Qarabağın bərpası üçün ayrılmış 6,5 milyard: 1.4 milyardın mənbəyi nədir?

Mənbə: Fed.az

Rövşən Ağayev deyir ki, il ərzində funksional bölmələr üzrə 1.4 mlrd. manatdan artıq vəsaitə qənaət olunub

İşğaldan azad edilən ərazilərin bərpasına iki il ərzində dövlət büdcəsindən 6,5 milyard manat ayrılıb

Maliyyə naziri Samir Şərifov 2022-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclasında deyib.

Xəbəri APA yayıb.

Nazir bildirib ki, işğaldan azad edilmiş ərazilərin yenidənqurma və bərpanın ikinci ilində bərpa üçün 2022-ci ilin dövlət büdcəsindən cəm olaraq 4 milyard 315 milyon manat ayrılıb.

Bu məqsədlər üçün ilkin proqnozlaşdırılan 2 milyard 670 milyon manat vəsait 60 faizdən yuxarı artırılıb: “Bu, ötən ilin dövlət büdcəsindəki vəsaitlərin çevik idarəedilməsi hesabına mümkün olub. Ümumilikdə, iki il ərzində işğaldan azad olunmuş ərazilərin təkcə bərpa və yenidənqurulması işləri üçün dövlət büdcəsindən 6,5 milyard manat vəsait maliyyələşdirilib”.

“Nazirin dediyi 4.315 mlrd. manat büdcənin təxminən 14 faizinə bərabərdir”, – iqtisadçı Rövşən Ağayev belə deyir.

Onun sözlərinə görə, Qarabağda aparılan bərpa işləri üçün proqnozda nəzərdə tutulan 2.670 mlrd. manata qarşı faktiki olaraq 61 faiz çox – 4.315 mlrd. manat xərclənib.

Büdcənin faktiki cəmi xərcləri (32.3 mlrd. manat) proqnozdan cəmi 240 mln. manat çox olub.

Bu halda sual yaranır ki, əgər ümumi faktiki xərcləmələr proqnozdan 240 mln. manat çox oluğu halda, ərazilərin bərpası üçün əlavə 1.4 mlrd. manatın mənbəyi nədir?

“Təbii ki, qənaət. İl ərzində funksional bölmələr üzrə 1.4 mlrd. manatdan artıq vəsaitə qənaət olunub və “Büdcə sistemi haqqında” Qanunun 19.6-cı maddəsinə əsasən, dövlət büdcəsinin ehtiyat fondu vasitəsilə Qarabağda bərpa layihələrinə yönəldilib. Nəticədə ehtiyat fondları üçün təsdiqlənən məbləğ faktiki icra mərhələsində 3 dəfədən çox artıb və 1.975 mlrd. manata çatıb”, – deyə iqtisadçı bildirib.

İqtisadçı deyir ki, qənaətin ayrı-ayrı funksional bölmələr üzrə məbləği belədir:

– Səhiyyə xərcləri üzrə – 291 mln. manat;
– Sosial müdafiə xərcləri üzrə 265 mln. manat;
– Ümumdövlət xidməti xərcləri üzrə 256 mln. manat;
– Təhsil üzrə 190 mln. manat, müdafiə üzrə 189 mln. manat;
– Məhkəmə və hüquq-mühafizə üzrə 115 mln. manat.

Rövşən Ağayev bildirib ki, real büdcə islahatlarının baş verdiyi, xüsusən nəticə əsaslı proqram büdcəyə keçidin tam təmin edildiyi, BVF-nin maliyyə statistikasına uyğun funksional təsnifatın tətbiq edildiyi şəraitdə maliyyə ili içərisində büdcə xərclərinin strukturunda bu cür kəskin dəyişiklər etmək imkanı xeyli dərəcədə məhdud olur”.

İqtisadçı bu səbəbdən rəsmi bəyanatlara, hətta bu istiqamətdə müəyyən real addımlara baxmayaraq, yaxın illərdə Azərbaycanda nəticə əsaslı proqram büdcə sisteminin yaradılması baxımından çox bədbindir.

Ana səhifəXəbərlərQarabağın bərpası üçün ayrılmış 6,5 milyard: 1.4 milyardın mənbəyi nədir?