Rövşən Hacıbəyli
Həbsxanadakılara kitab vermək istəmirlər
Naşir Şahbaz Xuduoğlu illərdir daha çox kitab oxunması üçün çalışır. Bəziləri anındaca “burda biznes maraqları var” deyir. Əlbəttə, var. Ancaq bu maraq həm də cəmiyyətin inkişafına xidmət edir axı. “Təkərli kitab” layihəsini də uğurlu saymaq olar, bəzi yerlərdə müqavimətlə üzləşsə belə… Çünki bu da anlaşılandır, demokratik dəyərlərdən uzaq hakimiyyət kitab oxunmasını, kitabın qapısına qədər gəlməsini, əhalinin savadlı olmasını istəmir, savadsız kütləni idarə etmək daha asandır.
Uzun illərdir ölkəmizdə kitaba qarşı bir “Səlib yürüşü” var sanki. Prezidentin 2004-cü il sərəncamını xatırlayırsınız, yəqin. “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamını deyirəm. Özlüyündə niyyətin saf olduğu görünürdü, ancaq bu sərəncamla ölkə boyu kitabxanalara çox ciddi zərbə vuruldu. Kiril əlifbası ilə çap olunan bütün kitablar yığışdırıldı. O illərdə kənddə öyrəndim ki, kənd və məktəb kitabxanasında bütün kitablar çölə atılıb. Həmin illərdə kənddə qaz da yox idi, kənd camaatı o kitabları evlərinə daşıyıb və… sobada yandırıb.
Əslində, həmin sərəncamın bir məqsədi də arzuolunmaz müəlliflərin kitablarının məhv edilməsi, eyni zamanda büdcədən milyonların çırpışdırılması idi. O vaxt Ramiz Mehdiyev, Fatma Abdullazadə və başqaları “latın qrafikası” əməliyyatından yaxşı qazandılar…
20 il qabaqkı bu kitab məsələsi hardan yada düşdü? Sosial şəbəkələrdən öyrəndim ki, vəkil Elçin Sadıqov siyasi məhbuslarla görüşə gedəndə apardığı kitablar qəbul edilməyib.
Təcridxana rəhbərliyi kitabları geri qaytarıb: siyasi məhbuslara kitab verilməsinə icazə yoxdur. Ancaq bunun hansı qanunda, məcəllədə, qaydada yazıldığını deməyib. Bu da səbəbsiz deyil, çünki heç bir qanunda belə qadağa yoxdur, saxta mandatlı deputatlar belə bu cür qanuna qol qoymayıb…
Bəs kitabların təcridxanaya buraxılmasına, məhbuslara çatdırılmasına qoyulan qadağanın səbəbi nədir? Doğrudanmı ölkədə xeyli qadağan olunmuş kitablar var. Bəs o kitabların siyahısı ilə harda tanış olmaq mümkündür? Bəlkə, polis idarələrinin qarşısına qoyulan “Onları polis axtarır” lövhələrindən təcridxanaların qarşısına da qoysunlar, ancaq burada qadağan olunmuş kitabların siyahısı yerləşdirilsin? Təcridxanalara yolu düşənlər də o siyahıyla tanış olsun ki, daha əziyyət çəkib o kitabları özünə yük eləməsin. Necə olur ki, qadağan olunmuş narkotiklər təcridxanalara yol tapır, ancaq qadağan olunmamış kitablar bu qapılardan geri qaytarılır?
Jurnalist Sevinc Vaqifqızı, Ülvi Həsənli, Nərgiz Absalamova, Hafiz Babalı, Elnarə Qasımova, Əziz Orucov və başqalarına aparılan kitablar onların düşüncəsində, bu hakimiyyətə münasibətdə hansı dəyişikliklər edə bilər ki, təcridxana rəhbərliyi belə qadağa qoyur? Həbsdəki siyasi məhbusların çoxu gənclik yaşını keçib, indiyə qədər xeyli kitablar oxuyub, yəni nə dəyişikliklər olubsa, artıq olub. Bəs qorxu nədəndir? Bu adamlardan bəziləri həbs həyatı da yaşayıb, sutkalığa da düşüb, təzyiqlərlə də üzləşib, ancaq həyata baxışlarında dəyişiklik olmayıb, hansısa kitabın onları dəyişəcəyi də gözlənilən deyil… Adamları dəyişmək çətin məsələdir, yaxşı olar, ya qanunları dəyişin, ya da qanunlara ikili münasibətinizi. Necə olur ki, terrorçular öz ailələri ilə görüntülü danışa bilir, ancaq qanunsuz, saxta ittihamlarla həbs olunan jurnalistlərə bu hüquq aylarla tanınmır?!
Hələlik qüvvədə olan qanunlar saxlanılan şəxslərin tərəfindədir. Bütün hüquqlardan yararlanmaq onların haqqıdır. Onlar istintaq altındadır, təqsirləndirilən şəxslərdir, hələ cinayətkar sayılmırlar (cinayətkarın da hüquqları qanunla qorunur), saxlanılanda da, məhkəmədəki çıxışlarında da heç bir cinayət törətmədiklərini, şərləndiklərini, saxta ittihamla, jurnalist fəaliyyətinə görə tutulduqlarını deyirlər. Saxlanıldıqları Bakı İstintaq Təcridxanasında da bütün hüquqları qorunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində yazılır: “161.1.2. həbs edilmiş şəxs istintaq təcridxanasına gətirildikdən dərhal sonra ona həbsə alındığı və harada saxlanıldığı barədə yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə telefonla və ya digər vasitələrlə məlumat vermək imkanını yaratmaq…” təcridxana rəhbərliyinin vəzifəsidir. Təcridxana rəhbərliyi bu vəzifəsini yerinə yetiribmi? Yox, aylarla onlara nə telefonla danışmaq, nə də ailələri ilə görüşmək imkanı verilib. İndi kitab da vermək istəmirlər…
Arzu edək ki, Şahbaz bəyin “Təkərli kitab dükanı” Bakı İstintaq Təcridxanasına, ölkə boyu səpələnən türmələrin həyətinə də gedə bilsin… Kitabdan qorxmayın…