“QHT işi”: Nərgiz Muxtarovaya ittiham aktı elan olunub, o özünü təqsirli bilməyib

Nərgiz Muxtarova. Foto: Əkinçi

Bu gün, oktyabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində “QHT işi” üzrə təqsirləndirilən Nərgiz Muxtarovanın növbəti məhkəməsi keçirilib.

Prosesə hakim Leyla Əsgərova-Məmmədova sədrlik edib. 

Məhkəmədə dövlət ittihamçısı ittiham aktını elan edib.

"QHT işi" üzrə həbslər 2025-ci ilin martından başlayıb. Həmin vaxt Vətəndaş Hüquqları İnstitutunun rəhbəri B.Süleymanlı, Seçki Müşahidə Alyansının icraçı direktoru Məmməd Alpay (Məmmədzadə) həbs olunub.  Apreldə daha üç nəfər - ictimai fəal Asəf Əhmədov, sosial işçi Zamin Zəki və Əhməd Məmmədzadə haqqında da eyni qərar verilib.Qalib Bayramov və Nərgiz Muxtarova barəsində polisin nəzarəti altına vermə tədbiri seçilib.

QHT-lərlə bağlı cinayət işi üzrə istintaqa 100-dən artıq şəxs cəlb olunub. Onların arasında qrant vermiş beynəlxalq donor təşkilatların Azərbaycandakı nümayəndəliklərinin əməkdaşları da var. Bundan əlavə, hökumətyönlü QHT rəhbərlərindən bir neçəsinin də istintaqa cəlb edilənlər sırasında olduğu bildirilir.İstintaq dövrü üçün vətəndaş cəmiyyətinin xeyli sayda fəalı haqqında həbsə alternativ qətimkan tədbiri seçilib. Bunların sırasında "Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənov, ABŞ-nin Alman Marşall Fondunun (GMF) Azərbaycan üzrə məsləhətçisi olmuş Mehriban Rəhimli və başqaları var.

Adları çəkilən şəxslərlə yanaşı, Sosial Hüquqlar Mərkəzinin hazırda ölkədən kənarda olan rəhbəri Sübhan Həsənli və ictimai fəal Aytac Ağazadə haqqında bu cinayət işi üzrə həbsli axtarış qərarı verilib.

İttihama görə, Nərgiz Muxtarova vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif layihələrlə bağlı sənədləri saxtalaşdırıb. O, “Rasional İnkişaf Uğrunda” Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl və digər şəxslərlə birlikdə ABŞ-də yerləşən müxtəlif fondlardan ümumilikdə 150 min manatdan çox məbləğdə vəsait əldə edib və həmin pulu leqallaşdırmaqda ittiham olunur.

Məhkəmədə ifadə verən Nərgiz Muxtarova elan olunan ittiham üzrə özünü təqsirli bilmədiyini bildirib. O, barəsində irəli sürülən iddialarla razılaşmadığını və bu ittihamların əsassız olduğunu deyib.

Növbəti məhkəmə prosesi dekabrın 15-nə təyin olunub.

Ana səhifəSiyasət“QHT işi”: Nərgiz Muxtarovaya ittiham aktı elan olunub, o özünü təqsirli bilməyib