Qız qaçırma, yoxsa adam oğurluğu?

Milli Məclisdə deputat işləyən Siyavuş Novruzov təklif edib ki, qız qaçırma adam oğurluğu sayılmasın

Source:

Milli Məclisdə deputat işləyən Siyavuş Novruzov təklif edib ki, qız qaçırma adam oğurluğu sayılmasın. Bu əməlin dekriminallaşdırılması, yoxsa daha az cəzaya layiq bilinməsi barədə aydın bir söz deməyib, amma hüquqi cəhətdən savadsız ifadə işlədib. Bildirib ki, öz razılığı ilə qaçırılmış qızlara görə adam oğurluğu cinayəti ilə eyni cəza verilməsi düzgün deyil. İkinci iş yeri kimi hüquq elmləri doktoru işləyən Siyavuş müəllim bilmir ki, öz razılığı ilə qaçmağa görə bizim Cinayət Məcəlləmiz onsuz da cəza nəzərdə tutmur. Hətta bu məsələ praktikada da o qədər işləyir ki, zorla qaçırılmış qızları məcbur edirlər ki, öz razılığı ilə qaçması ilə bağlı ərizə yazsın, nəticədə onun de-fakto və gələcək əri cinayət məsuliyyətindən azad olunsun.

Amma Siyavuş bəyin dediyi məsələni Azərbaycan hüququ yaşayıb. 1960-cı il 8 dekabrda qəbul olunmuş Azərbaycan SSR Cinayət Məcəlləsinin 129-cu maddəsi “Qadını evlənmək məqsədilə oğurlama” adlanırdı. Bu əmələ görə 3 ilədək, ağırlaşdırılmış halda isə – eyni əməl yetkinlik yaşına çatmayana qarşı tətbiq edildikdə 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdu. Müqayisə üçün deyim ki, hazırda eyni əməlin tövsif olunduğu 1999-cu il 30 dekabrda qəbul edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-cü – Adam oğurluğu maddəsinə görə 5-10 il, ağırlaşdırıcı hallarda 8-12 il, xüsusilə ağırlaşdırıcı halda isə 10-15 il müddətinə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Gördüyümüz kimi, adam oğurluğu SSRİ-nin “qız qaçırtma” cinayətindən daha ağır cinayətmiş. İndi qız qaçırtma əməli adam oğurluğundan ayrılsa, daha yüngül cəza ilə cəzalandırılsa, bu, nə qədər ədalətli olacaq? SSRİ niyə bunu eləmişdi? Yəqin formal izah belə olub ki, bu, xalqın adət-ənənəsidir və niyyət xoşdur – ailə qurmaq. Səsləndirilməyən səbəb isə bu idi ki, SSRİ-yə imperiyanın zəbt edilmiş yerli xalqlarının adət-ənənələrinə hörmət görüntüsü yaratmaq və əhalini artırmaq lazım idi.

Bəs həqiqətənmi qız qaçırtma adam oğurluğundan daha az ictimai-təhlükəli əməldir? Adam oğurluğunda niyyət adətən tamah olur. Oğurlayırlar, pul tələb edirlər, sonra ya buraxırlar, ya da öldürürlər. Öldürsələr, bu zaman qəsdən adam öldürmə cinayətinin də tərkibi yaranır. Amma öldürməsələr və digər cinayət törətməsələr, məsuliyyət tamamilə 144-cü maddə ilə əhatə oluna bilər. Qız qaçırmada isə əməlin obyektiv tərəfi adam oğurluğu ilə oxşardır.

Subyektiv tərəf isə fərqlidir. Niyyət qadını zorlamaqdır. O qədər zorlamaqdır ki, qadın könüllü olaraq, müqavimətsiz cinsi əlaqəyə razı olsun. O qədər razı olsun ki, ömrünün sonuna kimi öz təcavüzçüsü ilə yaşasın, ondan uşaqlar doğsun, ona hörmət etsin, tabe olsun və s.

Göründüyü kimi, qız qaçırma cinayətində bir neçə cinayət əməli ehtiva olunub – adam oğurluğu + zorlama + qanunsuz azadlıqdan məhrum etmə. Bütün bu əməllər isə ömürboyu davam edir və ya o qədər davam edir ki, qurban müqaviməti dayandırsın və taleyi ilə barışsın. Beləliklə, qız qaçırma əməlini adam oğurluğu cinayətindən ayırmaq lazımdır, ona ayrıca maddə həsr edilməlidir, amma bu, Siyavuş bəyin nəzərdə tutduğu kimi daha yüngül maddə olmalı deyil, daha ağır, özündə zorlama cinayəti də daxil olmaqla bir neçə cinayət əməlinə görə verilən cəzaları cəmləşdirəcək bir maddə olmalıdır.

Hazırda isə qız qaçırma adam oğurluğu sayılır. Bu əməl adətən qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildiyinə görə 144.2.3, bəzən isə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildiyinə görə 144.3-cü maddələrin təsiri altına düşür, nəticədə müvafiq olaraq, 8-12, 10-15 il müddətinə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Amma praktikada bu maddənin tətbiqində problemlər var. Çünki cinayət işində olan tərəflər, eləcə də hüquq-mühafizə orqanları, məhkəmə əsasən patriarxal düşüncəyə malik insanlardan ibarət olur və onlar üçün zərərçəkmiş qadının hüquqları o qədər də maraqlı deyil. Cinayəti törətmiş şəxs(lər)ə maraqlıdır ki, onlar “bacarıqsız” adam kimi tanınmasınlar, eləcə də məsuliyyətə cəlb olunmadan istəklərinə çatsınlar. Ona görə də çalışırlar ki, bu məsələni “qadının öz istəyi ilə qaçması” kimi rəsmiləşdirsinlər. Qadının qohumları isə, bir qayda olaraq, yalnız o halda qızı geri qaytarmağa çalışırlar ki, qız “təmiz” olsun, yəni zorlanmasın.

Ona görə də qızı qaçıran oğlan (gələcək potensial zorakı ər) qaçırdığı qadını mümkün qədər tez zorlamağa çalışır. Bunun üçün qızın cəmi 1 gecəni oğlanın evində keçirməsi ictimai fikir üçün kifayətdir ki, qızı “ləkələnmiş” hesab etsin. Bəzən 1 gecə qızı evdə saxlaya biləcəyinə inanmayan oğlan elə yoldaca (maşında və ya hansısa yolüstü məntəqədə) qadını zorlayır. Zorlama qız qaçırtma cinayəti üçün həlledici andır. Əgər zorlama olubsa, işdə iştirak edən şəxslərin adətən hamısının münasibəti dəyişir. Oğlan qadını artıq öz xanımı hesab edir, ona qarşı zorakılıq tətbiq etməkdə özünü haqlı sayır. Qızın atası (və digər kişi qohumları, eləcə də anası) onun təcavüzçüsünə ərə getməsini istəyir və cinayətdən hüquq-mühafizə orqanlarının xəbərinin olmamasına çalışır. Çünki onlara “ləkələnmiş” qız lazım deyil. Qızın özü isə “ləkələnmiş” vəziyyətdə istənməyən yerə – ata evinə qayıtmaq, el arasında biabır olmaq, bir daha ərə getməmək taleyini yaşamamaq, “bakirə olmayan subay” kimi potensial seks obyekti statusunu qazanmamaq üçün çar-naçar təcavüzçüsünə ərə getməyə razılaşır.

Korrupsiyalaşmış rejimdə isə hüquq-mühafizə orqanlarına və məhkəmyə maraqlıdır ki, qadının hüquqlarını qoruyan qanunvericiliklə qadının hüquqlarını pozmağa meylli olan cinayət işi iştirakçıları arasındakı dilemmadan istifadə edib pul qazansınlar. Ona görə də qız özünün könüllü qaçması ilə bağlı ərizəni yazandan sonra da gərək tərəflər (qız evi və oğlan evi) polisə, prokurorluğa, hakim(lər)ə öz statuslarına müvafiq rüşvət versinlər ki, “söhbət bağlansın”.

Maddənin praktikası acınacaqlı vəziyyətdə olduğuna görə, qız qaçırma əməlinin daha ağır cəza ilə cəzalandırılması lazımdır ki, müvafiq surətdə buna görə tələb olunan rüşvət də artacaq və nəticədə bu kimi əməllərin sayı azalacaq. Təəssüf ki, absurd Azərbaycan reallığında hüquq ancaq belə işləyir.



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəQız qaçırma, yoxsa adam oğurluğu?