“Qasid” fəaliyyətini dayandırır

Borcunu ala bilməyən qəzetlər hələ gözləyirlər

Source:


Borcunu ala bilməyən qəzetlər hələ gözləyirlər

“ ‘Qasid’ hələ ki, fəaliyyət göstərir, amma ola bilsin ki, bu yaxınlarda işimizi tamam dayandıraq”.

Bu sözləri Meydan Tv-yə açıqlamasında “Qasid” MMC-nin rəhbəri, millət vəkili Mirkazım Kazımov deyib. M.Kazımıvun sözlərinə görə, “Qasid” artıq pərakəndə satışını dayandırıb: “Lakin abunə xidmətimiz yerində qalıb. Artıq pərakəndə satışın yığışdırılması ilə bağlı bizimlə işləyən bir neçə qəzetə məlumat vermişik ki, bizə qəzet verməsinlər”.

MMC rəhbəri qəzetlərə olan borclarından da danışıb: “Demək olar ki, çalışdığımız bütün  qəzetlərə borcumuz var. Bu borclar da, əsasən, köşklərin yığışdırılmasından sonra yarandı. İndi bəzi işçilərimizi də ixtisar etməli olduq. Bunun nəticəsində borclarımızı qaytaracağıq”.

“Qasid”in borclu olduğu qəzet rəhbərlərinin məsələyə münasibəti maraq doğurur.

“Azadlıq” qəzetinin redaktoru Rahim Hacıyevin söylədiyinə görə, “Qasid”din bağlanması ilə bağlı  onlara konkret xəbərdarlıq olunmayıb: “Sonuncu dəfə bu həftə bizə pul verə bilməyəcəklərini açıqlayıblar. Son vaxtlar deyirdilər ki, fəaliyyətimiz dayana bilər. Amma birmənalı şəkildə belə bir məlumat bildirməyiblər. Biz borcumuzu tələb etməyə davam edəcəyik. Təəssüflər olsun ki, bu vaxta qədərki səylərimiz heç bir nəticə verməyib. Bu, ilk növbədə, “Azadlıq” qəzetinə qarşı  aparılan siyasətlə bağlıdır. Elə bir vəziyyət yaradıldı ki, “Qasid” firması bizə çox böyük miqdarda borclu qaldı və hətta borcumuzu qaytarmaq imkanları olduğu vaxtda belə, onlar qəzetimizin satışı üçün almalı olduğumuz vəsaiti vermədilər”.

R.Haciyev deyir ki, bu vaxta qədər “Azadlıq”dan başqa “Qasid”in borclu olduğu digər qəzetlər borclarını tələb etməkdə maraqlı olmayıblar: ”Məsələ burasındadır ki, “Azadlıq”dan başqa heç bir qəzetin  “Qasid”lə konfliktinin şahidi olmamışıq. Biz dəfələrlə etiraz aksiyaları keçirmişik. Yəqin ki, başqalarının çox ciddi bir narahatlığı olsa idi, onlar da aksiya keçirərdilər. Sadəcə olaraq, bəlli oldu ki, başlıca problem elə “Azadlıq” qəzeti ilə bağlıdır”.

Bu həftə


fəaliyyətini dayandıran “Komanda” qəzetinin


baş redaktoru Rəşad Ergün də MMC-nin bağlanmasından xəbərsiz olduğunu deyir: “Bu xəbəri sizdən eşidirəm. “Qasid”in bizə dörd aylıq borcu var. Mənə bildiriblər ki, borcumuzu avqustun sonunda ödəyəcəklər. Əgər bu vaxtdan sonra borcumuz ödənməsə, hər hansı bir tədbir görmək haqda düşünəcəyik”.

“Yeni müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu  isə “Qasid”in borcları qaytarmamasına  ilk etiraz edənin onların kollektivinin olduğunu deyir: “Bizə bu barədə rəsmi  heç bir məlumat verilməyib. Sadəcə iki həftədir ki, biz “Qasid”dən  pul ala bilmirik. Əvvəllər heç olmasa, cüzi də olsa, pul alırdıq.  İndi isə çox kobud şəkildə bizə ifadə ediblər ki, pulumuzu verməyəcəklər. Bu qərara etiraza gəlincə, “Qasid”ə qarşı aksiyaları ilk dəfə  biz başlatmışıq, üç dəfə aksiya keçirmişik. Bunlardan ikisi “Azadlıq” qəzeti ilə birgə keçirilib. Bu aksiyaların heç bir nəticəsi olmadığını görüb, biz sadəcə “Qasid”ə verdiyimiz tirajımızı aşağı salmışıq. Bunun nəticəsində onların bizə borcu daha azdır. “Azadlıq” qəzeti isə 3 ildir ki, tirajı necə verirdisə, elə də davam edir. Sadəcə olaraq bizim hər dəfə gedib “Qasid”in qarşısında artistlik edib, aksiya keçirməyimizin heç bir mənası yoxdur deyə, biz bunu etmirik. Çalışırıq ki, həftədə az da olsa, məbləğ ala bilək. Onu da ala bilməsək, tirajı tam dayandıracağıq. Məhkəmə mərhələsi də olacaq. Çalışacağıq ki, borcumuzu tam şəkildə alaq”.

Ana səhifəXəbərlər“Qasid” fəaliyyətini dayandırır