Qiyas və Həsən İbrahimovların kassasiya şikayəti təmin edilmədi

Şikayətə təqsirləndirilən şəxslərin iştirakı olmadan baxılıb

Source:
Qiyas və Həsən İbrahimovlar
Qiyas və Həsən İbrahimovlar


Şikayətə təqsirləndirilən şəxslərin iştirakı olmadan baxılıb

Oktyabrın 10-da Ali Məhkəmədə sabiq prezident Heydər Əliyevin heykəlinə şüar yazdıqdan bir gün sonra həbs edilib 10 il azadlıqdan məhrum olunan NİDA Vətəndaş Hərəkatının üzvü Qiyas İbrahimov və atası Həsən İbrahimovun kassasiya şikayətinə baxılıb.

Onlar Cinayət Məcəlləsinin 289-cu (məhkəməyə hörmətsizlik) maddəsilə təqsirli bilinib, Q.İbrahimovun cəzasının daha 3 ay artırılması, atasının isə aylıq qazancından 20 faiz tutulmaqla, 1 il 6 ay islah işlərinə məhkum edilməsi məsələsindən şikayət ediblər. 2017-ci il dekabrın 19-da Yasamal Rayon Məhkəməsində çıxarılmış bu hökmü Bakı Apelyasiya Məhkəməsi qüvvədə saxlayıb.

Ali Məhkəmədə şikayətə Q.İbrahimov və atasının iştirakı olmadan baxılıb. Onların hər ikisinin hüquqlarını müdafiə edən vəkil Elçin Sadıqov deyib ki, həm Yasamal Rayon Məhkəməsinin hökmünün, həm də onu qüvvədə saxlayan Bakı Apelyasiya Məhkəməsinin qərarı əsassızdır. Vəkil bildirib ki, 2017-ci ilin iyununda Apelyasiya Məhkəməsində Q.İbrahimovun 10 il azadlıqdan məhrum edilməsinə dair hökmdən verilən şikayətə baxılarkən hakimlərə qarşı hörmətsizlik olmayıb. Qiyas da, atası da ifadə azadlığından istifadə edərək, iradlarını bildiriblər. Onların dedikləri də təhqiramiz ifadələr olmayıb. Vəkil müvəkkilləri haqqında cinayət işinə xitam verilməsini istəyib.

Prokuror bildirib ki, kassasiya şikayəti əsassızdır, qərar qüvvədə saxlanmalıdır.

Hakim Əli Seyfəliyev kassasiya şikayətinin təmin olunmadığını elan edib.

Q.İbrahimov 2015-ci il mayın 10-dan həbsdədir. O, Cinayət Məcəlləsinin 234.4.3 (külli miqdarda narkotik saxlama) maddəsilə 10 il azadlıqdan məhrum edilib.

Bakı Apelyasiya Məhkəməsində bu hökmdən şikayətə baxılarkən Qiyas və Həsən İbrahimovlar hakimlər Vüqar Məmmədov, Əmir Bayramov və Əflatun Qasımova etiraz ediblər. Bu, məhkəməyə hörmətsizlik kimi qiymətləndirilib və onların haqaında cinayət işi başlanıb.

“Amnesty International” beynəlxalq insan haqları təşkilatı Q.İbrahimovu və onunla birlikdə heykələ şüar yazıb, ardınca da narkotik ittihamıyla həbs edilən Bayram Məmmədovu vicdan məhbusu elan edib.

Ana səhifəXəbərlərQiyas və Həsən İbrahimovların kassasiya şikayəti təmin edilmədi