“Qızıl nar” bu dəfə də sahiblərini tapıb

Fehruz Şamıyev. Fotolar: Gənc Kinematoqrafçılar Mərkəzi.

Bakı Beynəlxalq Qısa Filmlər Festivalının qalibləri elan olunub

14-cü Bakı Beynəlxalq Qısa Filmlər Festivalının (BBQFF) bağlanışı və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

BBQFF-nin direktoru, Gənc Kinematoqrafçılar Mərkəzinin sədri Fehruz Şamıyev çıxış edərək qalibləri təbrik edib, onlara yeni uğurlar arzulayıb.

Sonra qaliblər elan olunub.

Festivalın “Qızıl nar” mükafatı, həmçinin xüsusi mükafatlar və diplomları sahiblərinə təqdim edilib.

Ümumilikdə 3-ü beynəlxalq, 2-si yerli olmaqla 5 film festivalın baş mükafatına – “Qızıl nar”a layiq görülüb.

Bildirilib ki, müsabiqənin beynəlxalq kateqoriyası üzrə rejissorlar Patrisio Martines və Fransisko Kantonun (Argentina) “Heç biri” filmi “Ən yaxşı bədii film” nominasiyasında qalib olub.

“Ən yaxşı sənədli film” nominasiyası üzrə Nikita Lovetskinin (Qırğızıstan) “Qalina Petrovna”, “Ən yaxşı animasiya filmi” üzrə Vuk Palibrk və Tanja Brzakoviçin (Serbiya) “Fabuladakı canavar” filmləri qalib olublar.

“Ən yaxşı bədii film rejissoru” nominasiyasında “Rəfiqəm” filmi ilə Kövsər Yunis (Misir), “Ən yaxşı sənədli film rejissoru” üzrə “Üç bacı” filmi ilə İman Behruzi (İran), “Ən yaxşı animasiya filmi rejissoru” nominasiyasında isə “Cadugər-pəri” ekran işi ilə Sedrik Ayqat, Devid ven de Ueyer (Belçika-Bolqarıstan) birinci olublar.

“Ən yaxşı ssenari” nominasiyasında Yan Buynovskinin (Polşa) “Şeytan”, “Ən yaxşı montaj” üzrə Andrea Slaviçekin (Xorvatiya-İspaniya) “Dava haqqında əsl həqiqət” filmləri qalib gəliblər.

Rejissor Manuel Omontenin (İspaniya) “Teruel ətrafında” filmi “münsiflər heyətinin xüsusi mükafatı”, Nəzrin Ağamalıyevanın (Azərbaycan) “Hədis”, Bahau Liunun (Çin-ABŞ) “Raket start meydançasında olanda”, Evrim İncinin (Türkiyə) “Divar”, Ayal Adamovun (Rusiya) “Aykuo”, Aycan Qasımbəyin (Qazaxıstan) “Bir az sevgi” filmləri isə “münsiflər heyətinin xüsusi qeydi” mükafatlarına layiq görülüb.

Festivalın “Asiya istedadları” müsabiqəsi üzrə Əlirza Kazımpurun (İran) “Haçalanmış uclar” filmi “Ən yaxşı film” nominasiyasında qalib olub.

“Ən yaxşı rejissor” nominasiyasında “Satıcının bir günü” filmi ilə Erinç Durlanık (Türkiyə), “Ən yaxşı ssenari” üzrə isə Ədalət Ömərovun (Qırğızıstan) “Toy mahnısı” filmi birinci yeri qazanıb.

Yerli müsabiqənin “Ən yaxşı bədii film” nominasiyasında Səməd Ağayevin “Salam, İsa”, “Ən yaxşı sənədli film” üzrə Kürçaylı Məmmədovun “Sabahın xeyir, Sübh anası”, “Ən yaxşı sosial çarx” nominasiyasında Vüsal Həmdullayevin “Xocalı”, “Ən yaxşı tələbə filmi”ndə Məmmədəmin Əlizadənin “Pianist” filmləri qalib olublar.

Elmar Bayramovun “Nəfəs” filmi “Ən yaxşı rejissor”, Şirin Əhmədov, Elmar Fərzəli isə “Qütb ulduzu” filmi ilə “Ən yaxşı ssenari” nominasiyasında qalib adını qazanıblar.

“Cinemobil” nominasiyasında Hüseynağa Aslanovun “Saatsaz” filmi qalib olub.

Türkiyəli rejissor Kasım Ördekin “Birlikdə, tək” filmi “Azərbaycanfilm” kinostudiyasının “Rasim Ocaqov” mükafatına layiq görülüb.

Emil Nəcəfov Azərbaycan Prodüserlər Gildiyasının “Ən yaxşı prodüser” üzrə, Gülay Babayeva isə “Arxa cəbhə” filmi ilə münsiflər heyətinin diplomlarını qazanıblar.

Sonda Səməd Ağayevin “Qızıl nar”a layiq görülmüş “Salam, İsa” filmi nümayiş olunub.

Festival noyabrın 10-dan 15-dək keçirilib.

Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festivalın rəsmi tərəfdaşı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Kino Agentliyidir.

Ana səhifəMədəniyyət“Qızıl nar” bu dəfə də sahiblərini tapıb