-də Bakı şəhər Ağır Cinayətlər Məhkəməsi Bayram Məmmədovu 10 il həbs cəzasına məhkum etdi.
Bayram ittihamı rədd edirdi və Qiyas kimi, o da, ifadəsini işgəncə altında verdiyini israr edirdi. Azərbaycan Daxili İşlər Nazirliyi və Ombudsman Aparatı işgəncələrin istifadə edilməsini təkzib etdi.
“Qonşular onun necə tutulmasını gördülər. Daha sonra onun heykəl üzərində yazı yazdığına görə tutulduğunu öyrəndik. Biz vəkillərdən öyrəndik. Bunun heykəl məsələsi olduğunu da biz yalnız məhkəmədə bildik”- . Bayramın atası xatırlayır.
Qiyas
Eyni şeyləri də ikinci “abidə məhbusunun” ailəsi danışır. “Həbs gecəsi bizim evimizə narkotik qoydular”- Qiyasın anası Şura İbrahimova danışır, – “Qiyas sadəcə yanımdan keçəndə əyilib mənə dedi : “Ana, qorxma, məni siyasətdə suçlayıb narkotiklə tutmaq istəyirlər”. Bir oglan mətbəximizə keçəndə, Qiyas ondan soruşdu: “ Mətbəxə narkotik qoymaq üçün keçmişdiniz?” Mən anladım ki, Qiyasa böhtan atmaq istəyirlər, ancaq səbəbini anlamadım. Sabahısı gün- mayın 11-i (o, mayın 10-na keçən gecə tutulub – müəllif) bəlli oldu ki, şəhərdə H.Əliyevin heykəlinin postamentinə kimsə şüar yazıb və bunda iki oğlandan şübhələnirlər. Onda bildim ki, onlardan biri mənim oğlum Qiyasdır”.
Qiyas İbrahimovun işi Bayramın əhvalatını eyni ilə təkrar edir: həbs, 1 kilogram aşkar edilmiş heroin, 25-i oktyabr 2016-cı ildə Baki məhkəməsi tərəfindən çıxarılmış 10 il azadlıqdan məhrumluq.
İndi Qiyasın 23, Bayramın isə 22 yaşı var. Tələbədirlər, Azərbaycanda məşhur intellektual oyunun iştirakçısıdırlar.
Fərman Məmmədov Bayramın evdə hökumətə qarşı heç vaxt danışmadığını bildirir:
“Anası hələ də barışa bilmir. Onunla görüş zamanı anası ondan soruşur ki, axı sən necə bura düşdün? O isə cavab verir: “Ay ana, başlama, oldu də, elədim”.
Şura İbrahimova da, oğlunun heykəl üzərində yazmaq ideyaları və ya onun müxalif baxışları barədə heç bir şey bilmədiyini deyir: “Ümumiyyətlə, o, evdə nəyisə bölüşməyi xoşlamırdı, mən onun baxışları haqqında heç nə bilmirdim. O, hökumət haqqında pis bir şey danışmayıb, bu barədə heç bir söhbət olmayıb. Bir onu bilirəm ki, onun fikrincə, ölkədə vəziyyət, gənclər üçün şərait və onların təhsili zəifdir”.
Divar üstü etiraz
“Qraffiti” termininin ekspertlər tərəfindən geniş anlamı var – küçə divarlarında rəsmlərin çəkilməsinin hər hansı bir növü kimi, sadəcə yazılmış sözlərdən başlayaraq, mürəkkəb kompozisiyalara qədər. Siyasi mövzularda qraffitilərə dünyanın bütün guşələrində rast gəlmək olar – Berlin divarlarının qalıqları üzərində Dmitri Vrubelin məşhur “Brejnev və Xonekkerin öpüşündən” tutmuş Benksinin rəsmlərinəcən. Amma siyasi azadlıqlda məhdud olan ölkələrdə qraffiti etiraz formasına çevrilir və hakimiyyət orqanları tərəfindən təqib edilir.
Müasir Azərbaycanda “divar üstü siyasət” 2010-cu ildə, solçu gənclər tərəfindən Bakının mərkəzi binalarında müxtəlif şüarların yazılmağı ilə geniş
yayılmağa başlayıb.
– ” Neft xalqa məxsusdur”, “ Rədd olsun işsizlik”, “Səssiz olma – tələb et” və s. Bakıda prezident kitabxanasının divarlarında “Kapitalizm göstərir . Sosializm verir”, “Nokia” ofisinin divarlarında isə «Revolution – connecting people!» “İnqilab –insanları birləşdirir” sözlərini oxumaq olar.
Əvvəllər yazılar ətrafında ajiotaj yaranmırdı. Solçular divarlarda gecə yazardı, hökumət o yazıları səhər silərdi və heç kim həbs edilməzdi. Bayram və Qiyasın məsələsində nə dəyişdi?
Publisist Məmməd Süleymanov hesab edir ki, nə mətn, nə də onların etiraz üçün seçdiyi yer Bayram və Qiyasın taleyinə qərar verməyib -sadəcə zaman dəyişib. Anna Axmatovanın sözlərini xatırlasaq, veqetarian olmağı tərgidiblər: “ Bu sözləri bir on il öncə yazsaydılar, onları tutub 30 sutkalıq həbs edərdilər. Ancaq “Ərəb baharından” sonra istənilən “liberallaşma” hökumət tərəfindən zəiflik və lazımsız güzəşt kimi qəbul edilməyə başlanıb. Məhz bu səbəbdən, bənzər əməllərin cəzası, 5-10 il bundan öncə olanlardan radikal olaraq fərqlənir”.
“Bəlkə də mən düzgün hesab etdiyim kimi hərəkət etsəydi , daha da betər olardı”
Hər iki fəalın valideyinləri, onların etdiyi ilə razı olmasalar da, hərəkətlərini anlayışla yanaşırlar:
“ O, ölkədəki problemləri deməli idi, amma belə yox. Ancaq mən onun fikrilərinə hörmətlə yanaşıram, o, azad insandır”,- Bayramın atası deyir – “Hər halda oğlum bağışlanılmaz bir şey etməyib. Bəzi şeylərə baxanda, fikirləşirəm: mən deməsəm, başqası deməsə, bu da iş deyil”.
Qiyasın anası, oğlunun ümummilli liderin, “Heydər Babanın” heykəlini (keçmiş prezidenti belə adlandırırlar) nə üçün yazdığını anlamasa da, hər şeyi sakit qəbul edir:
“Görünür bizim düşüncələr fərqlidir. O, savadlı oğlandır, dünyanı mənim kimi görmür. İstəməzdim oğlum heykəlin üzərində yazsın, amma oğlum öz fikrini açıq söyləsəydi belə, onu yenə də həbs edə bilərdilər. Qiyas gəncdir, onun özünün ideya və fikirləri var, bəlkə mən istədiyim kimi hərəkət etsəydi, daha da betər vəziyyətə düşərdi…”
“Mən sistemin yazılmamış qanununu pozdum”
Onları dəmir barmaqlıq arxasında uzun bir zaman gözləməsinə baxmayaraq, məhkəmə zalında Qiyas və Bayram, etdikləri əmələ görə təəssüf etmədiklərini bildirdilər. Məhkəmə zamanı sonuncu çıxışında Qiyas dedi: “Mənim iddia olunduğum cinayətə görə özümü müdafiə etmək fikrim yoxdur. Mənim real cinayətimin rəngi istifadə etdiyim boya kimi “ağdır”. Mənim həbs edilməyimin əsl səbəbi –gənc tələbə olaraq yaşadığım ölkənin siyasi sisteminin yalan və qanunsuzluğuna qarşı tam sivil etirazımdır. Mən yazılmış qanunları pozmamışam. Yazılmış qanunlara əsasən, mənim hərəkətim cinayət hesab edilmir. Mən sistemin yazılmamış qanununu pozmuşam. Sistem bu yazılmamış qanunları ədalətsizliyi ədalət, quldarlığı azadlıq kimi təqdim etmək məqsədi ilə istifadə edir”.