Hökumət suallara cavab vermək əvəzinə yenə doğru olmayan məlumatlar verir, ya özlərini, ya da xalqı aldadırlar
Son zamanlar ölkə başçısı və hökumət nümayəndələri tez-tez ölkəmizdə qeyri-neft sektorunun sürətlə inkişaf etməsindən, ÜDM-də, xarici ticarətdə, ixracda qeyri-neft sektorunun payının artmasından danışırlar. Təbii ki, ölkənin gələcəyi məhz real sektorun inkişaf etməsi ilə bağlıdır, amma rəsmi rəqəmlər göstərir ki, bu sahədə ciddi problemlər var, söylənilən fikirlər, yumşaq desək, həqiqəti əks etdirmir.
Rəsmi məlumata görə, 2016-cı ilin yanvar-aprel aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 16 mlrd. 867,9 mln. manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,5% az ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Azalmanın əsas səbəbi tikinti və nəqliyyat sektorlarında məhsul və xidmətlər istehsalının müvafiq olaraq 35,5% və 14,2% azalması olub.
Rəsmi rəqəmlər də sübut edir ki, uzun illər Azərbaycanda qeyri-neft sektorunun lokomotivi olan tikinti sektorunda azalma 35,5% təşkil edib, dolayısı ilə, bu sektor da “neft sektorudur” – yəni, neft pulları azaldı, xərcləmələr azaldı, layihələr dayandı və buna uyğun olaraq da tikinti sektoru çökdü.
Gəlin, qeyri-neft sektorunun ixracatda oynadığı rola və dinamikaya nəzər salaq:
Bu cədvəldə 2015-ci ilin ilk 4 ayı ilə, 2016-cı ilin ilk 4 ayı müqayisə edilib.
Qeyri-neft sektoruna aid olan məhsulların rəsmi rəqəmlərə görə keçən ilə nisbətən necə azaldığını özünüz görürsünüz: 1) Çay ixracatı 2015-ci ilin ilk 4 ayında 5,9 mln. dollar olub, bu ilin ilk 4 ayında cəmi 2,3 mln. dollar təşkil edib – azalma 3,6 mln. dollar təşkil edir, 2) Bitki və heyvan mənşəli yağlar keçən ilin ilk 4 ayında 48,3 mln. dollarlıq ixrac edilmişdi, bu ilin ilk 4 ayında bu rəqəm 4,7 mln dollara düşüb – azalma 43,6 mln dollardır, 3) 2015-ci ilin ilk 4 ayında 6,96 mln. dollarlıq spirtli və spirtsiz içkilər ixrac etmişdik, bu ilin ilk 4 ayında bu rəqəm 5,74 mln. dollara düşüb – azalma 1,22 mln. dollardır, 4) Ən maraqlı məsələ “digər” məhsullar adı ilə ixrac olunan mallarda müşahidə olunur, 2015-ci ilin ilk 4 ayında bu kateqoriyaya daxil olan 308 mln dollarlıq məhsul ixrac edilmişdirsə, bu ilin ilk 4 ayında bu rəqəm 133,7 mln. dollara düşüb – azalma 174,3 mln. dollar təşkil edir.
Yeganə artım meyvə-tərəzəv ixracatındadır ki, bu da Türkiyə-Rusiya əlaqələrinin pisləşməsinə görədir.
Rəsmi rəqəmlər sübut edir ki, keçən ilə nisbətən bu il qeyri-neft sektorunun ixracatında ciddi azalmalar var. O zaman sual olunur, qeyri-neft sektoruna dövlət büdcəsindən yüzmilyonlarla ayrılan vəsaitin xeyri nə oldu? Regionların inkişaf proqramlarına xərclənən yüzmilyonlar nə effekt verdi? Hökumət bu suallara cavab vermək əvəzinə yenə doğru olmayan məlumatlar verir, ya özlərini, ya da xalqı aldadırlar. İqtisadiyyat elmdir, öz qaydaları-qanunları var, hər hansı bir islahatın ilk addımı isə doğru-dürüst statistik məlumatlardır ki, düzgün diaqnoz qoyula bilsin. Hökumətin rəqəmlərlə “rəqs etməsi” isə ölkədə ciddi addımların, islahatların atılmasını ləngidir, bu da öz növbəsində daha ciddi fəsadlara yol açır. Bəlkə bu “rəqsi” dayandırıb, problemləri görüb addımlar atasınız?! Yoxsa elə ölkəni “rəqs edərək” uçuruma aparmaq fikriniz var?! Ayılın, cənablar, ayılın…